Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:56

►“Azərbaycanda çox yaxşı misal var – özünə umac ova bilmir, başqasına əriştə kəsir.

Ölkənin indiki ağır iqtisadi durumu Suriyanın reabilitasiyası, qurulmasına humanitar yardım göstərməyə belə əl vermir”

Prezident İlham Əliyevin İran səfərində prezident Hassan Rouhaninin “Suriya məsələsi ilə bağlı İlham Əliyevlə ortaq fikirləri paylaşdıq” deməsi Azərbaycanın kimin – Türkiyənin, yoxsa İranın yanında olması sualını yenidən aktuallaşdırıb.

İran səfərində İlham Əliyev bildirib ki, “Suriyada vəziyyəti normallaşdırmaq üçün, ilk növbədə, atəşkəs yaradılmalıdır, ondan sonra sülh bağlanmalıdır və Suriya xalqı gələcəyini, taleyini özü müəyyən etməlidir”.

İran prezidenti Hassan Rouhani də deyib ki, “regionda baş verən məlum hadisələr, eyni zamanda, Suriya məsələsi ilə bağlı ortaq fikirləri paylaşdıq. O cümlədən, aidiyyəti qurumların bu məsələlərlə əlaqədar mütəmadi məsləhətləşmələr keçirmələrinə dair ortaq razılığa gəldik. Belə bir ortaq fikrə gəldik ki, regiondakı məsələlərin həllinin yeganə yolu siyasi yoldur. Bu məsələlərin hərbi yolla həllinin perspektivi yoxdur”.

Azərbaycan orta mövqedən çıxış edir

Elxan Şahinoğlu

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, İlham Əliyevin “ölkələr bir-birinin daxili işlərinə müdaxilə etməməli, Suriya xalqı gələcək taleyini özü müəyyənləşirməlidir” deməsi İranın da maraqlarına uyğundur:

“Ancaq bu, heç də o demək deyil ki, Azərbaycan Suriya məsələsində Rusiya və İranın mövqeyini dəstəkləyəcək. Azərbaycan orta mövqedən çıxış edir”.

Politoloq Rasim Əliyev düşünür ki, hələ xarici işlər nazirinin müavini Araz Əzimovun “Bashar Assad qalmaldır, Suriyanın mövcudluğu Bashar Assad-lə bağlıdır” deməsi ölkənin siyasi kursundan xəbər verirdi:

“Bu fikirlə Azərbaycan, faktiki olaraq, Rusiyanın mövqeyini tərəfdarı olduğunu göstərirdi. Bu fikir rəsmi kursun mövqeyini çatdırmaqdır”.

____________________________________________________________

Bunlara da bax:
Bakıdan rayonlara köç başlanıb
Hakan Şükürə həbs təhlükəsi

_____________________________________________________________

Antiterror koalisiyası necə olacaq?

Elxan Şahinoğlunun sözlərincə, İlham Əliyevin Suriya ilə bağlı Tehrandakı açıqlamasından çıxış edərək demək olar ki, Azərbaycan Səudiyyə Ərəbistanının yaratdığı və Türkiyənin də yer aldığı “İslam koalisiyasına” qoşulmayacaq:

“Onsuz da Amerika ilə Rusiya atəşkəsə nail olarlarsa, “İslam Koalisiyası”na ehtiyac qalmayacaq. Bakı da “İslam Koalisiyası” mövzusunun arxa plana keçməsində maraqlıdır. Çünki Azərbaycan hakimiyyəti Suriyaya görə Türkiyə+Səudiyyə Ərəbistanı siyasi bloku ilə Rusiya+İran siyasi və hərbi bloku arasında seçim etmək istəmir”.

Xarici işlər naziri Elmar Məmmədyarov ötən həftə deyirdi ki, Azərbaycanın İslam Antiterror Koalisiyasına qoşulması məsələsi dəyərləndirmə mərhələsindədir, hələlik, qərar qəbul edilməyib. Səudiyyə Ərəbistanının Rusiya, İran və Assad rejiminə qarşı yaratdığı koalisiyaya 35-dən çox ölkə daxildir.

“Özünə umac ova bilmir...”

Elxan Mehdiyev

Elxan Mehdiyev

Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev Azərbaycanın hazırkı iqtisadi durumunun İslam Antiterror Koalisiyasında iştiraka imkan vermədiyini söyləyir:

“Azərbaycanda çox yaxşı misal var – özünə umac ova bilmir, başqasına əriştə kəsir. İş orasındadır ki, Azərbaycanın indiki ağır iqtisadi durumu Suriyanın reabilitasiyası, qurulması üçün belə humanitar yardım göstərməyə əl vermir. Ölkə iqtisadi fəlakət qarşısındadır, bunu necə edə bilər ki?”

"Azərbaycan Rusiyaya mövqeyini göstərməlidir"

Üzeyir Cəfərov

Üzeyir Cəfərov

Hərbi ekspert Üzeyir Cəfərov isə deyir ki, Rusiyanın Ermənistanı silahlandırdığı bir vaxtda Azərbaycan da bu cür beynəlxalq koalisiyalarda təmsil olunmalıdır:

“Azərbaycan bu təklifə hələ nə müsbət, nə də mənfi cavab verməyib. Ancaq koalisiyayadaxil olarsa, Əfqanıstanda NATO-nun sülhyaratma missiyasındakı kimi təmsil oluna bilər. Azərbaycan əsgərləri Əfqanıstanda hansısa aktiv döyüş əməliyyatlarında iştirak etmirlər. Yalnız post-patrul xidməti yerinə yetirməklə məşğul olurlar”.

Hərbi ekspert düşünür ki, bununla da Azərbaycan Ermənistanı silahlandıran Rusiyaya qarşı mövqedə olduğunu göstərə bilər.

Fevralın 24-də Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Ermənistana silah almaqdan ötrü 200 milyon dollar kredit ayırmasıyla bağlı Rusiya XİN-ə etiraz notası göndərib.

Buna da bax...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG