Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:41

«Başlanmayan bir prosesin bitməsini anlamadım»


Elman Rüstəmov
Elman Rüstəmov

-

Mərkəzi Bankın (MB) İdarə Heyətinin sədri Elman Rüstəmov bank sektorunda konsolidasiyanın – birləşmənin başa çatdığını bildirib.

O, prosesin bitməsini belə əsaslandırıb: «Altı bankın lisenziyası ləğv olunub. Zəif banklar sistemdən uzaqlaşdırılıb. Bunun nəticəsində bank sektoru daha dayanıqlı olub. «AGBank» da kapitallaşma ilə bağlı problemini həll etmək üzrədir. Güman edirəm ki, indiki mərhələdə konsolidasiya prosesini yekunlaşdırmışıq».

«Bankların konsolidasiyası» anlayışı maliyyə bazarındakı bir neçə bankın birləşməsi mənasına gəlir. Özəlliklə 2-ci devalvasiyadan sonra (21 dekabr 2015-ci il) bu məsələ daha da aktuallaşsa da, indiyədək hər hansı birləşmə gerçəkləşməyib. E.Rüstəmovun açıqlamasından o nəticə çıxır ki, MB «bankların birləşməsi» deyərkən, onların ləğvini nəzərdə tutur.

MB SƏDRİ 5-7 BANKIN BİRLƏŞƏCƏYİNİ SÖYLƏMİŞDİ

Düzdür, bu ilin yanvarında E.Rüstəmov konsolidasiyadan söz açarkən, 5-7 bankın birləşəcəyini demişdi. Baş bankir daha sonra - fevralda bir neçə banka birləşmək üçün bir ay vaxt verildiyini dilə gətirmişdi. Ancaq bunlar söz olaraq qalıb və heç bir birləşmə baş verməyib.

«DEYƏSƏN, ELMAN MÜƏLLİM BAŞINI TAM İTİRİB!»

Bank məsələləri eksperti Əkrəm Həsənov da deyir ki, konsolidasiya bankların birləşməsi deməkdir: «Hələlik, heç bir bank birləşməyib və bu prosesə, rəsmi olaraq, heç başlanmayıb da. Birləşməyə dair səhmdarların ümumi yığıncağı barədə elan da verilməyib mətbuatda. Başlanmayan bir prosesin bitməsini anlamadım. Deyəsən, Elman müəllim başını tam itirib!».

«BANKLARIN ARD-ARDA BAĞLANMASI TƏŞVİŞ DOĞURDU»

İqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan iqtisadiyyatına 15-20 bankın yetərli olması haqqında E.Rüstəmovun fikrini yada salır: «Ancaq cəmi 6-7 bank bağlandı və proses dayandı. Çünki bankların ard-arda bağlanması təşviş doğurdu və əhali banklardakı əmanətini geri çəkməyə başladı».

Ekspertin fikrincə, MB bankların bağlanmasını buna görə dayandırdı: «Problemli banklar hələ də var».

XS
SM
MD
LG