Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:53

►Zığ yolunun kənarında Dövlət Məşğulluq Xidmətinin Xətai rayon Məşğulluq Mərkəzinə baş çəkirik.

Dəhlizdə gözədəyən iki qadındır. Özümü işaxtaran kimi təqdim edirəm. Qadınlardan biri ortayaşlı, hicablıdır, digəri nisbətən yaşlıdır. Hər ikisinin üzündən əziyyət, yorğunluq tökülür. “Neçə aydır gəlib gedirik, iş yoxdur”, – hicablı qadın deyir.

O biri əlavə edir: “Boş əziyyətdir”. Məşğulluq Mərkəzinin işaxtaranlar üçün təşkil etdiyi kurslarla maraqlanıram.

Başlarını yelləyirlər. Xanımlar çoxsaylı suallarıma vaxt itirmək istəmirlər, ya işaxtaran kimi ümidimi qırmağa ürək etmirlər, bilmirəm, tələsik qeydiyyat otağını nişan verirlər:

– Gedin, ora, qeydiyyata düşün. Suallarınıza da onlar cavab versinlər.

MƏNƏ XALÇAÇI OLMAQ TƏKLİF EDİLDİ

Qeydiyyata baxan gənc xanımı elə qapıdan çıxhaçıxda yaxalayıram. Məqsədimi deyirəm. O, etinasızlıqla, qaçaraq, çiyninin üstündən, gecə qaldırsan gözüyumulu deyəcəyi cavabı mənə də söyləyir:

– Şəxsiyyət vəsiqəsi, diplom, əmək kitabçasının surətini gətirin, sizi qeydə alaq, sonrasına baxaq.

– Bəs kurslar?

– Ruslan müəllimlə danışın, birinci otaq.

Birinci otaqda ortayaşlı, sözü ağzından kəlbətinlə çıxaran Ruslan müəllimə yanaşıram:

– Kurslarla maraqlanıram.

– Xalçaçılıq kursu var. İstəyirsiz?

– Başqa kurs yoxdur?

– Nə istəyirsiz?

– Mühasibatlıq, kompüter kursları, dillər…

– İndi yoxdur.

– Nə vaxt olacaq?

– Bilmirəm.

– Kim bilir?

– … (əliylə haranısa işarə edir)

– Siyahı var?

KURSU BİTİRƏNƏ İŞ VERİLMİR

Ruslan müəllim yarıəzilmiş, hərfləri avazımış vərəqi verir. Siyahı uzundur: “Alüminium və plastik materiallardan məmulatlar hazırlayan, çilingər, aşpaz, aşpaz köməkçisi, avtomobil təmiri üzrə çilingər, ofisiant, camaşırçı, əməliyyatçı, komputer mühasibliyi… Turizm bələdçisi, ingilis dili, qənnadçı…” Ruslan müəllim dillənir:

- Xalça kursu istəmirsiz?

– Nə qədər çəkər o kurs?

– Bilmirəm. Bir, ya iki ay.

– Bəs oranı bitirəndən sonra məni işlə təmin edəcəksiz?

– Yox.

– O zaman niyə vaxt itirim?

– O işlərə Vüqar müəllim baxır. Mən kursa göndərirəm.

– Xalça kursu nə zaman başlar?

– Bilmirəm?

– O biri kurslar indi davam edir?

– Yox.

– İndi bircə kurs var?

– Xalçaçılıq…

– Olar siyahını götürüm?

– Telefonla şəklini çəkin.

Ruslan müəllimin getdikcə darıxdığını, söhbəti bitirməkdən ötrü dişini dişinə sıxdığını açıqca görürəm. Az qala qapını göstərərək “Çıx get” deməmək üçün özünü zorlayır. Elə mən də dəhlizə çıxmışdım ki, bu dəm otağa gənc bir xanım girir. Açıq qapıdan onların arasında gedən dialoqu eşidirəm. Gənc xanım “1C” kursuna getməyə bir neçə aydır qeydiyyata alındığını deyir. Amma nə kursdan xəbər var, nə də işdən…

“ELƏ CAVAB VERİRLƏR?”

– Mən bura maraqlanıb gəlmişəm, havadan danışmağa gəlməmişəm. Vətəndaşa belə xidmət göstərirlər?

– Siz məndən soruşdunuz ki, məktub verə bilərəm, dedim ki, “bəli, verə bilərəm”.

– Bir dəqiqə. Mən soruşuram ki, kurs harda keçirilir, cavab verirsiz: “Orda”. Elə cavab verirlər? Siz vətəndaşı başınızdan edirsiz.

– Başımdan etmirəm, mənim üçün problem yoxdur.

– Siz dediniz ki, 1C kursu nə zaman olsa deyəcəm, kurs başlayıb da…

– Bizim rayonda başlamayıb, mən bilmirəm.

– Siz vətəndaşa məlumat vermirsiz.

– Mənim o biri rayonlarla əlaqəm yoxdur, bilmirəm onlarda kursda boş yer var ya yox.

– Maraqlanmaq olar da. Maraqlanmaq istəmirsinizisə, verin əlaqə telefonunu mən maraqlanım.

– O mənim işim deyil.

– Hara yazmısız mənim adımı? Balaca bir kağıza, kağızın qırağına. Kurs açılıb, məni göndərin ora. Məktub yazın başqa rayonda gedim. Yanvar ayından burda qeydiyyatdayam, nə işə göndəririsiz, nə də kursa. Mən bilmirəm bu necə iş prinsipidir.

____________________________________________________________

Bunlara da bax:
Miqrantların adı yenə seksual təcavüz qalmaqalında
Rusiyada "Kadırov körpüsü"nə etiraz

____________________________________________________________

– Qeydiyyat vərəqini gətirin məktub yazım.

Gənc qız başqa otağa yönəlir. Təəssüf ki, sonradan onunla danışa bilmirik.

Xətai rayon Məşğulluq Mərkəzinin rəhbəri Emil İsmayılov gördüyümüz bu insidentlə bağlı AzadlıqRadiosuna deyir: “Kurslar Bakı Məşğulluq İdarəsi tərəfindən təşkil olunur. Ola bilər, indi bu rayon üzrə kurs yoxdur, kurs yığılmayıb. Amma istənilən şəxs müraciət edə və istədiyi kursa gedə bilər”.

Emil İsmayılovdan son bir neçə ayda nə qədər işsizin işlə təmin edildiyini xəbər alırıq, deyir:

“Biz bu rəqəmləri icra hakimiyyətinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndəririk, onlarla əlaqə saxlayın”.

“138 MİN İŞ İSTƏDİ, 39 MİNİ DÜZƏLDİ”

Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri Lüdviq Hüseynov birinci rüb ərzində məşğulluq orqanlarına 138 minə yaxın işsizin müraciət etdiyini, onlardan təxminən 39 mininin işlə təmin edildiyini bildirir.

O, müraciət edənlərin daha çox təmir-tikinti, xidmət, abadlıq, kənd təsərrüfatı sahəsində işə düzəldiyini deyir. Şöbə müdirinin sözlərinə görə, onlara ortalama təqribən 300-350 manat maaş verilir.

İş üçün 138 min insan müraciət etdiyi halda işlə 39 mini təmin edilib. Bəs yerdə qalan hardadır? Şöbə müdiri cavab verir: “Həmin adamlar nazirliyin qeydiyyatındadırlar. İşlə bağlı təqdimat göndərildikcə onlara iş verilir”.

İndi də gələk kurslara. Lüdviq Hüseynovun sözlərinə görə, iş tapa bilməyənlər yeni peşələrə yönləndirirlər. Amma məlum olur ki, kursu bitirmək hələ işlə təmin olunmaq deyil.

– Burda iki yol var. Kurslar ya üçtərəfli, ya da dördtərəfli müqavilə əsasındadır. Dördtərəfli müqavilədə işəgötürən də iştirak edir. İşəgötürən əvvəlcədən bizə müraciət edə bilər ki, filan peşə üzrə mütəxəssis lazımdır.Məsələn, kiməsə deyə bilərlər ki, mühasib kimi “1C” proqramını öyrənməlisən. Biz də kursa yönəldirik, oxuyur, sonra da işə düzəlir.

– Biz Xətai rayon məşğulluq mərkəzində olanda dedilər ki, bir çox kurslar hələlik yoxdur.

– Tələbat çox böyükdür, çatdırmaq olmur. 3 tədris mərkəzimiz var. İmkan daxilində hamını cəlb edirik. Sadəcə, növbəlilik var.

– Nə qədər gözləməlidir vətəndaş?

– Onu demək olmur. Elə kurs var, ora canatan çoxdur, orda növbə də çoxdur, bazarın qaydası budur.

Günün bütün mövzuları

XS
SM
MD
LG