Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:27

Elman Məmmədov: «Azərbaycan əsgəri o mifi dağıtdı»


Elman Məmmədov, Xocalının keçmiş icra başçısı, Milli Məclisin üzvü

Elman Məmmədov, Xocalının keçmiş icra başçısı, Milli Məclisin üzvü

Xocalının keçmiş icra başçısı, Milli Məclisin üzvü Elman Məmmədov AzadlıqRadiosu-na danışıb.

– Elman müəllim, sizcə, son zamanlar, cəbhə xəttində baş verənlər otuz ilə yaxındır davam edən Qarabağ münaqişəsinin həllinə yardımçı olacaq, ya sülh danışıqlarını bir az da düyünə salacaq?

– Azərbaycanın bir məqsədi var – torpaqları işğaldan azad etməliyik, bir milyondan artıq qaçqın-köçkünümüzü öz yurdumuza qaytarmalıyıq. Düşmənin də məqsədi aydındır, Azərbaycan torpaqlarını işğal edib və status-kvonu saxlamaq fikrindədir. Guya bununla yaratdıqları qondarma, cinayətkar qurum ya tanınacaq, müstəqil olacaq, ya da Ermənistana birləşdiriləcək. Azərbaycanın fikrisə aydındır, onun torpaqlarında yaradılan qanunsuz qurumlar və silahlı birləşmələr kürünüb atılacaq. Biz bu istiqamətdə gedirik və buna da nail olacağıq. Bu illər ərzində Azərbaycan təkcə iqtisadiyyatını, ordusunu gücləndirməklə kifayətlənməyib, diplomatiya sahəsində də uğurlar qazanıb. Biz danışıqlar fayda vermədikdə hərbi güclə düşməni sülhə vadar edəcəyik. Bu gün təmas xəttində üstünlük Azərbaycan ordusunun tərəfindədir və heç bir təşviş, nigarançılıq yoxdur. İnşallah qarşımıza qoyduğumuz məqsədə catacağıq.

– Yəni siz münaqişənin danışıqlar yolu ilə həllinə inanmırsız?

– Azərbaycan dövlətinin siyasətinə əsaslanaraq desək, bəli, biz istəyirik müharibə olmasın. Beynəlxalq təşkilatlar da deyir ki, sülhün alternativi yoxdur. Ancaq mən Elman Məmmədov olaraq, məcburi köçkün, Xocalı soyqırımına məruz qalmış biri olaraq, millət vəkili olaraq, deyirəm ki, bu məsələnin sülh yolu ilə həlli yoxdur. Bu məsələ müharibə yolu ilə, güclə həll olunacaq. 1988-ci ildən bu işlərin içində olan biri kimi, dörd il erməniylə döyüşən insan kimi deyirəm ki, onlar xoşluqla, danışıqlarla Azərbaycan torpaqlarından getməyəcək. Onların qoyduğu şərtlər Azərbaycanın ərazi bütövlüyünə ziddir. İndi biz də güc tətbiq etməklə erməniləri sülhə məcbur etməliyik. Apreldəki proseslər həm ermənilərə, həm havadarlarına, həm də beynəlxalq qurumlara sübut etdi ki, biz buna qadirik. Müharibə alovlansa, bu, təkcə Ermənistanın günahı deyil, onu silah-sursatla təmin edən dövlətlərin də günahıdır.

– Amma Dağlıq Qarabağın azərbaycanlı İcmasının Rəyasət Heyətinin üzvü, Milli Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli AzadlıqRadiosuna müsahibəsinə demişdi ki, siz də artıq sülhə, münaqişənin sülh yolu ilə həllinə hazırsız. Baxmayaraq ki, Xocalıda 19 qohumunuzu itirmisiz...

30 nəfərdən çox qohumum, başda da 62 yaşlı anam olmaqla Xocalıda qətl edilib...

– 19 nəfər deyil. 30 nəfərdən çox qohumum, başda da 62 yaşlı anam olmaqla Xocalıda qətl edilib... Fərhad Bədəlbəylinin dediyi məsələyə də aydınlıq gətirmək istəyirəm. Bir neçə il bundan öncə Azərbaycanın Dağlıq Qarabağ icmasının üzvləri erməni icması ilə görüşdü. Fərhad Bədəlbəyli də, Polad Bülbüloğlu da, çoxları o görüşdə iştirak etdi. Mən o görüşlərdə iştirakdan imtina etdim. Mən icmalararası danışıqların əleyhinə deyiləm. Ancaq bir şərtlə! Biz o danışıqlara qalib kimi getməliyik. Onlar bizdən lazımı payını almalıdır və biz danışıqlara o cür getməliyik. Yoxsa bu gün onlar – cinayətkar bir qrup oturub orda, biz də onlardan xahiş, minnət edirik ki... Kimdir onlar axı, onların ayağına gedək? Danışıqlara getməyəcəm. Hələlik yox! Mən yox! Mən o vaxt gedəcəm ki, axırıncı Ermənistan əsgəri Azərbaycan torpaqlarını tərk edəcək.

– Bu cür mövqe danışıqları ləngitmirmi? Siz də dediniz ki, məcburi köçkünlər torpaqlarına qayıtmaq istəyirlər.

– Uzun çəkməyəcək inşallah. Buz qırılıb artıq. Onlar mif yaratmışdılar ki, cəbhəboyu yaratdıqları səngərlər toxunulmazdır, girilməzdir, ancaq Azərbaycan əsgəri o mifi dağıtdı. Nə qədər lazımdısa, getdik, uğur qazandıq, mövqelərimizi tutduq, möhkəmləndik. Bundan sonra da proses davam edəcək.

– Söhbət boyu hərbi əməliyyatların bərpasından danışırsız. Müharibənin ağrılarını yaşamış biri kimi, millət vəkili kimi bəlkə də siz sülhün önəmini vurğulamalıydınız?

– Mən sonradan millət vəkili olmuşam. Mən əvvəldən Elman olmuşam, soyqırıma məruz qalmışam. Mənim şəhərimdə soyqırım baş verib. Mənim qəlbimdə düşməndən qisas almaq, heyf almaq fikri heç vaxt çıxmayıb. Yalan danışım? Saxtakarlıq edim? Bəli, müharibə ölüm-itimdir, dağıntıdır. Amma bundan üstün olan bir şey var – torpaq! Sən torpaq uğrunda ölməyi bacarmırsansa, vətənin olmaz. Bəs onda sən bu vətənə necə vətəndaşsan?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG