Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:16

Azərbaycanda problemli bankların idarə olunması, vaxtı keçmiş kreditlərin restrukturizasiyası ilə bağlı qanun layihəsi hazırlanıb. Bu haqda Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Restrukturizasiya nədir?

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, vaxtı keçmiş kreditlərin restrukturizasiyası müştərilərlə yenidən müqavilə bağlanması deməkdir:

“Bundan ötrü də mənbə lazımdır. Amma Azərbaycanda mənbə yoxdur, axı. Xaricdə restrukturizasiya dedikdə banklar və borclular başqa kredit imkanlarına çıxış əldə edirlər, bu yolla da borclarını ertələyirlər. Yəni ya vaxtı uzadır, ya faizini aşağı salırlar, bunun üçün də yeni müqavilə bağlanır. Amma Azərbaycanda belə bir imkan yoxdur”, – ekspert belə söyləyir.

Buna da bax:​ Deputat: 'Problemli kreditlərin səbəbi təkcə neftin ucuzlaşması deyil...'

Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda banklarla vətəndaş arasında müqavilə elə bağlanıb ki, bütün yük müştərinin üzərindədir. “Yaxşı, tutalım, vətəndaş müraciət edib müqaviləni yeniləmək istəsə, hansı restrukturizasiyaya, hansı güzəştlərə gedəcəklər?”, – o sual edir.

Vahid Əhmədov: “Məsuliyyət dörd qurum arasında bölünməlidir”

Bir qədər əvvəl həmkarı Əli Məsimliylə birgə hökumətə problemli kreditlərlə bağlı təkliflərini verən deputat Vahid Əhmədov AzadlıqRadiosu-nun bu yöndə suallarını cavablandırıb.

– Vahid müəllim, bu layihədə problemli kreditlərə də toxunulur. Bu, sizin hökumətdən gözlədiyiniz təklifdirmi?

– Mən bilmirəm, o nə qanun layihəsidir. Mətbuatdan oxudum, o kreditlərlə, ya başqa şeylə bağlıdır, deyə bilmərəm. Amma hələlik, belə bir qanun layihəsi bizə daxil olmayıb. Ola bilər, kredit bazarının tənzimlənməsinə ehtiyac var. Amma bizdə maliyyə bazarının normal fəaliyyət göstərə bilməsi üçün yetərincə qanun var. Biz bu məqsədlə banklarla, Mərkəzi Bankla əlaqədar bəzi qanunlara dəyişiklik də etmişik. Amma ola bilsin, son zamanlar kredit borclarının artması, müştərilərlə banklar arasında problemlər yaranmasına görə yeni layihə hazırlanıb. Bizdə bu haqda məlumat yoxdur.

Buna da bax: Ə.Həsənov: 'Kredit qaytarmaq daha da çətinləşəcək'

– Sizcə, vaxtı keçmiş kreditlərin restrukturizasiyası çıxış yolu sayıla bilərmi?

– Biz bununla bağlı təkliflərimizi hökumətə vermişik. Hökumət qurumları guya 4 aydan artıqdır onun üzərində işləyirlər, ancaq hələlik, nəticə yoxdur. Biz borclara görə məsuliyyətin dörd tərəf arasında – hakimiyyət, Mərkəzi Bank, banklar və əhali arasında bölünməsini təklif etmişdik. Həmin kreditlərin ödənilməsi mexanizmini də göstərmişik.

– Bəs indiki təklif əhaliyə nə qədər uyğundur?

– Mən deyə bilmərəm uyğundur, ya yox. Amma indi nə variant edirlər etsinlər, əhali ilə banklar arasında münasibətlər düzəlməlidir. Banklar əhaliyə yalvarmalıdır ki, “gəlin kreditinizi ödəyin, ya kredit götürün”, əhali banklara yalvarmalı deyil. Yəni bu bank sistemi özü kökündən dəyişməlidir, sağlamlaşdırılmalıdır. Bununla bağlı prezidentin göstərişi də var.

Millət vəkillərinin hökumətə kreditlərin köhnə kursla qaytarılmasını təklif ediblər.

Buna da bax: ​Vaxtı keçmiş kreditlər artır

“Hər bir halda bu, çıxış yolu deyil”

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov belə deyir. Ekspert bu yanaşmanın yanlış olduğunu düşünür. O hesab edir ki, vətəndaş banka aylıq ödəniş edə bilmirsə, deməli, ya onun aylıq gəliri yoxdur, ya da bu onun gəliri yaşayışına bəs etmir, “bu halda kredit borcunun aylıq ödənişinin azaldılması, ya da vaxtının uzadılması çıxış yolu sayıla bilməz”.

Əkrəm Həsənovun sözlərinə görə, qanunda dəqiq göstərilib ki, müştərinin ödəniş qabiliyyəti varsa, borc ödənilməlidir, borcu ödəyə bilmirsə, borc bağlanmalıdır. Amma bu, nədənsə, unudulur: “Halbuki banklar özləri müflis olanda əhalinin sığortalanmayan əmanətləri qaytarılmır, batır, deyirlər ki, pul yoxdur. Bank sahibləri, faktiki, o pulları necə gəldi, kimə gəldi veriblər, sonda da əmanətçi o pulu itirir, amma vətəndaş bankdan aldığı pulu qaytara bilmirsə, ona güzəşt edilmir. Bununla da Azərbaycanı orta əsr dövləti kimi göstərirlər. Yəni borclunun canı çıxıb aylıq az miqdarda da olsa krediti qaytarmalıdır”.

Buna da bax:​ Problemli kreditlər:Dövlət yaxasını kənaramı çəkir?

Əkrəm Həsənov da bir qədər öncə Maliyyə Bazarlarına Nəzarət Palatasına vətəndaşların müflis olması haqda qanun layihəsi hazırlamağı təklif edib. Təklif cavabsız qalıb.

Ötən il manatın iki dəfə devalvasiyasından sonra müştərilər banklara borclarını ödəyə bilmirlər. Azərbaycanda problemli kreditlərin 1 milyard 500 milyon manatı keçdiyi bildirilir. Beynəlxalq maliyyə qurumları bu məbləğin ilin sonuna kimi artacağını proqnozlaşdırırlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG