Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 17:34

Anar Mahmudov: 'Suriyada heç bir cinayət törətməmişəm'


►Təqsirləndirilən: “2013-cü ilin fevralında evdən 300 dollar götürüb getmişəm. Görəndə ki, vəziyyət başqa cürdü, dərhal da qayıtmışam”

"İnternetdə gördüm ki, orada müsəlmanları qırırlar. Mən də ora müsəlmanlara kömək məqsədilə getmişəm. Orada bir həftə olmuşam və bu müddətdə gördüm ki, orada olanlar müsəlmanlara qarşı deyil. Müsəlmanlar özləri bir-birinə qarşı vuruşurlar. Ona görə də biət eləmədim və geri qayıtdım".

Bunu Suriyada qanunsuz birləşmələrin tərkibində döyüşməkdə ittiham edilərək həbs olunan 36 yaşlı Elvin Əsgərov məhkəmədə ifadə verərkən deyib.

“ƏMİRİMİZLƏ GÖRÜŞDÜM”

İyulun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə məhkəmə istintaqı başlayıb. Elvin Əsgərovla yanaşı, 28 yaşlı Anar Mahmudov da məhkəmə qarşısına çıxarılıb. Onlar Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanasında saxlanılır.

Məhkəmədə prokuror ittiham aktını elan edib. İttiham aktında göstərilib ki, Elvin Əsgərov və Anar Mahmudov Suriyada BMT tərəfindən terror təşkilatı kimi tanınan "Cəbhət Ən Nusra"nın "Cumdul Xəlifə" qruplaşmasının fəaliyyətində dini düşmənçilik zəminində hökumət əleyhinə döyüşlərdə iştirak ediblər.

Ardınca təqsirləndirilən şəxslər ifadə veriblər.

Xaçmaz sakini Anar Mahmudov ifadəsində özünü qismən təqsirli bildiyini deyib. 2009-cu ildən İslam dininin sünni təriqətinin sələfi qoluna etiqad etdiyini deyən Anar Mahmudovun sözlərinə görə, 2013-cü ildə Suriyaya gedib:

"Xaçmazdan olan uşaqlarla əlaqə saxladım, Suriyaya getmək istədiyimi dedim. Türkiyədə yaşayan Xalid adlı şəxsin nömrəsini verdilər. Gürcüstana, oradan Türkiyəyə getdim. Orada Xalidlə görüşdüm. Türkiyə-Suriya sərhədindən hamı kütləvi şəkildə keçirdi. Biz də əsgərlərin yanından sakitcə keçib getdik. Orada əmirimiz "Abu Hafs"la görüşdüm. Onun əsl adı İntiqam Əliyev idi. Mən ora müsəlmanlara kömək məqsədilə getmişdim".

“ÇOX PEŞMANAM”

Anar Mahmudov Suriyaya gedəndən təxminən 5 ay sonra ayağından yaralanıb və bir neçə gündən sonra geri qayıdıb. Bu barədə danışan Anar Mahmudov deyir ki, postda dayanırmış, elə həmin vaxt qarşı tərəfin iki gülləsi ona dəyib:

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

"Dörd gün xəstəxanada yatdım, əməliyyat olundum. Sonra baş verənlərdən qorxub geri qayıtdım. Mən nə burada, nə də Suriyada heç bir cinayət törətməmişəm".

Anar Mahmudov Suriyaya getdiyinə görə peşman olduğunu deyir. Onu da qeyd edir ki, bu addımı pula görə yox, əqidəsinə görə atıb. Suriyaya getdiyinə görə pul almadığını bildirən Anar Mahmudovun sözlərinə görə, orada xeyli azərbaycanlılar var.

"Çox peşmanam. Əgər Qarabağda müharibə başlasa, gedib torpaqlarımızın azadlığa uğrunda vuruşmağa hazıram", - deyə Anar Mahmudov ifadəsinin sonunda qeyd edib.

“EVDƏN 300 DOLLAR GÖTÜRÜB GETMİŞDİM”

Digər təqsirləndirilən Elvin Əsgərov isə ittihamda göstərilənlərlə razılaşmır. Deyir ki, "Cəbhət Ən Nusra" təşkilatının tərkibində vuruşduğu barədə yazılanlar yalandır. Onun sözlərinə görə, Suriyada cəmi bir həftə olub, oradakı döyüşlərin müsəlmanlara qarşı olmadığını, müsəlmanların özlərinin bir-birilə vuruşduğunu anlayan kimi geri qayıdıb. O da Suriyanın Atma şəhərinə Türkiyədən keçib. Türkiyəyə isə Gürcüstandan gedib:

"Bizi "Abu-Hafs"ın yanına apardılar. Mən "Cəbhət Ən Nusra"ya biət eləməmişəm, onun tərkibində olmamışam, döyüşlərdə iştirak eləməmişəm. Çünki ora müsəlmanlara kömək etmək məqsədilə getmişəm. 2013-cü ilin fevralında evdən 300 dollar götürüb getmişəm. Görəndə ki, vəziyyət başqa cürdü, dərhal da qayıtmışam. Allah şahiddir ki, mən yalan danışmıram, əqidəmə ziddir. Suriyanın Atma şəhərində bir evdə 20-25 azərbaycanlı qalırdı. Onların arasında döyüşməyə gələnlər də vardı, hicrət edənlər də, ailəsilə birlikdə yaşayanlar da".

Elvin Əsgərov yaxınlarına xaricdə işləməyə getdiyini deyibmiş: "Onlar Suriyaya gedəcəyimi bilmirdilər. Ailəmi, uşaqlarımı Allahın ümidinə qoyub getdim. Hamı Allahın ümidinədir, o cümlədən mən də. Orada bomba düşüb ölə də bilərdim. Mən peyğəmbər yolu ilə gedənlərdənəm".

“BİR HƏFTƏYƏ GÖRƏ CƏZALANDIRMAQ DOĞRU DEYİL”

Elvin Əsgərov 2013-cü il fevralın 24-də evdən çıxıb, martın 13-də geri qayıdıb. Qayıdandan sonra ailə qurub, iki övladı var.

Bu məhkəmə prosesi iyulun 25-də şahid ifadələrilə davam edəcək.

Elvin Əsgərovun yaxınları onun səhvini etiraf edir.

"Onu aldadıb, təsir altına salıblar" deyən əmisi Elşən Əsgərov deyir ki, bir həftəyə görə onu 10-15 il həbslə cəzalandırmaq doğru deyib: "Özü də dedi ki, başqa niyyət olduğunu bilən kimi geri qayıtdım. Bunu nəzərə almalıdırlar. O qədər maddələri yazıblar ora..."

Qardaşı Vasif Əsgərov da Elvinin ailəsinin çətin vəziyyətdə olduğunu deyir.

XS
SM
MD
LG