Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:30

Rəşad Sadıqov bugünkü oyuna çıxa bilməyəcək


Ş.İrlandiya-Almaniya oyunu
Ş.İrlandiya-Almaniya oyunu

Azərbaycan futbolçuları Şimali İrlandiya yığması üçün ciddi təhlükədir. Bunu Ş.İrlandiya yığmasının baş məşqçisi Michael O'Neill deyib.

Bu gün, noyabrın 11-də Belfastda (Şimali İrlandiya) Azərbaycan yığması ilə Şimali İrlandiya yığmasının seçim oyunu olacaq.

GÖZLƏNTİLƏR BÖYÜKDÜR

Şimali İrlandiyanın təcrübəli futbolçusu Jonny Evans independent.ie saytına müsahibəsində deyib ki, Azərbaycanla zəif oyun göstərsə, Ş.İrlandiya yığması 2018-ci il Dünya çempionatına seçim mərhələsində hesabını təhlükə altında qoya bilər.

Sayt həm Azərbaycan, həm də Ş.İrlandiya futbolçularının durumunun keçmişə nisbətən xeyli yaxşılaşdığını, irlandların yalnız 3 xal yığmaqla seçim mərhələsində Azərbaycanı qabaqlaya biləcəklərini yazır.

Jonny Evans oyun ərəfəsində Azərbaycan yığmasının öncəki oyunlardakı təşkilatçılığı ilə onları təəccübləndirdiyini, indi həm azərbaycanlı, həm də irland futbolçulardan gözləntilərin böyük olduğunu vurğulayıb.

Hazırda seçim oyunlarının C qrupunda Azərbaycan 7 xalla yalnız Almaniyadan geri qalır. San-Marino və Norveç yığmasıyla oyunlarda Azərbaycan futbolçuları 1-0 hesabı ilə qalib gəlib, Çexiya yığmasıyla oyun heç-heçə bitməklə, Azərbaycanın yerini saxlamasına mane olmayıb.

Çexiya-Azərbaycan oyunu
Çexiya-Azərbaycan oyunu

Ş.İRLANDİYA DA İSRARLIDIR

Ş.İrlandiya isə Almaniyaya 2-0 hesabı ilə məğlub olduqdan sonra Azərbaycandan 3 xal geridə qalır, lakin bu fərqi noyabrın 11-də «Windsor Park» stadionunda keçiriləcək matçda aradan qaldırmaq niyyətindədir.

Ş.İrlandiya yığmasının baş məşqçisi Michael O'Neill də seçmə mərhələsində önə keçmək üçün Azərbaycan yığmasıyla oyunda 3 xal qazanmağın vacib olduğunu bildirib. BBC-yə müsahibəsində M.O'Neill «Biz Azərbaycandan 6 xal geridə qalmaq istəməzdik… Bu 3 oyunu qazandıqdan sonra onları dayandırmalıyıq, 2-ci yerə keçməyimiz gərəkdir» deyib.

Amma Azərbaycan yığmasının baş məşqçisi Robert Prosinečki deyib ki, komandası istənilən rəqibi məğlub etmək əzmindədir. «The Belfast Telegraph» qəzeti yazır ki, yığmanın kapitanı, «Qarabağ» klubunun müdafiəçisi Rəşad Sadıqov dizində problem olduğundan noyabrın 11-də oyuna qatılmasa da, R.Prosinečki komandanın uğur qazanacağına əmindir.

«YAXŞI KOMANDA OLDUĞUMUZU GÖSTƏRMƏK İSTƏYİRİK»

«Güclü oyunçuları olan komandamıza inanıram. Məncə, biz Avropa futbolunda çoxlarını təəccübləndirmişik», R.Prosinečki deyib. «Amma biz keçirdiyimiz oyunlarda bəxtəxuda deyil, yaxşı komanda olduğumuza görə qalib gəldiyimizi göstərmək istəyirik. Bu oyunda uduza da bilərik, ancaq oyunçularımız 100% bacardıqlarını edəcəklər».

Xorvatiya millisinin keçmiş müdafiəçisi R.Prosinečki Azərbaycan futbolçularının bir qədər balacaboy olduğunu, çevik olmadıqlarını, ancaq özlərinə inandıqlarını bildirib: «Əlimizdə olanların üzərində işləyirik. Bizim futbolçuların irlandları üstələyə biləcək başqa xüsusiyyətləri, oyun texnikaları və s. var. Şimali İrlandiya yığmasını üstələməyin müxtəlif yolları mövcuddur. Əsas odur ki, komanda fiziki baxımdan güclüdür və sağlamdır».

Azərbaycan-Şimali İrlandiya qarşılaşması Ş.İrlandiyanın «Windsor Park» stadionunda, Bakı vaxtı ilə saat 23.45-də başlayacaq.

XS
SM
MD
LG