Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:26

Bağdadda amerikalıları “iranyönlü şiələr oğurlayıb”


İraq təhlükəsizlik qüvvələrinin döyüşçüsü Bağdadda
İraq təhlükəsizlik qüvvələrinin döyüşçüsü Bağdadda

ABŞ mənbələri bildiriblər ki, bu hadisədə Tehranın hər hansı bir şəkildə əli olduğunu söyləmək üçün əsas verəcək heç bir dəlil yoxdur.

Reuters agentliyinin verdiyi xəbərdə deyilir ki, Bağdadda ötən həftə itkin düşmüş amerikalılar İran tərəfindən dəstəklənən silahlı qruplaşma tərəfindən oğurlanıb.

Ötən həftə Bağdadda oğurlanmış üç ABŞ vətəndaşının şiə silahlı qruplaşması tərəfindən oğurlandığını İraqın iki və Birləşmiş Ştatların da iki kəşfiyyat orqanı təsdiq edibılər.

ABŞ mənbələri bildiriblər ki, bu hadisədə Tehranın hər hansı bir şəkildə əli olduğunu söyləmək üçün əsas verəcək heç bir dəlil yoxdur.

Kəşfiyyat orqanı həmçinin amerikalıların İran ərazisində saxlandıqlarının güman edilmədiyini bildirib.

“Onlar şəxsi və ya maliyyə zəminində deyil, amerikalı olduqlarına görə oğurlanıblar” – bildirib sözü gedən mənbə.

Dövlət Departamenti “oğurlanıblar” demir

İraq kəşfiyyatı isə bildirir ki, naməlum silahlılar amerikalıları Bağdadın cənub-şərqindəki Dora məhəlləsində, özəl mülkdən oğurlayıblar.

Vaşinqton İranla yumşaq davranışına görə tənqid olunur
Vaşinqton İranla yumşaq davranışına görə tənqid olunur

Reuters yazır ki, İraq hökuməti şiə yaraqlıların cilovlanması üçün uzun illərdir mübarizə aparır. Bu qruplaşmalar 2003-cü il müdaxuiləsinin ardınca ABŞ qüvvələrinə qarşı da döyüşüblər.

Onların əvvəllər də Amerika vətəndaşlarını oğurlamaları və qətlə yetirmələri barədə faktlar olub.

Lakin ABŞ hərbçiləri İraqı 2011-ci ildə tərk edəndən sonra burada ABŞ vətəndaşlarının oğurlanması hadisələri olmayıb.

ABŞ Dövlət Departamenti bildirib ki, Vaşinqton itkin düşən şəxslərin yerinin müəyyənləşdirilməsi üçün İraq hökuməti ilə əlaqəli iş aparır.

Dövlət Departamentinin bəyanatında amerikalıların oğurlanması barədə heç nə deyilmir.

Bəzi qeyri-rəsmi təfərrüatlar

Bu arada Londonda mənzillənmiş Təhqiqat Jurnalistikası Bürosunun (The Bureau of Investigative Journalism) internet saytında dərc olunmuş məqalədə deyilir ki, Bağdadda ötən cümə oğurlanmış üç amerikalıdan ikisi ABŞ-ın İraqın təhlükəszilik qüvvələrinin təlimləndirilməsi üçün təşkil etdiyi milyonlarla dollarlıq layihənin iştirakçıları ola bilərdilər.

Onlar İraq təhlükəszilik qüvvələrinə İslam Dövləti adlanan təşkilara qarşı mübarizədə dəstək verməlidirlər.

Büro habelə layihənin Amerikanın “General Dymanics” müdafiə şirkəti tərəfindən icra olunduğunu xəbər verir. Bu da qeyd olunur ki, bu şirkətin təlim işlərinə cəlb edilməsi yarımməxfi şəraitdə həyata keçirilirmiş.

Büro yazır ki, indi İraqın xüsusi qüvvələrində müqavilə ilə işləyən amerikalıların olması diqqət mərkəzinə gələ bilər.

Ərəb mənşəli amerikalılar

“The Wall Street Journal” qəzeti də oğurlanmış üç amerikalıdan ikisinin “General Dynamics” şirkətinin müqaviləli işçisi olduğunu yazıb.

Qəzet sözü gedən şəxsləri Misir əsilli amerikalı Amro Mohammed, İraq mənşəli ABŞ vətəndaşı Wael al-Mahdawy olaraq adlandırıb.

Qəzet üçüncü şəxsin İraq əsilli ABŞ vətəndaşı, xanım Russel Furat olduğunu yazır.

Bir sıra Amerika qəzetləri ABŞ hökumətinin bu insidenti çox da hay-küyə salmamağa çalışmasını İranla yaxınlaşmanı istəməyən Amerika siyasətçilərinin tənqidindən yayınmaq niyyəti ilə izah edir.

Tənqidçilər deyirlər ki, İranın üzərindəki sanksiyaların qaldırılması ərəfəsində ABŞ dənizçilərinin həbs edilməsinə Vaşinqtonun yumşaq reaksiyası da bununla bağlı olub.

ABŞ mühafizəkarları iddia edirlər ki, İranla yaxınlaşma Tehranın gələcəkdə daha çox təxribatlar törətməsinə rəvac verəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG