Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:31

Türkmən öndəri Arxadağ “Ağ Xan”ın belində


Qurbanqulu Berdımuxammedov at belində

Qurbanqulu Berdımuxammedov at belində

Türkmənistan prezidenti Qurbanqulu Berdımuxammedovun yeni fərmanı ölkənin şərəfli simvolu sayılan Axaltəkə atı haqqındadır.

Türkmənistan lideri Qurbanqulu Berdımuxammedov ölkə həyatının kiçicik bir sahəsini də qanunsuz qoymayıb.

AzadlıqRadiosunun müxbiri Charles Recknagel yazır ki, Türkmənistan prezidentinin yeni fərmanı ölkənin şərəfli simvolu sayılan Axaltəkə atı haqqındadır.

Yeni fərmana görə bu məşhur cins atların adını dəyişmək qadadağandır. Başqa sözlərlə, ata doğularkən verilmiş ad onun ömrünün sonunadək dəyişdirilə bilməz.

Türkmənistanda Axaltəkə atları üçün xüsusi hökumət qeydiyyatı mövcuddur.

Karvandan Mələquş olmaz

Fərmanda deyilir ki, məsələn, ata Kerven (Karvan) adı verilibsə, onun adını sonradan dəyişdirib Melequş (Narıncı quş) eləmək olmaz.

21 noyabr tarixli fərmanda həmçinin Axaltəkə atlarının tam ehtiramla dəfn edilməsi və bu zaman onun ölümü haqqında şəhadətnamənin rəsmi idarədən alınması göstərişi verilir.

Fərmanda Axaltəkə atlarının tam ehtiramla dəfn edilməsi və bu zaman onun ölümü haqqında şəhadətnamənin rəsmi idarədən alınması göstərişi verilir.

Hazırda atlar üçün xüsusi qəbristanlıqlar yoxdur və at sahibləri heyvanlarını yaşayış yerlərindən uzaqda torpağa tapşırırlar.

Bu zaman xalq adətlərinə uyğun olaraq kiçik bir mərasim də keçirilir. Atı qəbrə qoymazdan əvvəl onun başını məxmər parça ilə örtürlər.

Rəsmi məlumatlara görə fərmandan məqsəd Axaltəkə atlarının cins təmizliyini qoruyub saxlamaqdır.

Fərmanda habelə Türkmənistanda atçılıq idmanının inkişaf etdirilməsi nəzərdə tutulur, Axaltəkə atı milli sərvət elan edilir.

“Xalq atçı”sının “aparat şairləri”

Lakin bir çox tənqidçilər bu qənaətdədirlər ki, atlara sevgisini vurğulamaqla, prezident özünün igidlik rəmzi olan bu heyvana emosional bağlılığını qabartmaq istəyir. Axaltəkə atı bir növ həm də Berdımuxammedov şəxsiyyətinə pərəstişin komponentinə çevrilir.

Prezidentin qızıl heykəli

Prezidentin qızıl heykəli

Ötən il prezident Aşqabadın mərkəzində özünün qızıldan hazırlanmış atlı heykəlinin açılışını edib.

O həm də özünə “xalq atçısı” titulunu götürüb. Berdımuxammedov hətta “Axaltəkə - bizim qürur və şərəfimizdir” adlı kitab yazıb.

Bu da xəbər verilir ki, “apparat şairləri” prezidentin Ağ Xan adlı atına qırxadək mədhiyyə yazıblar.

Bu şeirlərdən birində “Mənim Arxadağım Ağ Xanın belində gəlir…” misrası var.

Arxadağ Türkmən prezidentinə verilən öndər titullarından biridir. Yəni “xalqın arxasında dağ kimi dayanan öndər”.

Büdrəyən “sabitlik”

Mətbuat yazır ki, Berdımuxammedov müxtəlif el bayramlarında cıdır yarışlarına qatılır və mütləq qalib olur. Beləki, Arxadağı arxada qoymaq cəsarətində olan yarışçı tapılmır.

Prezidentin yıxılmağını göstərən video Türkmənistanda qadağandır

Prezidentin yıxılmağını göstərən video Türkmənistanda qadağandır

Hərçənd 2013-cü ildə keçirilmiş cıdırlardan birində onun Berkarar adlı atı finiş xəttini keçən kimi büdrəmiş və prezidenti yerə çırpmışdı.

Berkarar türkməncə “sabitlik” deməkdir. Berdımuxammedov öz çıxışlarında bu sözdən tez-tez istifadə edir. Axı o ölkəyə sabitlik gətirib. Adı “sabitlik” olan atın yıxılmasını göstərən video isə Türkmənistanda qadağandır.

Atın özünə gəlincə, Axaltəkə minillik tarixə malik şöhrətli döyüş cinsidir. Alimlər bu atların 12 min il bundan əvvəl Mərkəzi Asiyada havaların quraqlaşması nəticəsində formalaşdığını bildirirlər. Axaltəkə gözəl bədən quruluşuna, uzun ayaqlara və şahanə duruşa malikdir. Bu atlar sürətlə qaçırlar, susuzluğa və yemsizliyə dözümlüdürlər.

Axaltəkə atları əhliləşdirildikdən sonra onların son minillikdə seçmə yolu ilə yetişdirildiyi söylənir.

Ölkənin gerbində bu atın təsviri var. At əti yemək türkmənlər arasında qədimlərdən tabu sayılır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG