Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:25

Rahim Hacıyev: 'Hər şey ola bilər, həbs də istisna edilmir'


«Azadlıq» qəzetinin çapı hələ də mümkün deyil. Bu haqda AzadlıqRadiosuna qəzetin baş redaktorunun birinci müavini Rahim Hacıyev danışıb. Onun sözlərinə görə, nəşriyyata borclarının bir hissəsini ödəməyə hesabdan pul götürə bilmirlər:

«İMTINA ETDILƏR»

«Problemimiz yaranıb. Bank əməliyyatlarının aparılmasından ötrü əməkdaşlardan birinin imza nümunəsinin təsdiqi lazımdır. Yalnız bundan sonra bank əməliyyatları aparmaq mümkündür. Bu dəfə imza təsdiqinə imkan verilmədi, həmin sənədlərlə yeni imza təsdiqindən imtina etdilər. Əvvəllər dəfələrlə bu təcrübədən istifadə etmişik».

Rahim Hacıyev imtinanın səbəbini bilmir. Ancaq deyir ki, bu problem aradan qalxacağı halda qəzet yenidən çapını davam etdirə bilər: «Hesabımızda 5 min manat pulumuz var. Amma pulu götürə bilmirik. Biz o vəsaiti götürə bilsək, dərhal qəzet çıxa bilər».

«SƏYLƏRİMİZİ DAVAM ETDİRİRİK»

«Azadlıq» qəzeti əvvəllər də maliyyə çətinlikləri yaşayıb və oxucularından yardım istəyib. Ancaq Rahim Hacıyev bu dəfə yardım istəyə bilmədiklərini söyləyir. Bunu da ölkədə yaşanan iqtisadi böhranla izah edir: «Açığı, ölkədə sosial-iqtisadi vəziyyət çox ağırlaşıb, xüsusən də ikinci devalvasiyadan sonra dəhşətli nəticələrin şahidi olduq. Əhalinin vəziyyəti ağırdır, ona görə də belə yardım istəyə bilmərik. Biz sənəd problemini həll etməkdən ötrü səylərimizi davam etdiririk».

Rahim Hacıyev

Rahim Hacıyev

Qəzetin «Azərbaycan» Nəşriyyatına 20 min manat borcu var və ötən həftə borc ödənməyəcəyi halda «Azadlıq»ın çapının dayandırılacağı haqda xəbərdarlıq edilmişdi.

ƏMƏKDAŞLAR İSTİNTAQA ÇAĞRILIR

Bu arada, qəzetin iki əməkdaşı – Xəyal Babayevlə Vidadi Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindiriliblər. Ancaq sentyabrın 6-da və 7-də dindirilən əməkdaşlar yazılı iltizam verdiklərindən çağrılma səbəbləri haqda danışmayıblar. Vidadi Məmmədov, sadəcə, onu deyib ki, «Azadlıq» qəzetinin işi ilə bağlı dindirilib.

Qəzetin texniki direktoru və AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirli avqustda həbs olunub, hüquq-mühafizə orqanları onu «gülençi», «Hizmet» hərəkatının imamı kimi təqdim edir. F.Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.

AXCP sədri Əli Kərimli köməkçisi haqda ittihamı rədd edir, onun siyasi sifarişlə həbs edildiyini bildirir.

Qəzet əməkdaşlarının istintaqa çağrılması yeni həbslərin mümkünlüyü haqda ehtimallara yol açıb. Baş redaktorun birinci müavini Rahim Hacıyev deyir: «Artıq heç nə istisna olunmur. Uzun illərdir ki, azad mətbuata təzyiqlər var və bu təzyiqlər davam edir. Hər şey ola bilər, həbs də istisna edilmir».

'Azadlıq' qəzeti abunəçilərini artırmaqla böhrandan çıxmaq istəyir… (Arxiv)

Günün bütün mövzuları

XS
SM
MD
LG