Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:04

►Ən çox pomidor-xiyar bahalanıb

“Bazarda hər şey var, bircə müştəri yoxdur”. Bakının iki müxtəlif bazarını gəzib dolandıqdan sonra yarızarafat, yarıciddi bu fikrə gəldik.

Bazarın biri metronun “28 may” stansiyası yaxınlığında yerləşir, “kasıb bazarı”dır, o biri səliqəli-sahmanlı, müştərisi də, qiyməti də başqalarından bir qədər seçilən “Yaşıl bazar”.

Hər iki bazarda mənzərə eynidir. Səhər saat 11-12 olsa da, bazarda alıcı gözə dəymir. Satıcılar əlləri cibində söhbət edir, piştaxtadakı malı səliqəyə salır, müştəri görəndə dərhal gülümsəyir, şirin dillərini işə salırlar.

- Ət neçəyədir?

- 8 manat 50 qəpik.

- 8-dən ver.

- Götür.

- Mənə ətin yağlı yerindən vermə...

- Yaxşı.

- Bu hissəni də götür.

- Baş üstə...

“Yaşıl bazar”dakı qəssab bir az tələbkar görünən alıcının hər dediyini səbirlə, gülərüzlə yerinə yetirir ki, onu qaçırmasın.

Qəssab Qədir Məmmədov müştərini yola saldıqdan sonra gileylənir:

- Alıcı qüvvəsi zəifdir. Olur ki, günə 500-600 manatlıq alver edirik. Ötən illərə baxanda, əlbəttə, zəifdir. 8 manata sümüksüz ət satırıq, sümüklü əti də 7 manata. Əmlik quzu ətini 9 manata satıram. Keçən il bu vaxtı 10-11 manata satırdım quzu ətini. Pul yoxdur, adam var 1-2 kilo ət alır, amma keçən il 5-6 kilo alırdılar, adam olurdu 10 kilo alırdı...

Buna da bax: Səməd Seyidov: "Bu, böyük bir böhrandır"

“BİR KİLO ƏT ALAN İNDİ İKİ MANATLIQ ALIR”

Elə digər bazarda satıcı Güloğlan Mirzəyev də bir cəmdəyi iki-üç günə satdığını etiraf edir. O da müştəri kasadlığından dad döyür, deyir ki, günə, ən yaxşı halda, 5-10 müştəri yola salır. Bazarda olduğumuz müddətdə həqiqətən də ət piştaxtasına yaxınlaşan olmur.

- Zəifdir alver. Dollar qalxandan belədir. Günə beş-on müştəri ancaq olur. İki kilo alan indi bir kilo alır, bir kilo ət alan 2 manatlıq alır... 6 manata satırıq dana ətini. Özümüz qaldırmırıq ki, marketlə buranın fərqi olsun.

Güloğlan Mirzəyev bu gedişlə bayram günlərində də alıcının çoxalacağına ümid etmir.

Buna da bax: İlyas İsmayılov: «Azərbaycanda göstərişlər yox, qanunlar işləməlidir»

“POMİDOR-XİYAR ÇOX BAHADIR”

Bu dəfə başqa məhsulların qiymətinə göz gəzdiririk. “Kasıb bazarı”nda satıcı özü malların bahalığından şikayət edir:

- Pomidor, xiyar birdən-birə 150 faiz qalxıb, bu həddən artıq çoxdur ey. Pomidor 1 manat 20 qəpikdən 2 manat 50 qəpiyə, xiyar 1.20-dən 2 manata qalxıb. Bütün məhsullar, kartof-soğan da bahalanıb. Bizcə, Rusiya ilə bağlıdır, bütün məhsullar ora gedir. Amma meyvənin qiyməti normaldır, məsələn, portağalı keçən il 2 manata satırdıq, indi 1 manat 60 qəpiyə satıram, almanı 70-80 qəpiyə.

Buna da bax: Su ARDNŞ-in boğazına çıxanda...

“ELƏ GÜN OLUR, SİFTƏ ETMİRİK”

“Yaşıl bazar”da “gəl-gəl” deyən meyvələri piştaxtaya düzüb müştəri gözləyənsatıcı Zöhrab Məmmədovsa qiymətin normal olduğunu söyləyir. Hərçənd buna siz qərar verin:

- Bu alma 1 manat 30 qəpikdir, “Qızıləhməd”in qiyməti 2-3 manat arasındadır. Heyva 1 manat, “korolyok” 1 manata, 1 manat 50 qəpiyədir. Pomidor-xiyarın qiyməti baha ola bilər, o da qışla bağlıdır. Qiymət münasibdir, alıcılıq sıfırdır. İki ay əvvəl yenə babatıydı. Millətdə pul yoxdur. Qabaq gələn adamın əli mer-meyvəylə dolu olurdu, indi... Oturmuşuq ki, bəlkə bir qiymət soruşan oldu. İnan ki, bəzən elə gün olur, tərəziyə mal qoymuruq, siftə etmirik... Hər yerdə belədir, marketdə, maşın bazarında...

Arzu Talışxanova “Yaşıl bazar”ın içərisindən yox, çölündən bazarlıq edir. Onun sözlərinə görə,içəridəkı malla bazarın ətrafındakı qiymətdə bəzən 1 manat, bəzən də 40-50 qəpik fərq var. Ona görə də təmiz, səliqəli yerdən alış-veriş etməkdənsə, açıq havada mal satanlara üz tutur:

- Burda qiymət pis deyil. Bura bir az ucuzdur.

Buna da bax: Dəm qazından qoruyan 15 vacib məlumat (İnfoqrafika)

“GÜNAH İÇƏRİDƏKİLƏRDƏDİR”

“Yaşıl bazar”ın ətrafında alver edən Arifə Abdullayeva belə deyir.

- Bu bazara mal gətirənlər də malı bizə baha verirlər. Biz də satıb qurtara bilmirik. Axıracan sata bilsək. pul qalar, kartof-soğan, kök, çuğundur, mer-meyvə, hamısı bahadır. Burdakı yumurta boyda kartofu 55 qəpiyə götürmüşəm, 60 qəpiyə satıram ki, 5 qəpik qalsın. Gədəbəy kartofunu 85 qəpiyə almışam, 1 manata satmağa məcburam. Satmaq da olmur. Camaat ala bilmir. Kartof alan da 5 kilo, 3 kilo alır. Eləsi var 1 kilo, yarım kilo alır. Bir həftəyə bir kisəni satıb qurtara bilmirsən.

Buna da bax: “İŞİD-lə döyüşməyənlərin” yeni koalisiyası?

“MƏN ALA BİLİRƏM, AMMA BAŞQASI YOX...”

Bu fikri bazarda rastlaşdığımız bir neçə müştəri bir-birindən xəbərsiz söylədi. Erkin Süleymanlı deyir:

- Orta statistik azərbaycanlı üçün bu qiymətlər, əlbəttə, bahadır. Mən ixtisasca həkiməm, ancaq həkimişləmirəm, özəl müəssisədə çalışıram. Dövlətin verdiyi maaş o qədər aşağıdır ki, ona bu bazardan heç nə ala bilmərəm. Amma dinamikada götürsək, yarım il əvvələ baxanda, qiymət elə baha deyil, az artıb.

Adını söyləməyən başqa müştəri də bizə təxminən eyni fikri söyləyir: “Mənim imkanım çatır, obyekti icarəyə vermişəm, aydan-aya pulumu alıram. Dediyim odur ki, mən burdan bazarlıq edə bilirəm, amma kasıb-kusubun cibinə uyğun deyil bu bazar”.

Bazarı o baş- bu baş gəzsə də, hələlik heç nə almayan digər müştərisə gülür: “Cürbəcür qiymət var, ucuzu da var, bahası da, sərf edəni də, etməyəni də. Amma məcbursan, almalısan”.

Günün bütün mövzuları

XS
SM
MD
LG