Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:32

«Azərittifaq» sözü sizə tanış gəlir?..


«Azərittifaq» Səhmdar Cəmiyyətinin binası

«Azərittifaq» Səhmdar Cəmiyyətinin binası

«Azərittifaq» əvvəlki şöhrətini qaytarmağa çalışır. Bundan ötrü kənd təsərrüfatı məhsullarının yeni tədarük qaydalarından yararlanmaq imkanlarını götür-qoy edir. Yeni qaydaları hökumət müəyyənləşdirib.

Sovet İttifaqı dönəmində adı dillərdən düşməyən, hər kənddə «izi» buraxan «Azərittifaq»ın adı artıq unudulmaqdadır. Sözügedən qurumun illik şura iclasındakı müzakirə də bunu göstərir. Məlum olub ki, ölkənin bütün bölgələrinə səpələnmiş kooperativ təşkilatlarının toplam ticarət dövriyyəsi (2,2 milyon manat) bir supermarket qədər də deyil. Əksər kooperativ təşkilatları isə ticarət fəaliyyəti göstərmir, olsa-olsa, dükanları icarəyə verib. Dövlət büdcəsinə vergi ödəmələri isə 671 min manat olub.

Əvvəlki illərdə «Azərittifaq»ın saysız-hesabsız istehsal, iaşə və ticarət obyekti satılıb. Son şura iclası da istisna deyildi. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının İdarə Heyəti daha bir neçə əsas vəsait və yarımçıq tikilinin satışına qərar verib.

«Azərittifaq»ın maliyyə və mühasibat uçotu idarəsinin rəisi Fəxrəddin İsmayılov AzadlıqRadiosu-na deyib ki, prezident İlham Əliyevin sərəncamı ilə «Ərzaq məhsullarının tədarükü və təchizatı» ASC-nin yaradılması qurumun tədarük fəaliyyətini canlandıra bilər. Ötən il cəmi yarım milyon manatlıq məhsul tədarük edilib və satılıb:

«Kəndlidən meyvə-tərəvəz məhsullarını tədarük edib, dövlət təşkilatlarına satış funksiyasını öz üzərimizə götürə bilərik. Buna lazım olan maddi-texniki bazamız da var».

Qurumun Xırdalanda meyvə-tərəvəz bazası, bir neçə rayonda isə anbarları qalıb. Amma məsələ bununla bitmir, bəlli təminat da verilməlidir. «Azərittifaq»da ondan ehtiyatlanırlar ki, kəndlidən beh qarşılığında satın alınan meyvə-tərəvəz və quru meyvələr müəyyən səbəbdən «əllərində qalar» və beləcə, zərərə düşərlər.

İdarə Heyətinin sədri Eldar Quliyevin məhz təminat almaqdan ötrü kənd təsərrüfatı naziri Heydər Əsədovla görüşdüyü bildirilir.

Maraqlıdır ki, «Azərittifaq» bu gün də ən çox payçısı (400 min nəfər) olan kommersiya təşkilatıdır. Amma mənfəət olmadığından, onlar bundan heç bir xeyir götürə bilmirlər.

XS
SM
MD
LG