Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:17

Yengə: 'Mən bəy-gəlin otağına keçdim, mələfəni götürüb çölə çıxdım...'


Azərbaycanda toy

Azərbaycanda toy

«Qırmızı alma» və «qırmızı lent» bakirəlik sterotipi

Əgər Ermənistanda kosmetik cərrahiyyə əməliyyatı 1500, sinə implantasiyası 1250 dollardırsa, qızlıq pərdəsinin bərpası 420 dollara başa gəlir. Chai-khana.org saytı yazır ki, Cənubi Qafqazda qızların evlilikdən qabaq bakirə olması şərtdir və Ermənistanda bir çox ailələr «qırmızı alma» adlanan bu adəti qorumaq üçün həkimlərə pul xərcləməyə xəsislik etmirlər.

Bu, qədim adətdir: qadın toyun ilk gecəsi öz bəkarətini ərinə pozdurmalıdır. Gəlinin toya qədər heç bir kişi ilə cinsi əlaqədə olmamasını yatağa düşən qan ləkəsi sübut eləyir və qohum-əqrəbaya qadının əxlaqlı olmasını göstərir. Əgər əksinə, gəlin bakirə olmasa, bunun nəticələri ağır ola bilər.

Ermənistanda qızlıq pərdəsinin bərpası 420 dollara başa gəlir...

Chai-khana.org saytı vurğulayır ki, Ermənistanda cinsi həyatı olan qadının adət-ənənəni mühafizə edən baxışlara sahib bir kişi ilə evləndiyi təqdirdə bakirəliyini bərpa etdirməsi halları geniş yayılıb.

Buna da bax:​ Hələ də bakirəlik testindən keçirlər

Bakirəliyin müvəqqəti və daimi bərpası

Bu, qədim adətdir: qadın toyun ilk gecəsi öz bəkarətini ərinə pozdurmalıdır.

Yerevanda doğum evlərinin birində işləyən ginekoloq Armine Gevorgyan (adı dəyişdirilib) artıq 7 ildir ki, ona müraciət edən pasiyentlərdə bakirəliyin bərpası ilə məşğul olur. Bu əməliyyatı gizli edən həkim deyir ki, proses qısa sürür və bakirəlik ya müvəqqəti bərpa edilir, ya da daimi.

«Müvəqqəti əməliyyat o deməkdir ki, pərdənin hər iki yanı tikilir və yenidən pozulacaq. Bu əməliyyat toydan 2-3 gün əvvəl edilməlidir. Bu əməliyyatın xərci də çox azdır. Amma qızlıq pərdəsinin daimi bərpası zamanı vaginanın (uşaqlıq yolunun) ağzı bir-birinə bağlanıb tikilir. Bu vəziyyətdə qadın hələ iki il də cinsi əlaqədə ola bilər, ancaq bunun bir təhlükəsi var, ağır qanaxmaya səbəb ola bilər», Armine Gevorgyan deyir. Həkim əlavə edir ki, onun pasiyentləri daha çox müvəqqəti əməliyyata üstünlük verir: «Müştərilərimin əksəriyyəti azgəlirli təbəqəyə məxsus 18-25 yaşlı qızlardır».

Ginekolloq: «Müvəqqəti əməliyyat o deməkdir ki, pərdənin hər iki yanı tikilir və yenidən pozulacaq. Bu əməliyyat toydan 2-3 gün əvvəl edilməlidir. Bu əməliyyatın xərci də çox azdır».

Ginekoloq deyir ki, bu əməliyyatdan sonra müştərilərinin üzünü heç vaxt görmür, çünki, onlar «qırmızı alma»nın saxta olacağının üzə çıxmasından qorxduqları üçün qadınlıq xəstəlikləri ilə bağlı başqa həkimin yanına getməyə üstünlük verirlər.

Buna da bax:​ İndoneziya əsgər qızların bakirəliyini yoxlayır

Bir sini qırmızı alma

«Qırmızı alma» adəti qədimdir, əsrlərlə müxtəlif formalarla müşayiət olunub, ancaq bir şey dəyişməz qalıb: qızın bakirəliyi toy günü əri tərəfindən pozulmalıdır. Alma bolluğun və sevginin etirafı rəmzidir. Eyni zamanda qızın bakirəliyini və əxlaqını göstərir. Toyun ilk gecəsindən sonra bəyin anası içəri girib «qırmızı alma»nın olub-olmadığını yoxlayır. Əgər hər şey yerindədirsə, bəyin anası qudası evinə minnətdarlıq əlaməti olaraq bir sini qırmızı alma göndərir. Bəzi vaxtlar qızın valideynləri qohum-əqrəbanı, qonum-qonşunu dəvət edir ki, bəy evindən gələn «qırmızı alma»ya şahidlik etsinlər.

Toyun ilk gecəsindən sonra bəyin anası içəri girib «qırmızı alma»nın olub-olmadığını yoxlayır...

Toy günü qız bakirə çıxmazsa, bu, qız evi üçün utancaqlıq və rüsvayçılıq olur. Keçmişdə bakirə olmayan gəlini eşşəyin belinə mindirib ata evinə göndərərdilər və hər kəs də onun utancaqlığını müşahidə edərdi.

«Bu, iki nəfərə aid məsələdir»

85 yaşlı Roza nənə danışır ki, o, əriylə toydan öncə sevişirmiş, toy günü isə əri valideynlərinə onların həyatına soxulmasına izn verməyib. Roza nənə hesab edir ki, bakirəlik iki nəfərə aid məsələdir və bunun başqalarına dəxli yoxdur. Ona görə oğlunu da evləndirəndə bu məsələni gənclərin öz öhdəsinə buraxıb.

«Bakirəlik iki nəfərə aid məsələdir və bunun başqalarına dəxli yoxdur».

Martın 8-də Ermənistanda «Feminist platform»u «Qırmızı alma yemək üçündür» şüarı altında yürüş keçirib. Təşkilatın üzvü Elmira Meliksetyan deyir ki, onlar 21-ci əsrdə yaşayırlar və bu adət-ənənə qadın hüquqlarına ziddir.

Ginekoloq Armine Gevorgyan bildirir ki, son illər onun müştərilərinin sayı azalıb, o bunu mentalitetin dəyişməsi ilə izah edir.

Buna da bax:​ Ya bakirə ol, ya öl...

Azərbaycanda tabu mövzu: bakirəlik

Ermənistan kimi Azərbaycanda da evlilikdən qabaq cinsi əlaqə qadağaları var və bakirəliyin ictimai müzakirəsi hətta tabu mövzulardandır.

Ginekoloq: «Son illər müştərilərin sayı azalıb, çünki mentalitet dəyişir...»

Bu yaxınlara qədər toy günü bakirə çıxmayan qız adamların gözü qarşısında alçaldılar, başı qırxılar, döyülər və hətta intihara sürüklənərdi. Azərbaycanın bəzi kəndlərində hələ də bu zorakılıq hallarına rast gəlinir.

Keçmişdə vəzifəsi qadına məsləhət vermək olan yengələrin indi bircə vəzifəsi qalıb: qızın bakirə olub-olmadığını yoxlamaq. Yengə, adətən, qızın dayısı arvadı olur və ilk gecənin səhəri (bəzi yerlərdə hətta o axşam) otağa girib yatağı yoxlayır. Qan ləkəsi olan mələfə qohum-əqrəbaya göstərilir.

Yengə: «Mən bəy-gəlin otağına keçdim, hər şey qaydasında idi, mələfəni götürüb çölə çıxdım...»

Xazmazdan olan 46 yaşlı Leyla Tahirova (ad dəyişdirilib) deyir ki, o, 3 dəfə yengə olub. Birində gecə səhərə qədər qapı arxasında gözləmək istəməyib və evinə qayıdıb: «Səhər bəy evinə gələndə heç kim mənə salam vermədi. Mən bəy-gəlin otağına keçdim, hər şey qaydasında idi, mələfəni götürüb çölə çıxdım, bəyin anasına, qadın qohumlarına göstərdim. Bundan sonra onların «dili» açıldı, qızın təmizliyi üçün mənə «şirinlik» verdilər». O əlavə edir ki, gəlinin 30 yaşı olmasına baxmayaraq, hər kəs onun bakirə olmasını gözləyirdi.

Buna da bax:​ Gürcü müəlliməni azərbaycanlı ailədə nə şoka salıb?

Toy günü bu adət-ənənədən ciddi travma alan bir qadın 3 il əri ilə intim münasibətə girməkdən imtina edib və nəticədə boşanıblar...

Bəzi yerlərdə toy gecəsindən sonra bəylə-gəlinə quymaq bişirib verirlər, bəzi yerlərdə toyun səhəri günü «üzaçdı» mərasimi keçirirlər.

Leyla Ahmadovanın sözlərinə görə, bu adət-ənənə bəzi hallarda ağrısız ötüşmür, o bir hadisəni xatırlayır, deyir ki, toy günü bu adət-ənənədən ciddi travma alan bir qadın 3 il əri ilə intim münasibətə girməkdən imtina edib və nəticədə boşanıblar.

Azərbaycanda bakirəlik gəlinin belinə bağlanan qırmızı lentlə də simvolizə olunur.

Azərbaycanda da bakirəliyin bərpası məqsədilə həkimə üz tutanlar var və geniş yayılıb. Bu əməliyyatın qiyməti 500-1000 manat arasında dəyişir.

Bakirəliklə bağlı daşlaşmış sterotiplər hətta müasir və yüksək təhsilli kişilərdə də kök atıb: onlar da daha çox bakirə qızla evlənməyə üstünlük verirlər, chai-khana.org yazır.

Bunlara da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG