Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:55

AzadlıqRadiosunun iddiası üzrə icraat dayandırılıb


AzadlıqRadiosu
AzadlıqRadiosu

Avqustun 17-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində «RFE/RL Inc.» şirkətinin (Azad Avropa/Azadlıq Radiolarının) Vergilər Nazirliyinə iddiası üzrə proses davam edib.

İddia ərizəsində AzadlıqRadiosunun Azərbaycan Nümayəndəliyindəki səyyar vergi yoxlamasının nəticələrinə dair 10 mart 2016-cı il tarixli aktın etibarsız sayılması, eləcə də bu akt əsasında Bakı Vergilər Departamenti rəisinin müavini Raqif Qurbanovun qərarının ləğvi istənilir. Vergi yoxlaması 2007-ci dekabrın 1-dən 2014-cü il dekabrın 1-dək olan dövrü əhatə edib.

«İSTİNTAQ DAVAM ETDİYİ HALDA VERGİ ÖZ YOXLAMASINI NECƏ BAŞA ÇATDIRIB?»

Vergilər Nazirliyinin nümayəndəsi Xamis Seyranov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində «RFE/RL Inc.» şirkəti ilə bağlı istintaq başa çatmadığından, iddiaya baxılmaması barədə vəsatət qaldırıb.

AzadlıqRadiosunun nümayəndəsi Adil İsmayılov buna qəti etirazını bildirərək,istintaqın hələ bitmədiyinə dair qarşı tərəfin məhkəməyə sübut təqdim etməsini istədi:

«İstintaq davam etdiyi halda, vergi öz yoxlamasını necə başa çatdırıb və necə akt tərtib edərək, bizi cərimələyib? Fikrimcə, məhkəmədə icraat davam etdirilməlidir».

Buna da bax - 'AzadlıqRadiosunun Azərbaycan dövlətiylə problemi yoxdur'

XƏDİCƏ İSMAYILIN HƏBSİNDƏN SONRA...

AzadlıqRadiosunun Bakı Bürosunda aparılan axtarış zamanı nümayəndəliyin bütün sənədləri, o cümlədən möhür aparılıb və bugünədək qaytarılmayıb. Adil İsmayılov bildirib ki, yoxlama Xədicə İsmayılın işi ilə bağlı olub və aktdakı bəndlərdən ikisi üzrə də ona bəraət verilib.

Hakim Elçin Məmmədov qısa müşavirədən sonra icraatın dayandırılması barədə qərardad qəbul edib.

AzadlıqRadiosu aktın ləğvini tələb edir

«Səyyar vergi yoxlaması aktının ayrı-ayrı hissələri həqiqəti əks etdirmədiyindən, onun əsasında qəbul edilmiş qərarın əsassız və qanunsuz olması qənaətindəyik», - AzadlıqRadiosunun iddia ərizəsi belə başlanır və ardından deyilirdi:

Buna da bax - 'AzadlıqRadiosu mənfəət vergisi ödəyicisi ola bilməzdi'

«Akta və onun əsasında qəbul edilmiş qərara əsasən, şərti rentabellik səviyyəsi 20 faiz götürülərək, nümayəndəliyə 131 min 540 manat 86 qəpik mənfəət vergisi hesablanıb. Halbuki, «RFE/RL Inc.» şirkətinin Azərbaycan nümayəndəliyi ümumiyyətlə, mənfəət vergisi ödəyicisi deyil. Bu fakt 7 iyun 2010-cu il tarixli səyyar vergi yoxlaması aktında da öz əksini tapıb. AzadlıqRadiosunun Azərbaycan nümayəndəliyi qeyri-kommersiya təşkilatıdır və «Əsasnamə»sində də qeyd edildiyi kimi, hədəfi sahibkarlıq fəaliyyəti deyil. Xəbərlər və ideyalar yaymaqla demokratik dəyər və institutları dəstəkləməkdir. Buna görə də, qeyri-kommersiya təşkilatı kimi, mənfəət vergisi ödəyicisi ola bilməzdi. Ümumiyyətlə isə, nümayəndəliyə yalnız bir mənbədən – «RFE/RL Inc.» şirkətindən maliyyə daxil olub ki, bunu da nümayəndəliyin gəliri kimi təqdim etmək açıq-aşkar qərəzin nəticəsidir. Çünki bu maliyyə heç bir maddi gəlir gətirməyib, radionun fəaliyyətinin təşkilinə sərf edilib».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG