Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:01

Azərbaycanda, demək olar, əksər məhsul və xidmətlər bahalaşır. Nəticədə, inflyasiya əhalinin gəlirlərini “yeyir”. Bu ilin 10 ayında inflyasiya əhalinin gəlirlərindəki artımı üstələyib.

Yanvar-oktyabr aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 8,7 faiz artsa da, eyni dövrdə istehlak məhsullarının və xidmətlərin qiyməti ötən ilin eyni dövrünə nisbətən 11,6 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsinin (DSK-nın) bilgilərinə görə, bu ilin oktyabrında ərzaq məhsulları, içki və tütün məmulatları sentyabrla müqayisədə 2,3 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,4 faiz baha qiymətə satılıb.

Buna da bax:​ İllik inflyasiya yenə ikirəqəmli olub

Ötən illə müqayisədə bahalanma faizləri

Ümumiyyətlə, inflyasiya səbətinə daxil olan ərzaq, qeyri-ərzaq və xidmətlərin dəyəri artıb. Bu ilin yanvar-oktyabr aylarında azuqə, içki və tütün məmulatlarının qiymət indeksləri 2015-ci ilin eyni dövrünə nisbətən bu qədər bahalanıb:

- Çörək məmulatları və yarmalar – 17%
- Ət məhsulları – 5,5%
- Balıq məhsulları – 12,8%
- Süd məhsulları, pendir və yumurta – 11,2%
- Yağ və piylər – 25,3%
- Meyvə – 10,5%
- Tərəvəz – 4%
- Qənd, cem, bal, şokolad və konfetlər – 19,4%
- Digər kateqoriyalara aid edilməyən ərzaq məhsulları – 22,3%
- Qəhvə, çay, kakao – 29,3%
- Mineral sular, sərinləşdirici içki və şirələr – 25%
- Araq, brendi (konyak) – 15,1%
- Tütün məmulatı – 55,8%

Beləcə, vətəndaşın gəliri əlinə çatmadan, inflyasiya öz işini görür. Aktual sual doğur: Əhali gəlirlərinin inflyasiyanın “yeminə” çevrilməməsi üçün nə etmək lazımdır?

Buna da bax: Bahalaşmanı hökumət də təsdiqlədi

“Hər hansı gəlir artımından danışmaq məntiqli deyil”

İqtisadçı ekspert Rəşad Həsənov indiki şərtlər daxilində hər hansı gəlir artımından danışmağı məntiqli saymır: “Gəlirlərin artımı, sadəcə, xarici valyutada əməkhaqqı alan vətəndaşlar üçün mümkündür. Digər sahələrdə, məsələn, dövlət sektorunda gəlirlərin böyük bir qismi, əslində, "paket" gəlirləri idi və bunlar artıq bir çox istiqamətdə dayandırılıb. Özəl sektorda çalışanların gəlir və maaşlarında azalma davam edir. Bunlarla yanaşı, bir çox sahələrdə əmək qüvvəsinə tələbatın azalması ixtisarların çoxalmasına yol açıb. Bütün bunların fonunda Ünvanlı Sosial Yardım alan ailələrin də sayında azalma gözə dəyir. Belə bir şəraitdə əhalinin gəlirlərində DSK-nın 8,7 faiz artım qeydə alması düşündürücüdür”.

Buna da bax:​ Bahalaşmanın səbəbi təkcə dollardırmı? [video]

“Real inflyasiya səviyyəsi indiki göstəricidən çox, gəlirsə aşağıdır”

R.Həsənov da inflyasiya həddi ilə əhalinin gəlirlərindəki artım arasındakı fərqə diqqət çəkir: “Rəsmi məlumata görə, inflyasiya 11,6 faiz olub. Ərzaq məhsullarında bu göstərici 13,4 faiz, qeyri-ərzaq mallarında 16,3 faizdir. Əhalinin öz gəlirlərinin təxminən 79 faizini istehlaka sərf etməsi nəzərə alınsa, bu zaman gəlirlərin rəsmi artımı və rəsmi inflyasiya arasındakı fərq 6-7 faiz olar. Əslində, real inflyasiya səviyyəsi indiki göstəricidən çox, gəlirsə aşağıdır”.

Buna da bax:​ Devalvasiyadan sonra qiymətlərin nə qədər qalxdığı açıqlandı

Ekspertin fikrincə, iki il öncəylə müqayisədə əhali alıcılıq qabiliyyətini, ən azı, 35-40 faiz itirib. İnflyasiyanın, əsasən, idxaldan qaynaqlandığını söyləyən ekspert belə hesab edir ki, bənzər hallarda hökumət rəqabət mühitinin dərinləşdirilməsi hesabına qiymətlərin nisbətən tənzimlənməsini və pensiya, müavinət, təqaüd, əməkhaqqı və s. gəlirlərdə artımı təmin etməlidir.

Şərhləri göstər

XS
SM
MD
LG