Deputatların etik davranış kodeksi hazırlanıb. Sənəd deputatın davranışında, fəaliyyətində, bəyanat və çıxışlarında etik normaları tənzimləyəcək və buna hüquqi müstəvidə yanaşacaq.
Ancaq belə Kodeksə ehtiyac varmı?
Hüquqşünas Aslan İsmayılovun fikrincə, deputatların etik davranış kodeksinin yaranmasına ehtiyac yoxdur. Onun sözlərinə görə, 50-100 min insanı təmsil edən deputata özünü necə aparmağı öyrətmək məntiqsizdir. Aslan İsmayılov deyir ki, küçədən keçənləri parlamentə təyin etmək lazım deyil. Hüquqşünasın fikrincə parlamentə deputatlar seçki yolu ilə düşsəydi, belə problemlər olmazdı.
Keçmiş deputat Nazim Bəydəmirli belə bir kodeksin yaranmasına lüzum görmür. Onun sözlərinə görə, parlamentin mövcud daxili nizamnaməsində etik davranış qaydaları yazılıb. Nazim Bəydəmirli bildirir ki, deputat davranışı ilə, danışığı ilə cəmiyyətə nümunə olmalıdır. Onun fikrincə əgər deputatlar davranışı və ya danışığı ilə bu qaydaları pozursa, parlament daxili nizamnaməyə istinad etməlidir.
Keçmiş deputat, eyni zamanda Milli Məclisin İntizam komissiyasının üzvü olmuş Gülər Əhmədova bildirir ki, ehtiyac olmasaydı, belə bir addım atılmazdı. Onun sözlərinə görə, mövcud şəraitə uyğun olaraq qanunlara əlavə və dəyişikliklər edilməsi normal haldır. Gülər Əhmədova deyir ki, bu məsələdə qeyri-adi bir şey axtarmaq düzgün deyil. Gülər Əhmədova həmçinin qeyd edir ki, deputat verdiyi açıqlamaya görə özü məsuliyyət daşıyır.