Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:39

İsa Şahmarlının intiharından 2 il ötür


İsa Şahmarlı
İsa Şahmarlı

-

"Məhz bu gün 20 yaşlı bir gənci xoşbəxt edə bilməyən cəmiyyət başqa gəncləri xoşbəxt etməklə öz günahlarını yuya bilər."

Orxan Bahadırsoy

İsa Şahmarlının ölüm günü homofobiya ilə mübarizə günüdür

Orxan Bahadırsoy
Orxan Bahadırsoy

Əgər bu kainatın və bu bəşərin bir yaradanı varsa, onun sorğu-sualı, mühakiməsi insana düşməz.

22 yanvar, 2014-cü il - yəqin ki, bu tarix hamının yadındadır. 20 yaşlı bir gənc, Azad LGBT təşkilatının rəhbəri İsa Şahmarlı göy qurşağı bayrağını boğazına dolayıb özünü asmışdı.

İsa Şahmarlının ölümündən sonra Azərbaycandakı LGBT təşkilatları və bu təşkilatlara dəstək olan tolerant insanlar onun ölüm gününü Azərbaycanda Homofobiya ilə Mübariz Günü kimi qeyd etdilər.

Azərbaycan xalqı tolerantdırmı? Toy gecəsi bakirə çıxmayan qızların saçı qırxılıb ulaq belinə mindiriləndə, parkda öpüşən cütlüklər öldürüləndə, boşanan qadınlar pozğun adlandırılanda, İsa Şahmarlı kimi gənclər intihar edəndə onun tolerant olmadığının şahidi olduq.

İsa Şahmarlının ölümünə ağlayırlar. 23 yanvar 2014
İsa Şahmarlının ölümünə ağlayırlar. 23 yanvar 2014

Amma bu o demək deyil ki, Azərbaycan xalqı heç vaxt tolerant ola bilməyəcək. Çünki bundan onillər öncə, indi dünyaya tolerantlığı ilə səs salan Avropa ölkələri də millətlərarası savaşın girdabında, homofobiyanın caynağında idi.

Bəşər bu mənasız savaşda Alan Türinq kimi elm adamını, Arthur Rembo, Paul Verlaine, Oscar Wilde kimi ədəbiyyat adamlarını qurban verdi. Bu qurbanlardan biri də vətənindən və ailəsindən qaçmağa məcbur olan Azər baycanın Babi Bədəlov kimi yenilikçi rəssamı oldu. Hələ bunlar bizim bildiklərimizin bir qismidir. Kim bilir, nə qədər bilmədiklərimiz var. Bəs deyilmi?!

Amma bu o demək deyil ki, Azərbaycan xalqı heç vaxt tolerant ola bilməyəcək.

İsa Şahmarlının ölüm gününün Homofobiya ilə Mübarizə Günü kimi qeyd edilməsi bu tolerantlığın əldə olunması üçün ən gözəl fürsətdir.

Məhz bu gün insanları görünüşünə, seksual maraqlarına, şəxsi arzu və istəklərinə görə mühakimə etməyin daşını atıb, yüksək məramlar uğrunda, azadlıq naminə, köləlikdən, tabulardan qurtulmaq eşqinə birləşmək olar.

Məhz bu gün 20 yaşlı bir gənci xoşbəxt edə bilməyən cəmiyyət başqa gəncləri xoşbəxt etməklə öz günahlarını yuya bilər.

Əlbəttə, Azərbaycan kimi iki əsrə yaxın bədəvi əsarətində qalmış, müstəmləkə həyatı sürmüş, 25 yaşlı cavan məmləkətdə və tabularla yaşayan, cürbəcür fiksiyalara inanan bir toplumda bu tolerantlıq asanlıqla əldə edilə bilməz.

Bu şəraitdə istəklərini açıq-aşkar bəyan etmiş bir LGBT nümayəndəsinin intihardan başqa çıxış yolu yox idi. İstər real həyatda, istər təxəyül məhsulu olan bir romanda – həqiqət hər yerdə həqiqətdir.

İstanbulda İsa Şahmarlının ölümünə protest edənlərin nümayişi. 25 yanvar 2014
İstanbulda İsa Şahmarlının ölümünə protest edənlərin nümayişi. 25 yanvar 2014

Amma bütün bunlardan bir dərs almağın zamanıdır. İsa Şahmarlının ölümünə qədər və ölümündən sonra baş verən bütün nifrət cinayətləri, bütün intiharlar, ailəsindən, vətənindən qaçqın düşənlərin taleyi, sevmədiyi bir ömrü yaşayanların mənəvi əzabları yetmədimi bu dərsi almağa?!

Dünyaya hamı çılpaq doğulur. Siz o çılpaq bədənə istədiyiniz donu geyindirə bilərsiz, amma onun ruhunu heç vaxt dəyişə bilməyəcəksiz. Bunun üçün tonlarla qan töksəniz də, bunun üçün əlinizdən gələn bütün zorları tətbiq etsəniz də, mümkün olmayacaq. Bu savaş bütün bəşərə ancaq zərər verəcək, ölüm və didərginlik gətirəcək.

Odur ki, icazə verin, öz bədəninə ruhunun istədiyini geyinsin hər kəs.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG