Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:56

Yayın bu qızmar günlərində istidən mənzil başına gedib çıxa bilməyib yolüstü nəfəsini dərənlər, ya da evdə qala bilməyənlər parklardakı kölgəliklərə çəkilib. Əlində su, yelpik özlərini sərinlətməyə çalışanlar həsrətlə bu parkların mərkəzindəki fəvvarələrə baxırlar. Çünki suyu şahə qaldırıb ətrafda sərinlik yaradacaq fəvvarələr günortalar işləmir.

«QURU DAŞINA BAXAQ?»

«Vallah, həmişə bu fəvvarəyə baxıb fikirləşirəm ki, işləməyəcəkdisə, görəsən, niyə yaradıblar? Boş-boşuna quru daşına baxmağa görə?» -günorta vaxtı Səməd Vurğun bağında dincələnlərdən biri Fazil Məmmədli «ətək»lərindən su axmayan iri fəvvarəyə baxıb sual edir. Deyir, evində sərinləməyə kondisioneri yoxdur. Ona görə günün çox hissəsini bu bağda keçirir. Yay girəndən, bir dəfə də olsun, bu fəvvarənin günorta işlədiyini görməyib.

Təkcə Fazil kişinin dincəldiyi bağda deyil, şəhərin həm mərkəzi, həm də kənar yerlərindəki fəvvarələr də günortalar işləmir. «Fəvvarələr bağı»nda, Malakan bağında, Bakı Bulvarında sıralanmış fəvvarələr də günortalar işləmir. Kukla Teatrıyla üzbəüz yaraşıqlı fəvvarə də susuzdur.

Buna da bax-Bülbüləlilər suyu Əmircandan daşıyır

«NİYƏ ADAM İSTİ OLANDA ƏTRAFI SULAYIR? SƏRİNLİYƏ GÖRƏ»

Şəhərin mərkəzindən uzaqlaşdıqca, vəziyyət daha da pisləşir. Mikrorayonlarda, Əhmədli tərəfdə fəvvarələrin də suyu quruyub, bu parklarda dincələnlər də deyir ki, gündüzlər onların işlədiklərini görməyiblər:

– Yox, işləmirlər, elə bil ki, belə də olmalıdır.

– Biz görmüşük, su olan yer sərin olar. Niyə adam isti olanda ətrafı sulayır? Sərinliyə görə. Fəvvarələr də sərinlik yaratmaq üçündü də. Ancaq işləmir.

– Bu fəvvarənin ancaq axşamlar işlədiyini görmüşəm, gündüz-günorta işləmir.

– İstini görürsünüz də. Nə olardı, fəvvarəyə su vurub bu ətrafı sərinlədərdilər, eləmirlər.

Şəhərsalma üzrə ekspert Fuad Cəfərli yaşadığı 5-ci mikrorayonda fəvvarənin nəinki gündüzlər, heç günün başqa saatlarında da işləmədiyini söyləyir. Gündüzlər şəhərdəki fəvvarələrin işləməməsi onun da diqqətini çəkib:

«Şəhərdəki fontanlar bəzi hallarda bütün gün ərzində işləmir. Bu qənaətlə də bağlı ola bilər. Suyla bağlı çatışmazlıq ola bilər. Fəvvarə elə bir şeydir ki, 10 metrlik ərazidə havanın temperaturunu 1.5 dərəcə sala bilir, bir funksiyası olduğu ərazini sərinləşdirməkdir. Bu, artıq qəbul edilib. Ancaq bizim parklardakı fontanların çoxu işləmir».

Buna da bax-Sayğac tenderində şübhəli rəqəmlər

«QIŞDA EHTİYAC OLMAYANDA BÜTÜN GÜNÜ İŞLƏYİRLƏR»

Kulturoloq Aydınxan Əbilov fəvvarələrin orta əsrlərdən mədəni-məişət abidələri kimi qorunduğunu qeyd edir. 19-20-ci əsirdənsə artıq böyük şəhərlərdə fəvvarələrdən həm də havanı təmizləmək, sərinlətmək məqsədilə istifadə olunub:

«Həmin dövrdən fəvvarələrdən mədəniyyət abidəsindən çox, həm də insanlara rahatlıq gətirən bir qurğu kimi faydalanmağa başlanıldı. Neft gəlirlərindən sonra Bakı tamam dəyişildi, modern bir şəhərə çevrilməyə başladı. Tikilən qurğuların içində fontanlar, su hovuzları quruldu. Amma təəssüflər olsun ki, bir müddət keçəndən sonra onların bir hissəsi işləmədi, bəziləri isə nəinki yayın qızmar çağında günorta vaxtları, hətta axşamlar da işləməməyə başladı. Buna cavabdeh qurumlar onları quranda çox bahalı fontanlar tikməməliydilər. Əksinə, elələrini qurmalıydılar ki, uzun müddət istifadə oluna bilsin. Çünki fontanlar təkcə gözəllik üçün deyil. Həm havanı təmizləyir, həm ekologiyaya faydası var, həm də insanların sərinləməsindən ötrü salınıb. Son vaxtlar görürük ki, fontanlar ancaq axşamlar işə salınır. Ya da qışda onlara ehtiyac olmadığı halda bütün günü işləyir. Əksinə, Bakı kimi quru, yarımsəhra yerdə fəvvarələrin yayda işləməsinə böyük ehtiyac var».

«BOŞ-BOŞUNA İŞLƏMƏYİN NƏ MƏNASI VAR?»

Bakı şəhər İcra Hakimiyyətinin Fəvvarələrin İstismarı İdarəsinin rəisi Qəhrəman Məmmədov AzadlıqRadiosuna deyir ki, fəvvarələrin gündüzlər işləməməsinin səbəbi qənaət, ya da su çatışmazlığı yox, havanın çox isti olmasıdır:

«Əhalinin parklarda gəzintidə çox çıxdıqları vaxtları var. Günorta güclü istilərdə parklarda adam olmur. Camaatın parklarda gur gəzən vaxtı axşam saatlarıdır. Suyu da fəvvarələrə həmin vaxt vururuq. Günortalar hava həddən artıq istidir deyə, camaat bayıra da çıxmır. Fontanların boş-boşuna işləməsinin nə mənası var? Həm də işləməyən vaxtlar biz onlara texniki xidmət göstəririk. Təmizləyirik, mühərriklərin, elektrik avadanlıqlarının təmiriylə də məşğul oluruq».

Ancaq Qəhrəman Məmmədov onu da vurğuladı ki, əgər adamlar çox istəyirsə, bundan sonra günortalar da fəvvarələri susuz qoymazlar.

Bu, evində kondisioner olmadığından isti havada özünü bağda sərinlətmək istəyən Fazil kişinin də arzusudur.

Günün bütün mövzuları

XS
SM
MD
LG