Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:08

Bal yarmarkasında saxta balı gerçəkdən necə seçirlər?


Bakıda növbəti bal yarmarkası, okt.2016

Bakıda növbəti bal yarmarkası, okt.2016

Bu il beynəlxalq tələblərə uyğun “AZS 849-2016” standartı qəbul edilib

– Lerik balıdır, gəl apar!

– Gəl bu balın qoxusuna bax... Görürsən, əsl baldır!

– Daşkəsən balıdır, dadına bax!..

Bal yarmarkasında fermer-arıçılar müştəriləri belə və bənzər sözlərlə qarşılayıb, zor-xoş, balın dadına baxdırmağa nail olurlar. Ancaq alıcı yenə tərəddüd keçirirsə... Bax o zaman daha güclü “silah” ortaya çıxarılır: Sertifikat və bal analizinin cavabları. Təxminən belə deyirlər: “Baxın, bu sənəddə diastaz norması 5-dir, yəni ən aşağı 5 olmalıdır. Bizim balda 18 çıxıb, yəni yüksək çıxıb!” (“Diastaz” deyərkən, balda olan və nişastanı hidrolize edən ferment nəzərdə tutulur. Bu fermentin baldakı miqdarı balın keyfiyyətini göstərir. Bal istidə və ya günəşə tutulanda, diastaz məhv olur – red.).

Bal yarmarkasında "Vəhşi bal" da satılır.

Bal yarmarkasında "Vəhşi bal" da satılır.

Buna da bax:​ 71 ton balın 23 tonu saxta çıxıb

Saxta bal necə olur?

Yarmarkaya xeyli bal çıxaran daşkəsənli fermer Vaqif Namazov da analizin bir neçə səhifəlik cavabını mütləq müştəriyə oxutdurmaq istəyir. Müştəri ilə onun arasında belə bir dialoq başlayır:

– Bu analizi harda aparıblar?

– Regional baytarlıq laboratoriyasında. Balı aparırıq, analiz götürürlər. Sonra biza cavabarı verirlər. Saxta bal çıxsa, geri qaytarırlar.

– Saxta bal nəyə deyirsiniz?

– Tərkibində şərbət, şəkər çıxsa, saxta sayılır. Yoxlayırlar da neçə faiz suyu var, neçə faiz şəkər norması. Hər şeyi yoxlayırlar.

Vaqif Namazov

Vaqif Namazov

– Bəs laboratoriyaya verdiyi bala sonradan “saxta”sını qatsa, necə? Bunu necə bilmək olur?

– Analizə verdiyimiz ballar yoxlanandan sonra, normalara uyğundursa, o zaman həmin qabların ağzı möhürlənir və bir də yarmarkada açılır. İşdir, kimsə qabın möhürünü bura gəlməzdən qabaq qırsa, onun balını satışa buraxmazlar. Bizə belə deyiblər.

Buna da bax:​ Yarmarkada saxta bal? [reportaj]

Gerçək bal

Standartlarda “Ordubad balı”, “Lerik balı”, Dağ balı” anlayışları yoxdur. Balın tərkibi konkret təsvir olunub və nəyin nə qədər olmasınadək göstəricilər müəyyənləşdirilib.

“Balın əsas tərkibi karbohidratlar, ilk növbədə fruktoza və qlükoza, eləcə də üzvi və qeyri-üzvi turşular, fermentlər və mikroelementlərdir”, - Respublika Baytarlıq Laboratoriyasının müdiri Füzuli Quliyev AzadlıqRaduosu-na belə deyir və sözünə davam edir:

“Balın rəngi müxtəlif ola bilər – az qala, tam rəngsizdən tünd qəhvəyiyədək. Bal duru, qatı, qismən və ya bütünlüklə kristallaşmış ola bilər. Ətri - xoşagələn, bitki növündən asılı olaraq, zəifdən güclüyə kimidir”. AZS 849-2016 dövlət standartında balın keyfiyyət və xassələri bir-bir sadalanır və konkret normalar göstərilir. Biz laboratoriyaya verilən balı bu standart əsasında yoxlayırıq”.

Biokimyəvi nümunə sertifikatı.

Biokimyəvi nümunə sertifikatı.

“Balı yalnız laboratoriya şəraitində yoxlamaq mümkündür”

Füzuli Quliyevin sözlərinə görə, bal örnəkləri laboratoriyada kodlaşdırılır və sahibinin kimliyi bilinmir. Nümunə standarta uyğun gəlirsə, o zaman keyfiyyətli bal sayılır, hansı göstəriciyəsə uyğun gəlməsə, o zaman bu, rəydə öz əksini tapır.

Buna da bax:​ Bakıda bal yarmarkası başlayır

Balın təbii, ya da süniliyinin adi şəraitdə yoxlanılmasını mümkün saymayan mütəxəssis deyir ki, təbii balı bir peşəkar arıçılar, bir də laboratoriya analizləri müəyyənləşdirə bilər. Müasir avadanlıqlar arının şirəni çiçəkdən, yoxsa şəkərdən çəkdiyini dərhal üzə çıxarır. Şəkərdən alınmış ballar təbii sayılmır və geri qaytarılır: “Arıların saxlanması, qidalanması üçün ona şəkər verilir, amma qış yuxusundan ayılandan sonra arı şirəni çicəklərdən, bitkilərdən yığmalıdır. Laboratoriyada da görünür ki, şəkərdən alınıb, yoxsa çiçəkdən”.

Bəs çiçək tozlarının analizi də aparılırmı? Füzuli Quliyev bunun onların laboratoriyasında mümkün olduğunu, amma kütləvi analizlərin aparılmadığını söyləyir.

Laboratoriya müdiri əlavə edir ki, sovetlər dönəmində standartlar regionlara görə müəyyənləşdirilirdi, indi isə ölkə üzrə orta göstəricilər əsasında. Üstəlik, vahid standart tətbiq edilir: “Ancaq iqlim şəraitindən, ölkənin bitki örtüyünün zənginliyindən asılı olaraq, balın tərkibi baxımından hər ölkənin öz göstəricisi var”.

Bəs Azərbaycanda hansı bölgənin balını daha yüksək keyfiyyətli saymaq olar? Füzuli Quliyev fərqləndirmə aparmaq istəmir, ancaq deyir ki, ekoloji baxımdan, təbii ki, dağ balı daha keyfiyyətli olur.

Buna da bax:​ Arıçılar Bakıya gəlir

“Balın keyfiyyətinə beynəlxalq tələblər sərtləşir”

İqtisadçı ekspert Azər Mehdiyev deyir ki, bir sıra xarici ölkələrdə balın hansı bitkidən çəkildiyini, balın tərkibində GMO-nun mövcudluğu müəyyənləşdirilir. O bildirir ki, rəhbəri olduğu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin bu yaxınlarda apardığı tədqiqat zamanı məlum olub ki, balda zəhərli maddə qalıqlarını, eləcə də GMO-lu bitki nektarını yoxlayan laboratoriyalar yoxdur. Ekspertin fikrincə, mövcud standartlar beynəlxalq tələblərə cavab vermir: “Mövcud standartlar arı məhsullarını keyfiyyətcə tam təmin etmək iqtidarında deyil. Çünki mövcud standart, ancaq təbii balın istehlak xassələrinə dair normaları nəzərdə tutur. Halbuki indiki dövrdə arıçılıq təsərrüfatlarında digər məhsullar (mum, arı südü, arı zəhəri və s.) alınır. Bundan başqa, arı məhsullarının qablaşdırılmasına, daşınmasına dair standartların da qəbuluna ehtiyac var”.

Biokimyəvi müayinə arayışı

Biokimyəvi müayinə arayışı

Azər Mehdiyev balın keyfiyyətinə beynəlxalq tələblərin get-gedə sərtləşdirildiyini söyləyir. Onun sözlərinə görə, əvvəllər balın rəngi, dadı, qlükoza və fruktozanın nisbəti, su miqdarı kimi standartlar əsas götürülürdü: “Amma indi balda pestisidlərin, veterinar dərmanların, radionuklidlərin, geni dəyişdirilən bitkilərdən götürülmüş maddələrin və digər toksik maddələrin qalığının olmaması əsas meyarlardır”.

Ekspert antibiotiklərdən heç yararlanmayan ölkələrin olduğunu vurğulayır və misal gətirir: “Məsələn, son 20 ildə Yeni Zelandiya balında antibiotik aşkar edilməyib”.

Buna da bax:​ Arıçılıq təsərrüfatları sığortalanacaq

“Tütün balı desək, düşünəcəklər ki, keyfiyyətsizdir”

Kənd Təsərrüfatı Nazirliyinin iş etikası baxımından adının çəkilməsini istəməyən əməkdaşı deyir ki, əslində, balın keyfiyyətinin çiçək tozuna görə də analizi nazirlikdə mübahisə doğurub: “Məhsul cökə, yoxsa şabalıdmı, tütünmü balıdır deyə fərqləndirilsə, bu, fermerlərə problem doğura bilər. İctimaiyyət arasında elə fikir formalaşar ki, məsələn, tütün balı keyfiyyətsizdir”.

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyir ki, “AZS 849-2016” standartı bu il qəbul edilib və beynəlxalq tələblərə uyğundur. Onun sözlərinə görə, Azərbaycan fermerləri bu standart əsasında istehsal etdikləri balı rahatca dünya bazarına çıxara bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG