Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:05

Əmir Məhəmmədi narahat edən sual


Azərbaycanda yaşayan əfqanıstanlı Əmir Məhəmməd

Azərbaycanda yaşayan əfqanıstanlı Əmir Məhəmməd

Ölkəsində əmin-amanlıq nə vaxt olacaq?

“Taliban yaşadığımız yeri tutandan sonra ordan çıxdım. Sonradan bizim yerlər dövlətin nəzarətinə keçsə də, yenə oralarda Talibanın sözü keçir...”

Əmir Məhəmməd Qurbani Əfqanıstandan Bakıya düz 16 il öncə, koalisiya qüvvələri ölkəsinə girməmişdən gəlib. Əfqanıstanın Uruzban əyalətində yaşayıbmış. Taliban oranı nəzarətə götürəndən sonra doğma yurdunu tərk edib.

Buna da bax: Əfqan qaçqınların həll olunmayan problemləri…

“Talibanın vaxtında bilirdik ki, düşmən kimdir, dost kimdir”

Əmir Məhəmməd Bakıya gələndə yeni ailə qurubmuş. İndi 15, 13 və 6 yaşında üç uşağı var. Uşaqlar Bakıda məktəbə gedir, özü də ev təmiriylə ailəsini dolandırır.

Onun Əfqanıstandan çıxdığı 16 ərzində ölkəsində çox şey baş verib. 2001-ci ilin oktyabrın 7-də koalisiya qüvvələri Əfqanıstana girib. Bacıları, qohumları Əfqanıstanda yaşadığından ölkəsi ilə həmişə maraqlanıb. Deyir ki, koalisya qüvvləri ölkəsinə girəndə sadə əfqanlar torpaqlarında terrorun, qan-qadanın qurtaracağına inanırmış. Ancaq elə olmayıb:

“Talibanın vaxtında bilirdik ki, düşmən kimdir, dost kimdir. Ancaq indi durum elədir ki, qohumlar deyir, bir vilayətdən başqa vilayətə gedəndə kimsə səni əsir götürə bilər. Bilmirsən kim, kimdir. Söhbət Talibanın olduğu yerlərdən yox, dövlətin nəzarət etdiyi yerlərdən gedir. Deyirlər, “Talibanın vaxtında heç elə deyildi”. Bilirdin ki, düşmənlər – taliblər harda var, harda yox. Amma indi kimin kim olduğunu bilmirsən. Qohumlar deyir ki, amerikalılar təzə gələndəvəziyyət yaxşıydı. Təxminən 4-5 il pis olmayıb. Sonra isə durum lap pisləşib. İndi terror, adam oğurluğu halları çoxdur. Ancaq sakitçilik olsa, yaxşıdır. Camaat işləyib dolana bilər”.

“Bilsəm ki...”

Əmir Məhəmməd deyir, “bilsəm ki, uşaqların həyatına təhlükə yoxdur, bu saat çıxıb gedərəm”:

“Ancaq uşaqlar üçün qorxuram. Kabildə bir tanışım var. Danışır ki, vaxtilə Əfqanıstandan çıxmış dostu yenidən ölkəyə qayıdıb. Biləndə ki, o, xaricdən gəlib, çox pulu olar deyə, uşağını oğurlamışdılar. Belə şeylərə, terror hadislərinə görə çox qorxuram”.

Buna da bax: Əfqanıstan qadınları hədə altında moda göstərir

Əmir Məhəmmədin uşaqlığı sovet qoşunlarının Əfqanıstana girməsi illərinə düşüb. Deyir, atasnın danışdıqlarına görə, həmin vaxtlar ölkədə durum indikindən daha yaxşıymış:

“O zaman uşaq idim. Atam danışırdı ki, onda hər şey yaxşı idi. Məktəblər, iş yerləri var idi. İndi isə...”

Əmir Məhəmməd arzulayır ki, nəhayət ölkəsinə əmin-amanlıq gəlsin, o da ailəsini götürüb 16 il öncə tərk elədiyi vətəninə qayıtsın.

Sovetlər Əfqanıstana daha çox şey vermişdi...

“Mən sovet əsgəri kimi Əfqanıstanda olanda oranı aqrar, sənayesi o qədər də inkişaf etməmiş bir ölkə, ancaq xalqını mərd, döyüşkən görmüşdüm. Onda bizə – sovet qoşunlarına qarşı vurşuşanlar sadə əfqanlar yox, Pakistanda təlim görmüş silahlı qruplaşmalar idi. Onların adı “Taliban” da ola bilərdi, “Əhməd Şeyx dəstəsi” də”.

Bunu deyən Məhəmməd Vəliyev isə 1979-1981-ci illərdə Sovet Ordusunun tərkibində Əfqanıstanda hərbi xidmətdə olub. İllər sonra, 2011-ci ildə yenidən Əfqanıstana getməli olub – bu dəfə MDB hökumət başçıları şurası yanında Əfqanıstanda həlak olub itkin düşənlər üzrə komissiyanın tərkibində. Deyir ki, bu dəfə oranı daha ağır şəraitdə görüb:

“Sovet dövründə orda 36 məscid, 72 məktəb, iş yerləri, zavodlar, fabriklər, sənaye müəssisələri tikilmişdi.Ancaq indi nə edirlər? Onda indiki kimi dinc əhali də çox həlak olmamışdı. Mən yerli əhalinin qoşunlara münasibətinin də pis olduğunu gördüm”.

Koalisiya qüvvələri Əfqanıstana 2001-ci ildə daxil olub, 2014-cü ildə çıxıb. 13 il davam edən müharibədə minlərlə dinc sakin, 2 mindən artıq amerikalı əsgər həlak olub. İndi də NATO komandanlığının Əfqanıstanda qoşunları qalır.

Azərbaycan Silahlı Qüvvələrinin 22 nəfərlik sülhməramlı tağımı 2002-ci ildən Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərməyə başlayıb. Daha sonra, 2008-ci il yanvarın 15-də onların sayı bölük səviyyəsinə çatdırılıb. 2009-cu il oktyabrın 2-də isə Milli Məclis azərbaycanlı sülhməramlı kontingentin 2 dəfə artırılması barədə qərar qəbul edib və say 90 nəfərə çatdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG