Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:37

Avstriyanın da öz 'Trump'ı var


Alexander Van der Bellen (sağda) və Norbert Hofer telebatda
Alexander Van der Bellen (sağda) və Norbert Hofer telebatda

“Əvvəlcə Brexit. Sonra Trump. İndi də Avstriya?” Frans Press agentliyi bazar günü dekabarın 4-dəki prezident seçkiləri haqda məlumatına belə başlıq qoyub.

Avstriyada prezident seçkisini Norbert Hofer udsa, o, 1945-ci ildən bəri Avropada ilk ifrat sağçı prezident olacaq. Britaniyanın Guardian qəzeti onu "qoyun dərisi geyinmiş canavar" adlandırır.

Britaniyalılar referendumda Avropa Birliyindən çıxmağa səs verəndən 5 ay sonra, Donald Trump ABŞ-da prezident seçkisini udandan 4 həftə sonra Avstriyada miqrantlar və İslam əleyhinə mövqeyi ilə tanınan Hofer müstəqil ekoloq Alexander Van Der Bellenlə üz-üzə gələcək.

Avstriyda prezident rəmzi vəzifədir. Ancaq Azadlıq Partiyasından olan Hoferin udmağı Avropada populist sağların qələbəsinin rəmzinə çevriləcək. Gələn il isə Fransada, Almaniyada, Hollandiyada seçkilərdir.

"SSRİ CASUSU"

Dekabrın 1-də prezidentliyə namizədlərin son teledebatında 45 yaşlı Hofer 72 yaşlı Van der Belleni SSRİ-yə casusluqda ittiham edib. Hofer bu iddianı irəli sürərkən Avstriyanın keçmiş təhlükəsizlik xidməti əməkdaşının yazdığı kitaba istinad edib.

Van der Bellen cavab verib ki, o, bu kitabda yazılanlardan xeyli sonra xəbər tutub. Van Der Bellen deyib: “mən əgər vaxtında bunu bilsəydim, onu yazanı məhkəməyə verərdim. Bu, gülməlidir”.

"İSLAMA YER YOXDUR!"

Hofer Türkiyənin Avropa Birliyinə üzvlüyünün də əleyhinədir. O deyib ki, “əgər Türkiyə Avropa Birliyinə üzv olsa, onda o, Avstriyanın Avropa Birliyindən çıxması referendumuna çalışacaq”.

Hofer deyir: “ İslama Avsriyada yer yoxdur. “ Onun sözlərinə görə, İslam elə dindir ki, “bütün dünyanı döyüş meydanı kimi görür”.

Hofer Van der Belleni isə "kommunist", "yaşıl diktator" adlandırır.

Hofer rəqibini yeni seçilən ABŞ prezidenti Trumpı təhqir etməkdə günahlandırıb. Van der Bellen isə cavab verib ki, o, Trumpın seçki kampniyasında “seksist” bəyanatlarından dəhşətə gəlmişdi.

Avstriyada prezident seçkilərinin apreldə keçirilən birinci mərhələsində Hofer qalib gəmişdi. Sağçı partiyanın namizədi son onilliklərdə Avstriya siyasətində aparıcı rol oynayan iki mərkəzçi partiyanın namizədini ilk dəfə idi ki, arxada qoyurdu.

Mayın 22-də ən çox səs toplayan iki namizəd arasında seçkinin ikinci mərhələsini isə Van der Bellen uddu. Onun üstünlüyü cəmi 31 min səsdən ibarət idi. Ancaq Hoferin Azadlıq Partiyası seçkidə prosedur pozuntularına görə şikayət verdi və yeni seçkiyə nail oldu.

UĞURUN SƏBƏBİ

Hofer də Trump kimi qloballaşmanın, multikulturalizmin çətinliklərindən , bunlardan narazılıqlardan yararlanır. Halbuki varlı Avstriya Avropa inteqrasiyasından ən çox fayda görən ölkələrdən biridir.

Avstriyada mühacir sayı 2015-ci ildən bəri kəskin azalsa da Hofer seçki kampaniyasında miqrant axınından narazılığı qabarda bilir.

Hofer özünü sağçı saymır, mərkəzçi kimi təqdim edir. Hətta may ayında demişdi ki, “ABŞ demokratlarına baxanda o, solçudur”.

Avstriyanın Azadlıq partiyasını da o, ifrat sağçı saymır. Deyir ki, Avstriyanın bəxti gətirib ki, onun Yunanıstandakı kimi ekstremist Qızıl Şəfəq partiyası yoxdur.

Sağların seçkidə uğurunu siyasi təhlilçilər belə izah edirlər ki,populistlər çətin suallara asan cavablar verirlər, seçicilər də buna aldanır.

BƏS HOFERİN RƏQİBİ ?

Van der Bellenin yaşlı olması,tez-tez solçular mövqeyindən çıxış etməsi, ən əsası, sadə seçki platforması Hoferin işini yüngülləşdirir. Frans Press yazır ki, Van Der Bellenin əsas strategiyası odur ki, “ o, Hofer deyil”.

Hofer qələbə çalsa, bu prezidentlik rəmzi olsa da, Avrasiya beyin mərkəzindən təhlilçi Charles Lichfild deyir ki, “Hoferin seçkidə belə uğurlu iştirakı əslində daha böyük planın tərkib hissəsidir. Həmin plan isə Azadlıq Partiyasının aparıcı rol oynadığı hökumətə nail olmaqdır. Bu isə artıq real icra hakimiyyəti deməkdir və bu,gələn parlament seçkilərində əldə oluna bilən nəticədir.”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG