Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:10

'Mən o arvadlardanam. Evdə də işləyirəm, çöldə də'


Bakıda baha satılan məhsul kəndlərdə çürüyüb gedir

Bakıda baha satılan məhsul kəndlərdə çürüyüb gedir

“Kisələri endir, görək, başımıza nə gəlir...”

İki kişi, bir qadın at arabasına yüklədikləri tərəvəz kisələrini boşaldır. Saatlının kəndlərindən yol qırağında qurulmuş bazara gəliblər. Kisələrdəki bütün yayı min bir əziyyətlə əkib becərdikləri pomidor, xiyar, bibərdir. Kilosunu 50-60 qəpiyə satırlar. Kəndlilərdən Əvəz Kərimov deyir ki, məhsulu başa gətirməyə düz-əməlli suları olmadığından tərəvəzin yarısı zay olub gedib:

“Vallah, bunu da acından ölməməkdən ötrü əkirik. Yoxsa, heç əziyyətinə dəymir. Arvadlı-uşaqlı sahədə belimiz bükülüb. İndi də maya dəyərindən çox ucuz qiymətə satırıq”.

Əvəz Kərimov deyir ki, əkib becərdiklərini həftədə bir dəfə bazara çıxarırlar:

“Bu arabadakı bütün məhsulun gəliri 30 manat olacaq, ya da olmayacaq. Həftəyə zorla 30 manat qazanırıq. Özü də nə əziyyətlə başa gəlir, onu demirəm”.

Buna da bax:​ 'Bir zeytun ağacı bir adamı dolandıra bilər'

“Bakıda hər şey bahadır, burda isə çürüyüb gedir”

Balqabaq satan Əbülfəz isə “kəndlinin işi zülmdür” deyir. Deyir, kilosunu 15 qəpiyə satdığı balqabaq çox, alan yoxdur. Bakıya gedib satmağa imkanı yoxdur:

Kilosu 15 qəpiyə satılan balqabaqlar...

Kilosu 15 qəpiyə satılan balqabaqlar...

“Bakıda hər şey bahadır, burda isə çürüyüb gedir. Sahələrdə tonlarla balqabaq çürüyüb zay olur. Güc, qüvvə, yardım yoxdur. Bilmirsən suyun dalınca qaçasan, əkinin dalınca. Əkin yerləri kəndlərdən azı 9 kilometr uzaqdır. Gedib çıxana qədər gün yarı olur. İşimiz çox çətindir”.

Kişilər narazı olsa da, başqa bir qadının gün yandırmış üzü gülür: “Bu günümüzə də şükür” deyir. Ərinə əkində də, biçində də yardım etdiyini söyləyir: “Kişi harda, arvad da orda. Mən o arvadlardanam. Evdə də işləyirəm, çöldə də”.

Qarğıdalılar da qalıb xarab olur...

Qarğıdalılar da qalıb xarab olur...

Saatlı sakinlərinin dolanışıqları əkinçilik və heyvandarlıqdan çıxır.

Buna da bax:​ Astarada feyxoa ağaclarda qalıb...

“Zəhmət çəkməsən də, bəhrəsini görməzsən ki...”

Qarğıdalı, xiyar, balqabaq əkib satan Nəbinin əkin sahələri məhsulu satdığı yolun o biri üzündədir. Bütün yayı özü, uşaqları bostanda, torpaqda işləyib. İndi zəhmətin gəlir gətirən vaxtıdır:

“Düz üç ay – iyul, avqust, sentyabr aylarında əkdik. Qarğıdalı, balqabaq, xiyar, pomidor, hamısını özümüz əkirik. Pomidorun vedrəsi 4 manatdır, içində 6 kilo pomidor var. Xiyar 50 qəpikdir, qarğıdalının biri 20 qəpik, çox alanda 15 qəpikdən də verirəm. Yol kənarıdır deyə, Bakıya gedənlər burdan keçdiyindən indi alıcılar var. Gündə 100 manat, 150 manat qazanmaq olur. Düzdür, işimiz çox ağırdır. Ancaq zəhmət çəkməsən də, bəhrəsini görməzsən ki”.

Nəbi deyir, 6 nəfərlik ailəsinin dolanışığını indiki satışdan çıxarıca, başları heyvandarlığa qarışacaq.

İndi hər tərəf yamşayıl olduğundan kəndlilərin qoyun-quzusu da bol otlardan doyunca yeyir. Qış isə çətin keçir. Ona görə heyvan saxlayanlar yonca əkib tədürükünü indidən görür. Heyvanı olan, özü yonca əkməyənlər isə otun bağlamasını 2-3 manata alırlar.

Tikanlardan süpürgə düzəldib satırlar

Tikanlardan süpürgə düzəldib satırlar

Sənubər isə süpürgə satır. Bu süpürgə tikan koluna bənzəyir. Sənubər deyir ki, rayon yerində həyətlər bu cür süpürgəylə süpürüldüyündən alıcıları olur:

“Bunları örüşdən yığıram. Sonra bir yerə toplayıb belinə ip bağlayıram. Birini 50 qəpiyə satıram. Əslində ucuzdur”.

Saatlı kəndliləri almanın 3 kilosunu 1 manata, payızlıq qarpızı 15-20 qəpiyə satırlar:

“Qarpız əkdik, xarab oldu getdi. Kömək, alıcı olsa, adam yığıb aparar. Özümüz birini satanda, o birini sata bilmirik. Əməyimiz sahələrdə zay olub gedir”. Bunu isə oğlu ilə bilrikdə qarpız əkib becərən 60 yaşlı Əsli deyir.

Buna da bax:​ Lənkəran limonu, Gədəbəy kartofu ilə dolana bilər?

“Kəndliyə dəstək olsa...”

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Azərbaycan kəndlisinin həmişə torpağa bağlı olduğunu vurğulayır. Yetər ki, əməyi qiymətləndirilsin:

“Əgər hər hansı bir sahə kəndliyə, fermerə sərf eləsə, həmin kəndlinin qarşısını almaq olmaz. Azərbaycanda yetərincə işsiz var. Kənddə yaşayan əhali sovet hökumətinin vaxtında rayonlarındakı istehsal müəssisələrində çalışıb. O yerlərin indi hamısı bağlanıb. Əhalinin yeganə ümidi kənd təsərrüfatı, torpaqdır. Çox təəssüf ki, bir sıra kənd təsərrüfatı məhsulu səmərəli olmadığından kəndlilər də o sahələrdən üz döndərib”.

Ekspert deyir ki, ona görə də öz halal zəhməti ilə pay torpağını əkib qazanc götürmək istəyən kəndlilərin əməyi qiymətləndirilməlidir. Məhsulun yetişdirilməsinə, alışının təşkilinə, məhsulun xarab olmaması üçün soyuduculara yerləşdirilməsinə yardımlar göstərilməlidir. Əgər kəndli özünə dəstək görsə, daha da həvəslənəcək, daha çox əkib-biçəcək.

Saatlı rayon icra hakimiyyətindən bildirirlər ki, rayonda əhalinin məşğulluğundan ötrü tədbirlər görülür. “Biyan məhsulları” istehsalı zavodu, konserv məhsulları istehsal edən sənaye, ticarət şirkəti, kənd təəssüratı məhsullarının saxlanılması üçün 2000 ton tutumlu soyuducu kamera fəaliyyət göstərir.

Rayon sakini Əbülfəz isə bu deyilənlərə başını bulayıb keçir. Çünki bu il əkdiyi bostanda 40 ton balqabağı çürüyüb. Məhsulunu heç bir qəpiyə də sata bilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG