Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:47

Videokameralar Bakını fasiləsiz çəkəcəklər


Ehsan Zahidov
Bundan sonra Bakıda ictimai yerlərdə polis videokameraları fasiləsiz çəkiliş aparacaqlar.

Nazirlər Kabinetinin yeni qərarına görə, əhalinin sıx toplaşdığı ərazilərdə - parklarda, xiyabanlarda, küçələrdə, məscid, kilsə, sinaqoqların ətrafında, vağzallarda, bank və kredit təşkilatlarının yaxınlığında və s. ictimai yerlərdə Daxili İşlər Nazirliyinin videonəzarət sistemləri quraşdırılacaq.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov Azadlıq Radiosuna deyib ki, məqsəd əhalinin təhlükəsizliyini təmin etməkdir:

- Hələlik qərar yenidir və onun detalları ilə tam tanış deyiləm.

KADRLARDAN NECƏ İSTİFADƏ EDİLƏCƏK?


Hüquqşünas Erkin Qədirli deyir ki, inkişaf etmiş ölkələrin əksəriyyətində ictimai yerlərdə bu cür videoçəkilişlər var və bu, təhlükəsizlik baxımından normaldır. Amma bir məsələ var ki, məhkəmə bu kadrlardan necə istifadə edəcək:

- Məsələn, bloqqerlər Emin Milli və Adnan Hacızadə 2009-cu il iyulun 8-də «Livan» restoranındakı hadisədən sonra özləri Səbail rayon 39-cu polis bölməsinə gəlmişdilər və döyülmələri barədə şikayət etmişdilər. Bu halı bölmənin yaxınlığındakı videokameralar qeydə almışdılar. Amma bloqqerlərin vəkilləri müraciət etsələr də, həmin kadrlar məhkəməyə təqdim olunmadı. Yəni, videoçəkilişin aparılması normal haldır, problem məhkəmələrin dürüst işləməməsi ilə bağlıdır.

Erkin Qədirli deyir ki, bu cür videokameralar qoyulursa, vətəndaş özü haqda həmin kamerada qeydə alınan məlumatları
Erkin Qədirli
əldə etmə haqqına sahib olmalıdır:

- Məsələn, Böyük Britaniyada belə presedent var.

«KAMERALARLA VASİTƏSİLƏ BİZİ ELƏ YERDƏN TAPIRLAR Kİ...»

Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı isə deyir ki, belə videokameralardan indiyə qədər müxalifətə qarşı dəfələrlə istifadə olunub:

- Sonuncu aksiya vaxtı polis bizi elə dar dalanlarda, gizli küçələrdə tapıb saxladı ki, orada bizi tapmaq mümkün deyildi. Təbii ki, kamera gözlərinin qarşısındadır, izləyirlər bizi, hara getdiyimizi açıq-aşkar görürlər, bu, açıq-aşkar siyasi təqibdir.

Tural Abbaslı deyir ki, belə videokameralar müxalifətin etiraz aksiyalarına gəlmək istəyən adamların yaxınlarında, qohum-əqrabasında bir xof, narahatlıq yaradır, onlar kameraya düşənlərə sonradan təzyiq olunacağından qorxurlar.

«İQTİDARIN ÇƏKİNƏCƏYİ MÜXALİFƏT YOXDUR AXI»

Daxili İşlər Nazirliyinin əməkdaşı Ehsan Zahidov isə deyir ki, polis heç vaxt siyasi məqsədlər üçün istifadə edilmir:

- Gəlin etiraf edək ki, bizdə elə bir güclü müxalifət yoxdur axı iqtidar ondan çəkinsin. Bu, əhalinin asayişinin qorunması naminə dövlət tərəfindən atılan addımdır.

Ərəstun Oruclu
Keçmiş MTN işçisi, politoloq Ərəstun Oruclu deyir ki, hökumət cinayətkarlığın qarşısını almaq, təhlükəsizliyi gücləndirmək istəyirsə, əvvəlcə korrupsiya ilə mübarizədən başlamalıdır. Hakimiyyətin indiyə qədərki təqiblər təcrübəsini nəzərə alanda belə fikirləşmək olar ki, bu kameralar insanlarda xof yaratmaq məqsədi daşıyır:

- Azərbaycanda minlərlə problem qalıb bir kənarda Nazirlər Kabineti şəhərdə total videoçəkiliş aparmaq istəyir. Yaxşı olmazdımı ki, bu videokameraları dövlət məmurların iş otağında yerləşdirəydilər, onların necə rüşvət aldıqlarını çəkərdilər, nəinki heç bir səlahiyyəti, hüququ olmayan adamları kameralar vasitəsilə nəzarətdə saxlasınlar.

Nazirlər Kabinetinin məlumatında deyilir ki, bu cür videokameraların quraşdırılması Fövqəladə Hallar, Milli Təhlükəsizlik nazirlikləri və Xüsusi Dövlət Mühafizə Xidmətinin birgə təklifidir.
XS
SM
MD
LG