Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:33

Noyabrın 5-də Bakıda Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bayraq yürüşü” keçirilib.

Bu haqda nazirliyin mətbuat xidməti xəbər verir.

Xəbərə görə, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanması olub.

Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə təhsil naziri Mikayıl Cabbarov, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, tanınmış ziyalılar, KİV rəhbərləri, QHT nümayəndələri, müəllim, tələbə və şagirdlər iştirak ediblər.

Yürüş hərbi orkestrin ifasında dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra tələbə və şagirdlər bayrağımıza həsr olunmuş şeir səsləndirib, rəqslər ifa ediblər. Sonra minlərlə yürüşçü “Azneft” meydanı yaxınlığından Dövlət Bayrağı Meydanınadək yürüş ediblər.

Azərbaycanda Dövlət Bayrağı günü noyabrın 9-da qeyd olunur.

Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Hökumətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub.

1920-ci il aprelin 27-də bolşevik işğalından sonra AXC-nin bayrağı Azərbaycan SSR-in qırmızı rəngli oraq-çəkicli bayrağı ilə əvəzlənib. 1990-cı il noyabrın 17-də Naxçıvan MR Ali Məclisinin qərarı ilə bərpa olunaraq muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli, ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.

Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur.

Əmək Məcəlləsinə əsasən, Dövlət Bayrağı günü qeyri-iş günü hesab olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG