Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:57

Fransaya qurbağa əti göndərən Azərbaycan şirkəti

“Azerifrog” adı altında xarici bazara qurbağa məhsulu çıxaran ilk azərbaycanlıdır. Fransada təhsil almış Rauf Hüseynzadə qurbağa ətinə marağı görüb Azərbaycanda belə bir istehsal müəssisəsi qurmaq qərarına gəlib: “Azərbaycanda olan qurbağalar yeyilməyə yaramır, onlar parazitdirlər. Biz qidaya yararlı qurbağanı Braziliyadan gətirdik”, Rauf Hüseynzadə AzadlıqRadiosu-na deyir.

O, biznesini Salyanın Şorsulu kəndində qurub. Deyir ki, qurbağaların yetişdirilməsindən ötrü xüsusi şərait qurub: “İşçilər də var, ancaq kənar şəxs bura girə bilməz”.

“Fransaya qurbağa göndərilib”

Rauf Hüseynzadə Azərbaycanda Neft-Kimya Universitetini bitirdikdən sonra Fransanın Nant şəhərində 4 il təhsil alıb, qurbağa ətinin yeyilməsini də oradakı restoranlarda görüb. İdeyası onu yeyilən qurbağa növlərini öyrənməyə vadar edib və 2015-ci ildə “Azerifrog” şirkətini təsis edib, bu ilin yayında isə istehsala başlayıb.

Buna da bax:​ Azərbaycan xaricə qurbağa əti ixrac edir

O, bəzi sualları kommersiya sirri saydığından cavablandırmaqdan imtina edir, ancaq deyir ki, artıq Fransada müəyyən firmalarla müqavilələr imzalayıb. Rauf Hüseynzadə Fransadan başqa, Kanada, İspaniya, Çin və Norveçə də qurbağa əti ixrac etməyi nəzərdə tutur.

Sahibkar ilkin investisiyanı özü yatırıb və türk mütəxəssisləri ilə çalışır.

“Məhsul Avropa standartlarına uyğun gəldi”

Artıq Standartlaşma, Metrologiya Patent üzrə Dövlət Komitəsi Azərbaycanda yetişdirilən qurbağanın ətinə sertifikat da verib. Komitənin mətbuat katibi Fazil Talıblı belə deyir: “O standartlarda qurbağa ətinə dair tələblər mövcuddur və bizə təqdim edilən nümunə bu tələblər əsasında laboratoriyada yoxlanıldı. Sınaqların nəticələrinə görə, qurbağa əti həm gigiyenik, həm fiziki kimyəvi, həm də mikrobiologiyasına görə standarta uyğun gəldi”.

Qurbağa əti Komitənin nəzdində fəaliyyət göstərən Təcrübə-Sınaq Mərkəzinin laboratoriyasında yoxlanıb. “Bu, müasir avadanlıqlar, peşəkar kadrları olan yeyinti və kənd təsərrüfatı məhsullarının sınağı laboratoriyasıdır. Bu laboratoriya Almaniya Akkreditasiya Qurumu (DakkS) tərəfindən akkreditasiya olunub. Buna görə də laboratoriyanın sınaqları Avropa ölkələrində tanınır”, Fazil Talibli deyir. Əlavə edir ki, qurbağa yetişdirən sahibkar da onların sənədi əsasında malını Avropaya çıxardır.

Buna da bax:​ Qurbağa qurultusundan qulaq tutulan keçmiş «Südçülük sovxozu»

Kənd Təsərrüfatı Nazirliyindən Azərbaycanda qurbağa əti istehsalını normal qarşılayırlar, deyirlər ki, ərzaq təhlükəsizliyinə zidd deyilsə, qanunvericiliyə uyğundursa, ölkəyə gəlir gətirən hər bir aqrar biznesini dəstəkləyirlər.

Bəs qurbağa əti ölkəyə nə qədər gəlir gətirəcək? Sahibkar Rauf Hüseynzadə bu barədə danışmağa xəsislik edir, daha doğrusu, kommersiya sirri olduğunu əsas gətirir. Bəs Azərbaycan dünya qurbağa əti ixracatında özünə yer tutacaqmı? Rauf Hüseynzadə “bunu gələcək göstərər” deyir.

Qonşu Türkiyə qazanır

Qonşu Türkiyə isə adını qurbağa əti ixracatçısı ölkələri siyahısına salıb. Bu ölkədə artıq bir neçə şirkət xaricə qurbağa əti satmaqla məşğuldur. Ölkə mətbuatının yazdığına görə, şirkətlər, əsasən, qurbağaları toplayıb satırlar. Bu işin yüksək gəlir gətirməsi yerli istehsalçıları həvəsləndirib. Ötən il artıq süni şəraitdə qurbağa bəslənməsinə başlanıb.

Yerli mətbuat yazır ki, qurbağa ixracı Türkiyəyə milyonlarla dollar gəlir gətirir. Məsələn, 2013-cü ildə ölkənin bu biznesdən gəliri təxminən 30 milyon dollar olub.

Buna da bax:​ Qurbağa yumurtalarını belə qoruyur

“Yerli qurbağalar da yeməlidir”

Rauf Hüseynzadənin Azərbaycanda ilk sayılan biznesi ayaq tutsa, deyəsən, onun ardıcılları olacaq. Hər halda Azərbaycan vətəndaşı Emin Məmmədov 5 il öncə bu ideyanı ortaya atıb alıcı axtaranlardan olub: “Alıcı da tapmışdım, ancaq gərəkən avadanlıq üçün zəruri ilkin vəsaiti verən olmadı”.

Emin Məmmədov deyir ki, o, dünya bazarına yerli qurbağaları çıxaracaqdı: “Mən zooloqlarla da danışmışdım. Bizdə yerli qurbağalar yeməlidir, həm də ekoloji cəhətdən təmizdir. Ancaq standarta uyğun olması üçün müəyyən şəraitdə saxlamalıydım. Buna isə vəsait tapmadım”, o əlavə edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG