Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:06

Bakı Apelyasiya Məhkəməsi noyabrın 23-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin 30 sutka inzibati həbs cəzası verilmiş üzvi Emil İsgəndərovun şikayətini rədd edib.

Bu haqda E.İsgəndərovla görüşən vəkili Əsabəli Mustafayev məlumat verib.

Vəkilin deməsinə görə, cəbhəçi polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirləndirilib.

“Rəsmi ittihama görə, guya, E.İsgəndərov küçədə gedərkən yüksək səslə mobil telefonla danışıb, söyüş söyüb. Nəticədə də bu hərəkətin dayandırması barədə polisin tələbinə tabe olmayıb”, vəkil bildirib.

Buna da bax:​ Cəbhəçiyə 30 sutka həbs cəzası verildiyi deyilir

O, qeyd edib ki, E.İsgəndərov saxlananda onun üstündə ümumiyyətlə, telefon olmayıb.

“Bunun sübutu da var - saxlanılarkən üzərindən çıxan əşyaların içində telefon olmayıb. Onu küçədə saxlamayıblar. Polislər gəlib evdən aparıblar, ailə üzvləri buna şahiddirlər”, - vəkil bunları məhkəmənin diqqətinə çatdırıb.

Ancaq məhkəmə cəbhəçi gəncə inzibati həbs cəzası verən qərarı qüvvədə saxlayıb.

Ə.Mustafayev qərardan Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini bildirib.

Buna da bax: Vəkil gəncə işgəncə verilməsindən şübhələnir

E.İsgəndərov noyabrın 15-də səhər saatlarında Binə qəsəbəsində saxlanmışdı. Onun əvvəlcə Mərdəkandakı polis bölməsinə, ardından Yasamal Rayon Polis İdarəsinə aparıldığı bildirilmişdi.

Nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən, nə də məhkəmə orqanlarından gənclə bağlı baş verənlərə münasibət öyrənmək mümkün olmuşdu.

Bir neçə gün sonra gəncə 30 sutka inzibati həbs cəzası verildiyi öyrənilmişdi.

AXCP E.İsgəndərovun saxlanmasını müxalif düşüncəyə basqıların tərkib hissəsi olduğunu bəyan edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG