Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:24

"Azərbaycan" qəzetində Rusiyanın yoluyla getməyə çağırış


Avropa İnsan Haqları Məhkəməsi
Avropa İnsan Haqları Məhkəməsi

►"Bu, Azərbaycana başucalığı gətirməz"

"Azərbaycan" qəzetində 22 dekabr 2015-ci ildə yayılmış məqalə “Avropa məhkəməsinin hökmü yerli məhkəmələr üzərində üstünlüyə malik deyil” adlanır.

“Rəşad Baxşəliyev” imzası ilə yazılmış məqalədə qeyd edilir ki, “Azərbaycan da Avropa ölkələri kimi davranaraq, öz məhkəmələrinin qəbul etdiyi qərarların tətbiqinə üstünlük verməlidir”.

Müəllif Azərbaycanı nümunə götürməyə çağırdığı Avropa ölkələri arasında Böyük Britaniyanın, Almaniyanın, Rusiyanın və Ermənistanın adlarını çəkir.

Halbuki Azərbaycan qoşulduğu konvensiyalarla İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır.

Fariz Namazlı
Fariz Namazlı

Hüquq sahəsində mütəxəssis vəkil Fariz Namazlı məqalədə səslənən fikirlərlə bağlı bunları dedi:

“Məsələ belədir ki, Azərbaycan Avropa Konvensiyasını ratifikasiya edərkən, bəzi hallarla bağlı qeyd-şərt edib ki, bu hallarda Azərbaycan məsuliyyət daşımır. Yəni işğal olunmuş ərazilər Azərbaycanın nəzarətində olmadığından orada olan hansısa hüquq pozuntusuna görə məsuliyyət daşımadığını bəyan edir. İndiki halda Avropa məhkəməsinin bəzi qərarlarının Azərbaycan qanunvericiliyinə uyğun olmaması bəhanəsi ilə onun icrasından imtina etməsi Azərbaycanın Avropa Şurasına üzv olarkən götürdüyü öhdəliklərin və Konvensiya müddəalarının pozulmasıdır. Ona görə Rusiya kimi belə qərar qəbul etmək Azərbaycana heç də baş ucalığı gətirməz. Üstəlik Avropa Məhkəməsinin bəzi qərarlarını icra etməməyi bəyan etmə artıq həmin qərarların çıxarılmasına səbəb olmuş işlərin siyasi xarakterli olmasını etiraf etməkdir. Azərbaycanla bağlı çıxarılan qərarların böyük hissəsi seçki, ədalətli məhkəmə araşdırması, azadlıq hüquqlarının pozuntusudur. Bu hallarda hökumət öz qanunvericiliyini təkmilləşdirməli deyil, məhkəmə sistemini düzəltməlidir. Çünki qanunvericilik təkmil sayıla bilər bu hallarda, amma həmin qanunvericilik dövlət orqanları tərəfindən düzgün tətbiq edilmir və nəticədə Konvensiya müddəaları pozulur. İndiyə qədər qəbul edilən Avropa Məhkəməsinin qərarlarına görə hansısa qanunvericilik normalarının təkmilləşdirilməsini görməmişəm. Almaniya və Böyük Britaniyada ola bilər ki, qanunvericilik təkmilləşsin, amma Azərbaycanda bu variant keçərli deyil, çünki qeyd etdiyim kimi Azərbaycan Avropa Məhkəməsinin qərarlarından nəticə çıxartmır.”

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl Konstitusiya Məhkəməsinə Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını inkar etməyə icazə verən qanun imzalayıb. Bundan sonra Rusiya Konstitusiya Məhkəməsi prezident, hökumət və yaxud yerli məhkəmələrin sorğuları əsasında hər hansı beynəlxalq instansiyanın, o cümlədən Avropa İnsan Haqlar Məhkəməsinin qərarlarının icra edilib-edilməməsi barədə qərar verə bilər.

XS
SM
MD
LG