Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:44

63 yaşlı yapon Atsushi Aoki-nin başına gələnlər lap filmə bənzəyir. O göl kənarında balıq tuturmuş. Birdən nərildəyən, az qala iki metrlikdə yekəpər ayı ona hücum çəkir. Kişinin yanında özünü qorumaq üçün heç bir silah olmayıb.

Nəriltisi ilə yeri-göyü titrədən ayı ilə insan üzbəüz dayanırlar. Bundan sonra iki canlı arasında can savaşı başlayır.

Yapon balıqçı özünü itirmir, özünü müdafiəyə çalışır. Nəticə də Atsushi Aoki Asiya qara ayısını qovmağa nail olub! Necə, hansı yolla? Dediyimiz kimi yaşlı kişinin əlində heç bir silah olmayıb. O yalnız karate bacarığından istifadə edib. Əlbəttə, ayını qovmaq asan başa gəlməyib.

Buna da bax: 'İki itə, bir pişiyə ayda 150 manat xərcləyirəm'

«Ayı onu bir neçə yerindən yaralayıb»

Ayının hücümündan sonra o xəstəxanaya özü gedib, hətta tutduğu balıqları da götürməyi unutmayıb.

Aokinin sözlərinə görə, o vəhşi heyvanı təhrik edəcək, qıcıqlandıracaq heç bir hərəkətə yol verməyib.

Oskar mükafatı almış «The Revenant» filmində Leonardo Di Kaprionun acıqlı ayı ilə çarpışma səhnəsində olduğu kimi Atsushi Aoki də nəhəng heyvan tərəfindən yaralanıb. Asiya ayısı başı da daxil olmaqla onu bir neçə yerindən dişləyib və cırmaqlayıb.

«Ayı o qədər güclü idi ki, məni yerə çırpdı», - zərərçəkmiş Aoki «Tokio Broadcasting System»ə söyləyir. «O məni çevirdi və bax, düz buramı dişlədi», - deyə o əlavə edir və sarınmış ayağını göstərir.

Amma yaşlı kişi təlaşa düşmür, o Asiya qara ayısından qaçıb canını qurtarmağa cəhd etmir. Əksinə aldığı zərbələrdən sonra hücuma keçir. Balıqçı özünün yaxşı sınaqdan keçmiş bacarığı olan karatedən istifadə etmək qərarına gəlir.

«Fikirləşdim ki, ya mən onu öldürəcəm, ya da o məni»

Aoki ona hücum edən vəhşi heyvan qarşısında sağ yumruğunu irəli uzadaraq döyüş vəziyyəti alır və ayının gözünə zərbə endirir. Yalnız bundan sonra ayı oradan qaçır və meşədə gözdən itir.

Buna da bax: Bahalı quşları məmurlar alırlar [bazardan reportaj]

«Mən fikirləşdim ki, ya mən onu öldürəcəm, ya da o məni», - Aoki ictimai NHK kanalına deyib.

Başından, əlindən və ayağından yaralar almasına rəğmən cəsur balıqçı maşınına minərək Tokionun şimal qərbində yerləşən Gunma-dakı xəstəxanaya gedir. Burada həkimlər onu müayinə edərək müalicəyə başlayırlar.

«O xəstəxanaya özü gedib, hətta tutduğu balıqları da götürməyi unutmayıb», - bunu isə yerli polis zabiti AFP-yə söyləyib.

«İnsan mübarizədən qalib çıxsa da», hökumət narazıdır

Ayı əhvalatı yapon mətbuatında insanla təbiət qarşıdurmasında qələbə kimi xarakterizə olunur.

«Nikkan Sports tabloid» jurnalı «İnsan ayı ilə yalın əllə mübarizə aparır!» kimi sözlərlə insanın qələbəsini öyərək car çəkir.

Amma Yaponiya hökuməti yerli KİV-lərin həyəcanını bölüşmür, əksinə narahatdır. Hökumət vətəndaşlara ölkədə sayı çox olan Asiya qara ayısı ilə qarşılaşma zamanı bu cür hərəkətlərdən çəkinməyi məsləhət görür. Bu cür qarşılaşmada heç də hamının 63 yaşlı balıqçı kimi sağ çıxmaq şansı yoxdur.

Yaponiyada bu il ayıların hücumu nəticəsində dörd nəfər həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG