Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:52

Avropa Oyunları ərəfəsində bağlanan yarmarkalar yenidən açılıb [FOTO]


Bakının Xətai rayonunda Kənd Təsərrüfatı yarmarkası
Bakının Xətai rayonunda Kənd Təsərrüfatı yarmarkası

-

Alıcı bir cür narazı, satıcı başqa cür

Kənd Təsərrüfatı məhsulları yarmarkasından reportaj

– Qiymətlər yaxşıdı, pis deyil, qane edir.
– Bahadı, hamının cibinə uyğun deyil axı..

“ELƏ BAZAR QİYMƏTLƏRİDİR”

Xətai rayonunda, “Bakı” kinoteatrının yaxınlığındakı yarmarkadayıq. Bazarlarda qiymətlərin “od-tutub yandığını” düşünənlər adətən, bu yarmarkalara üz tutur. Bir müddətiydi, daha doğrusu, Avropa Oyunlarına görə ləğv olunmuş yarmarkalar yenidən bərpa olunub.

Alıcılardan bəziləri qiymətlərin sərfəli olduğunu deyir. Ancaq bahalıqdan şikayət edənlər də var. Onların sözlərincə, qiymətlər kiməsə sərfəli ola bilər, ancaq:

– Bir ailənin qazancı yaxşıdısa, onlara qiymətlər o qədər də baha görünməz, amma kasıb-kusuba yenə ucuz deyil...

Alıcılardan Güldəstə xanım deyir ki, bahaçılıqdı:

– Elə burda da bazar qiymətinədir. Həftəsonunu gözləyirik ki, yarmarka olsun. O da belə, qiymətlər kəllə-çarxa çıxır. Yəqin ki, çoxu bazarlarda işləyən satıcılardır. Ona görə də qiymətlərdə heç bir fərq nəzərə çarpmır. Yoxsa hər halda, fermer öz məhsulunu rayonlardan gətirsə, məhsullar nisbətən ucuz olar.

ZİBİL QUTULARI YOXDUR

Bakının Xətai rayonunda Kənd Təsərrüfatı yarmarkası
Bakının Xətai rayonunda Kənd Təsərrüfatı yarmarkası

Digər bir alıcı Ceyran Zeynalova yarmarkadakı natəmizlikdən şikayətlənir. Deyir ki, satılan məhsulların xarab olanları yerə tökülür. Kənarlarda zibil qutuları quraşdırılsa, bir neçə saatdan bir zibillərin daşınmasına nəzarət edilsə, yaxşı olar.

Məhsulların keyfiyyətindən narazılar da var. Cavid Məmmədov yaxşı kartof tapa bilmədiyini sözləyir:

– Kilosunu hərə bir qiymətə deyir. Amma baxırsan ki, elə keyfiyyətcə hamısı eynidir.

BAXIR ALMAYA...

Qiymət fərqini Qubadan olan fermer Arif Həsənovun öz izahı var, deyir, kilosu 50 qəpiyə də alma var, 3 kilosu 1 manata da, baxır almaya:

– Bu alma neçəyədi?
– Kilosu 50 qəpik.
– Yəni, təmiz məhsuldur?
– Bəli. Bunların 3 kilosu 2 manatdır. Sadəcə, bu il meyvəmiz azdı. Çox azdı, həqiqətən çox azdı.

Yox, qiyməti sərfəlidir, ucuz satırsan, Mehriban xala zənbilini doldurur.
Arif Həsənov yarmarkada heç bir problemlə qarşılaşmadığını deyir. Belə ki, başı çox çəkib, şəhərdəki bazarlarda onlara yer ayıran yoxdur deyə, məhsulunu bura gətirir:

– Bazarlarda rayonlardan gələn maşınlara elə yer verirlər ki, orada bir həftəyə heç 1 yeşik alma satmaq olmaz. Bizə bura rahatdır. Gətirdiyimiz məhsulların keyfiyyətinə söz ola bilməz.


Salyan rayonundan fermer Əsəd İsrafilov da Bakıdakı bazarlara girmək imkanları olmadığını deyir:

– Bura yaxşıdır. Məhsulumuzu rahat satırıq.

“HAMISI ALVERÇİLƏRDİR”

Bakının Xətai rayonunda Kənd Təsərrüfatı yarmarkası
Bakının Xətai rayonunda Kənd Təsərrüfatı yarmarkası

Ancaq digər satıcılardan daha çox giley-güzar eşitdik. Bəziləri yarmarkada yer tapmamaqdan – kəndlərdən gələn fermerlərə yetərli sayda yer ayrılmamasından, bəziləri isə ancaq ödəniş etdikdən sonra maşınlarını yarmarkaya daxil edə bilmələrindən narazıdılar.

Deyirlər, I Avropa Oyunları zamanı yarmarkalar dayandırıldıqdan sonra onlar lazımi orqanlara müraciət ediblər ki, bu satış mərkəzləri yenidən təşkil edilsin:

"Çox sağ olsunlar, nəzərə aldılar və yarmarkalar yenidən fəaliyyətə başladı. Amma burda bizə yer vermirlər. Hamısı şəhərdəki alverçilərdir”.

YER AZDI, OĞURLUQ HALLARI VAR

Qubalı fermer Əlövsət Əsədovun qanı isə bir az qaradır. Deyir, 2 yeşik məhsulunu oğurlayıblar. Ətrafındakı fermer yoldaşları söhbətə qoşulur. Deyirlər ki, onlar bir gün öncədən gəlirlər, məhsulları yerbəyer edirlər, piştaxtaları qururlar:

– Gecə də yarmarkaya nəzarətçilər göz qoyur. Lakin onlardan soruşursan ki, “məhsullar hardadır?” Deyirlər “biz bilmirik”. Bu hadisə artıq bir neçə dəfədir ki, təkrarlanır. Keçən həftə də oğurluq olmuşdu.

Bakının Xətai rayonunda Kənd Təsərrüfatı yarmarkası
Bakının Xətai rayonunda Kənd Təsərrüfatı yarmarkası

Fermerlərin məhsulların oğurlanması, onlara istədikləri yerin ayrılmaması, yarmarkaya maşınla girmək üçün ödəniş etmələri barədə iradlarına isə yarmarka nəzarətçilərindən münasibət ala bilmədik.

Bu həftə şəhərin ayrı-ayrı yerlərində yarmarkalara 400 tondan artıq kənd təsərrüfatı məhsulunun çıxarıldığı bildirilir. Bu yarmarkalarda Kürdəmir, Salyan, Biləsuvar, Qax, Şəmkir, Qəbələ, Quba, Astara, Daşkəsən fermerləri iştirak edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG