Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:10

►DİN: “Ev, mənzil oğurluqları həmişə olur. Əsas odur ki, bu cinayətlərin açılması təmin edilir, zərərçəkmişlərə dəyən zərər ödənilir”

“Bankda 35 min dollarım var. Depozitə qoymuşam, müddəti bitdi ötən ay. Amma hələ də bankda saxlamışam, bilmirəm nə edim. Çıxartmaq istəyirəm. Birdən sabah həmin bank da müflis olsa, ya sabah mənə desələr ki, “dollarımız yoxdu, manatla veririk pulunu”, manatın da dəyəri qəpik-quruş olsa?”

Şərti Nazilə Ağayeva adlandırdığımız, özəl tibb klinikalarından birində həkim çalışan müsahibimizin yuxusu günlərdir ərşə çəkilib:

“O pulu işimlə, əziyyətimlə qazanmışam, itirmək istəmirəm. Evimə də gətirmək istəmirəm, qorxuram, ailəm yaşadığım məhəllədə imkanlı kimi tanınır. Evə oğru girsə, aparacağı elə qiymətli əşyamız yoxdur ki, narahat olaq. Amma evdə pul olsa, təbii ki, aparacaq. Ona görə indiyə kimi evdə heç vaxt iri məbləğdə pul saxlamamışıq”.

“Xarici ölkədə banka qoydum”

Nazilə Ağayevə əlindəki 35 min dolları hara qoyacağından narahatdır. Digər müsahibimiz, iş adamı Samir Nağıyev (ad şərtidir) pulunu elə ikinci devalvasiyadan sonra bankdan çıxarıb, qonşu ölkələrdən birində banka yerləşdirib.

Kimsə eşidəndə ki, filankəs bankdan pulunu çıxarıb evə gətirib, bu zaman həmin mütəşəkkil cinayətkar dəstələr evlərdə əməliyyat keçirirlər, pulları oğurlayırlar.

O, məbləği və pulu ölkədən necə çıxarması ilə bağlı detalları açıqlamır, yalnız onu deyir ki, bu vəsaiti uşaqlarının gələcək təhsil haqqı üçün yığıb. Əlavə edir ki, biznesi indi davam edir, işləri pis deyil, ancaq sonra necə olacağını bilmədiyindən uşaqları üçün kənara qoyduğu vəsaiti təhlükə altında saxlamaq istəməyib.

Ev oğurluqları artıb?

Manatın devalvasiyasından sonra bir çox müştəri banklardan əmanətini geri götürdü, bəzisi də əlindəki vəsaitini banka qoymaqdan imtina etdi. Bir-iki ay qabaq Mərkəzi Bankın sədri Elman Rüstəmov “əhalinin əksər hissəsi öz pullarını banklarda yox, evdə, yastığın altında saxlayır” söyləmişdi.

Ötən həftə isə parlamentdəki çıxışında YAP-çı deputat Səyavuş Novruzov dedi ki, son vaxtlar evlərin yarılması, pulların oğurlanması halları artıb:

“Kimsə eşidəndə ki, filankəs bankdan pulunu çıxarıb evə gətirib, bu zaman həmin mütəşəkkil cinayətkar dəstələr evlərdə əməliyyat keçirirlər, pulları oğurlayırlar”.

Doğrudanmı evlərdən oğurluq hallarının sayı artıb?

DİN-in kriminal xronikası

Daxili İşlər Nazirliyinin saytının kriminal xronikasında son 10 gündə yüzlərlə cinayət faktı qeydə alınır. Ancaq bu məlumatlar içində mağazalardan, maşınlardan, heyvan təsərrüfatından oğurluq halları ilə bağlı xəbərlərə daha çox rast gəlinir. Hətta bir neçə gündə ölkənin ayrı-ayrı yerlərində “Kamaz” markalı maşının mühərriki oğurlanıb.

Bu məlumatlar içində ev oğurluğu xəbərləri cüzidir, üstəlik, bəzi oğurluqlar zamanı aparılan pulun məbləği elə də böyük deyil. Ancaq o da var ki, DİN gün ərzində qeydə aldığı bütün cinayət faktlarını ictimailəşdirmir.

“Əsas cinayətin üstünün açılmasıdır”

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyir ki, nazirlik əməliyyat-istintaq sirrinə xələl gətirməyən məlumatları ictimaiyyətə açıqlayır. Onun sözlərinə görə, ev oğurluğunun artıb-azalması ilə bağlı məlumatlar əlində olmadığından qəti bir söz deyə bilməyəcək:

“Ev, mənzil oğurluqları həmişə olur, ancaq əsas odur ki, bu cinayətlərin açılması təmin edilir, zərərçəkmişlərə dəyən zərər ödənilir”.

“Evdəki pulun oğurlanma riski daha çoxdur”

Mahmud Hacıyev

Mahmud Hacıyev

Keçmiş polis zabiti Mahmud Hacıyev “oğurluq xofu”nun süni yaradılmadığı fikrindədir.

Ancaq onu da deyir ki, oğurluq insan cəmiyyətinə xas olduğundan bankdakı əmanətlərin evdə saxlanmasının oğurluğu artırdığını birmənalı söyləmək olmaz: “Kriminala insan və cəmiyyət kontekstindən yanaşılmalıdır. Ev oğurluğu həmişə olub, təbii ki, pul evdə saxlananda onun riski daha çox olur, nəinki bankda saxlananda”.

Bankda, evdə saxlamağa qorxuruq, bəs pulu harda saxlayaq?

“Xaricdə bank hesabı və ya daşınmaz əmlak”

İqtisadçı Natiq Cəfərlinin fikrincə, çoxları bunun yolunu artıq tapıb:

“Məlumatlar göstərir ki, qonşu Türkiyədə daşınmaz əmlak alan azərbaycanlıların sayı kütləvi artıb, daşınmaz əmlak alan xaricilər arasında azərbaycanlılar ilk beşliyə düşmək üzrədir”.

Natiq Cəfərlinin sözlərinə görə, daxildə investisiya qoyuluşunun təhlükəli olması qənaəti bir çoxunu xaricə üz tutmağa vadar edib:

“Ya əmlak alırlar, ya da vəsaitlərinin bir hissəsini xaricdə banka qoyurlar. Bunun üçün Türkiyə və Gürcüstanda belə imkanlar var”.

Müsahibimiz əlavə edir ki, əlində az-çox vəsaiti olanlar Türkiyə və ya Gürcüstanda biznes layihələri həyata keçirməyə üstünlük verirlər, çünki bu ölkələrdə maliyyə dayanıqlığı Azərbaycanla müqayisədə daha sabitdir və iqtisadiyyatda inkişaf müşahidə edilir.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

“Bu gün aqrar sahə cəlbedicidir”

Natiq Cəfərli

Natiq Cəfərli

İqtisadçı Azərbaycanda daşınmaz əmlaka vəsait yönəldilməsinin bu gün riskli olduğunu deyir. Onun fikrincə, neft gəlirlərinin azalması fonunda daşınmaz əmlakın ucuzlaşacağı qaçılmazdır və bəzi vətəndaşlar da daşınmaz əmlaka investisiyadan ötrü daha əlverişli zamanı gözləyir.

Bəs əlindəki vəsaiti xaricə çıxarmağı düşünməyib evdə saxlayanlar nə etsin? Bu məbləğiAzərbaycanda hansı ümidverici iqtisadi sahəyə yönəltmək olar?

Natiq Cəfərli kənd təsərrüfatını nişan verir:

“Tanıdığım bir çox adamlar kənd təsərrüfatına, heyvandarlığa maraq göstərməyə başlayıb. Bakıdakı tikinti bumu bitəndən bir çoxları işsiz qalıb. Onlar da məcbur olub geri – regiona dönürlər. Kənddə isə iş görmək üçün əsas sahə aqrar sektordur. Yaxın gələcəkdə bu sahədə canlanma müşahidə edəcəyik. Ancaq yüksək gəlir götürə biləcəklərmi, bunu demək çətindir”.

Müsahibimiz əlavə edir ki, bəzi sıravi şəxslər maldarlıq, əkinçilik üzrə ixracata hesablanan layihələr həyata keçirməyə başlayırlar. “Gərək dövlət də onlara dəstək versin”, - Natiq Cəfərli əlavə edir.

Buna da bax: Bakıda axır çərşənbə tonqalı- [Fotolar]

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG