Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 07:25

Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın ölkədə uğursuz çevriliş cəhdindən sonra atdığı addımları Azərbaycan qarabaqara izləyir. Türkiyə hökuməti bu cəhdin arxasında ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-in dayandığını deyir. Azərbaycanda isə hakimiyyət Gülen-ə bağlı qəzeti, ölkədə ən yaxşı ali təhsil müəssisələrindən sayılan Qafqaz Universitetini bağlayır.

Eurasianet.org saytında Eldar Məmmədov yazır ki, Bakı Gülen təşkilatına Ankara kimi «terrorçu» damğası vurmasa da, İlham Əliyev administrasiyası Ankaranın baxışlarını tamamilə mənimsəyir. Bu səbəbdən Gülen-in nüfuzunun məhdudlaşdırılmasını hədəfləyən qərarların arxasında siyasi motivlərin durduğu aydın görünür. (Avropa Parlamentində Sosialistlər və Demokratlar Qrupunun siyasi müşaviri olan Eldar Məmmədovun məqalədə şəxsi mövqedən çıxış etdiyi qeyd olunur – AR).

NƏ VAXTSA DOST İDİLƏR...

«25 il öncə durum tam fərqli idi. 1990-cı illərin əvvəllərində Azərbaycan Gülen-ə bağlı qurumları gülərüzlə qarşılayırdı. Keçmiş prezident Heydər Əliyev administrasiyası bu hərəkata Azərbaycanla Türkiyə arasında əlaqələrin sıxlaşdırılmasından ötrü faydalı vasitə kimi baxırdı. Hərəkatın güclü millətçiliyini nəzərə alaraq, türkçülüyə söykənən milli mənsubiyyət formalaşdırmağa çalışırdı», - yazan müəllif Gülen-ə bağlı məktəblərin ölkədə «türk məktəbləri» kimi yaxşı ad çıxardığını yada salır. Amma Erdoğan-ın Gülen-lə münasibətləri pisləşincə, hər şey dəyişdi. İlham Əliyev administrasiyası həmin məktəblərin idarəçiliyini SOCAR-a verməli oldu. Hərəkatla əlaqələri olmaqda şübhəli bilinən məmurlar işdən çıxarıldı.

Buna da bax - Bakıda 'nurçu' rüzgarı?

«Türkiyədə uğursuz çevriliş cəhdindən sonra Azərbaycanda Gülen-in son izləri də silinməkdədir. Əliyevdən ötrü bu, Erdoğan-a sədaqəti təsdiqləməyin nisbətən havayı yoludur. Son aylar ikitərəfli əlaqələr bir az pozulmuşdu, Bakının Rusiya-Türkiyə mübahisəsində neytral mövqe tutması Erdoğan-ı cırnadırdı. «Bir millət, iki dövlət» şüarına rəğmən Azərbaycanın neytrallığı Ankaraya təhqir kimi gəlirdi», -müəllif yazır.

ERDOĞAN-I MƏMNUN ETMƏK

Yazıda vurğulanır ki, Bakının Ankaranın dəstəklədiyi Transxəzər nəqliyyat dəhlizi layihəsinə könülsüz yanaşması da Erdoğan-ı narazı salırdı. Azərbaycan Türkmənistanla münasibətlərinin zəifliyi üzündən tərəddüd edirdi. Həm də Əliyev ölkənin Rusiya və İranla enerji sazişlərində balansı qorumağa çalışırdı. Axı Moskvayla Tehran cidd-cəhdlə Transxəzərə qarşı çıxırdı.

Müəllif bu gün Əliyevin Türkiyəylə güclü iqtisadi və təhlükəsizlik əlaqələrinə ehtiyacı olduğunu qeyd edir. Neftin ucuzlaşması ölkə iqtisadiyyatına zərbə vurub. Dağlıq Qarabağ münaqişəsində Ankaranın hərbi dəstəyi gərəkir. «Gülen-ə bağlı qurumların bağlanmasıyla Azərbaycanda Qızıl Şərq hərbi bazasının türklərə verilməsi xəbərinin eyni vaxta düşməsi də diqqət çəkir».

Buna da bax - Fethullah Gülen-in Azərbaycan bağları...

DAHA DƏRİN SƏBƏBLƏR

«Azərbaycanda Gülen-çilərə təzyiqlərin arxasında daha geniş geosiyasi səbəblər dayanır. Gülen-çi ideologiyasının kökündə sünni mühafizəkarlığı ilə neoosmanlı türk millətçiliyi dayanır. Onlar Avrasiyada, türklərin yaşadığı ərazilərdə türk liderliyinin bərpasına çalışırlar. Bu yanaşma isə Azərbaycanın digər güclü qonşularının – Rusiyayla İranın ideya və siyasətiylə toqquşur. Rusiya öz ərazisində, Tatarıstandan savayı, bütün Gülen məktəblərini bağlayıb, bu hərəkatın pan-türkçülük və islamçılıq yaymasından narahatdır», - yazan müəllif İranla bağlı məsələnin daha qəliz olduğunu qeyd edir. Belə ki, Gülen İran şiələrinə «ikiüzlü» deyir. İran isə ərazisində Gülen məktəblərinin yaradılmasına icazə verməyib.

Müəllif Əliyev administrasiyasının son vaxtlar təkcə Moskvayla deyil, Tehranla da münasibətləri yaxşılaşdırmağa çalışdığını vurğulayır. Avqustun 8-də Bakıda üçtərəfli sammit də keçirilir. Beləliklə, Gülen məktəblərini məhv etməklə, hakimiyyət təkcə Türkiyəylə deyil, Rusiya və İranla münasibətlərdə də diplomatik xal qazanmış olur.

NƏ İTİRİB, NƏ QAZANIRIQ?

Amma müəllif Gülen hərəkatının Azərbaycandan çıxarılmasının əks təsiri olduğunu da qeyd edir. Belə ki, bu məktəblər Azərbaycan gənclərinin beynəlxalq universitetlərə qəbulunda bilet rolunu oynayırdı, özəlliklə, riyaziyyat və xarici dillər üzrə akademik uğurlarıyla öyünürdülər.

«Bu məktəblərin yeni rəhbərliyi standartları eyni səviyyədə saxlaya biləcəkmi, bunu gələcək göstərər. Sosial mühafizəkarlığına baxmayaraq, bu hərəkat İslamın mötədil versiyasını yayırdı, radikallaşmanın əngəllənməsinə çağırırdı. Azərbaycanda son zamanlar radikal sələfilərin nüfuzu yüksəlməkdədir. Eləcə də bəzi şiə cərəyanları indiki dünyəvi sistemin İran-əsaslı teokratiyayla əvəzlənməsini istərdi».

«Gülen hərəkatını boğmaq qərarı Azərbaycan hökumətinə əlüstü siyasi fayda gətirə bilər. Amma sonucda, Gülen-çi təsirinin itməsi Azərbaycan cəmiyyətinə kömək edəcək, yoxsa ziyan vuracaq, bunu zaman göstərəcək».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG