"SCImago" reytinq sisteminin dərc etdirdiyi siyahıya əsasən, ötən il azərbaycanlı araşdırıcıların 1829 elmi məqaləsi yayımlanıb. Bu göstərici ilə Azərbaycan 232 ölkə arasında 92-ci yerdə qərarlaşıb. 2020-ci ildə Azərbaycanda nisbətən daha çox – 1885 akademik nəşr yayımlanmışdı. O zaman Azərbaycanın reytinqi bir pillə daha yüksək – 91-ci idi. Son bir ildə Azərbaycanda yayımlanan akademik nəşrlərin sayında nisbi azalma olsa da, əvvəlki illərlə müqayisədə artım gözə çarpır. Dörd il öncə Azərbaycanda 1383, 2019-cu ildə 1552 akademik nəşr yayımlanıb. Başqa deyimlə, son 3 il ərzində akademik nəşrlərin sayında 30 faizə yaxın artım qeydə alınıb.
"SCImago" platformasının 1996-2021-ci illər arası göstəricilərinə görə, son 25 il ərzində azərbaycanlı araşdırıcılar toplam 19170 akademik məqalə yazıb. Bu göstərici ilə Azərbaycan dünyada 94-cü yeri tutub.
Azərbaycanlı elm adamları ən çox hansı mövzuları araşdırırlar?
2021-ci ildə azərbaycanlı tədqiqatçıların elmi məqalələri ən çox kimya və kimya mühəndisliyi sahəsində olub. İlboyu yayımlanan 1829 məqalənin 445-i, yəni 24 faizi kimya ilə bağlı olub. Ardınca mühəndisliyə aid məqalələr gəlir. Ötən il azərbaycanlı araşdırıcıların bu sahədə 371 məqaləsi yayımlanıb. İnformasiya-kommunikasiya sahəsiylə bağlı yayımlar da ön sıradadır (260 elmi məqalə).
Qonşularda vəziyyət necədir?
Azərbaycan araşdırıcılarının elmi məqalələrini sayca qonşu ölkələrlə müqayisə edincə, ölkənin heç də yaxşı göstəricilərə sahib olmadığı üzə çıxır. Ötən il Azərbaycanda 1829 elmi məqalə yayımlandığı halda, həmin göstərici Gürcüstanda 2028-dir. Bu göstərici ilə Gürcüstan Azərbaycanı iki pillə qabaqlayıb. Ötən il Ermənistanda 1243 elmi məqalə dərc edilib. Ermənistan Azərbaycandan 10 pillə geri qalıb.
Ancaq nəzərə almaq lazımdır ki, elmi nəşr sayına görə müqayisə aparıldıqda, məqalələrin toplam sayı ilə yanaşı, yazılan məqalə sayının əhalinin sayına nisbətini də göstərmək vacibdir. Bu baxımdan, Azərbaycan əhalisinin sayı Gürcüstan və Ermənistanla müqayisədə xeyli çox -10 milyon 173 min nəfərdir. Bu o deməkdir ki, ötən il Azərbaycanda əhalinin hər 100 min nəfərinə 18 məqalə düşüb.
Gürcüstan statistika orqanının məlumatına görə, ölkənin əhalisi 3 milyon 686 min nəfərdir. Ötən il gürcü tədqiqatçıların 2028 elmi məqalə yayımladığı nəzərə alınsa, bu o deməkdir ki, ölkə əhalisinin hər 100 min nəfərinə 55 məqalə düşür. Ermənistanda isə əhalinin hər 100 min nəfərinə 42 elmi məqalə düşür. Bu baxımdan, üzə çıxır ki, əhalinin hər 100 min nəfərinə düşən elmi məqalələrin sayına görə Azərbaycan regionda sonuncu yerdədir.
Ən çox elmi yayımlar haradadır?
"SCImago" reytinq sisteminin bilgilərinə görə, ötən il dünyada ən çox akademik yayım Çində qeydə alınıb. Çinli tədqiqatçılar ilboyu 860 min məqalə yayımlamağı bacarıb. İkinci yeri tutan ABŞ-da bu göstərici 726 mindir. Üçüncü yerdəki Böyük Britaniyada yayımlanan elmi məqalələrin sayı 244 min, Hindistanda isə 237 mindir. Elmi məqalə sayına görə ilk beşlikdəki sonuncu ölkə Almaniyadır. Burada bir ildə 208 min elmi məqalə yayımlanıb.
Azərbaycanla qonşu olan digər ölkələrdən Rusiya 2021-ci ildə 124 min elmi məqalə sayı ilə dünyada 11-ci olub. İran illik 77 min nəşrlə 15-ci, Türkiyə isə 67 min nəşrlə 17-ci yerdədir.