Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 14:15

Rusiyada kardiomonitora görə məktəbli avtobusdan düşürülüb


Holter kardiomonitoru

Holter kardiomonitoru

Rusiyada kardioaparat daşıyan məktəbli qız sinəsindən sallanan naqillərə görə avtobusdan düşürülüb.

Bu haqda CurrentTime.TV xəbər verir.

Hadisə Rusiyanın Sverdlovsk vilayətində baş verib. Avtobus sürücüsü yetkinlik yaşına çatmayan, Holter kardiomonitoru (ürək ritminin pozulmasının diaqnostikasında istifadə edilən üsul - red) daşıyan məktəbli qızı nəqliyyatdan düşməyə vadar edib.

Hələlik, məktəblinin ictimai nəqliyyatdan zorla düşürülməsi, sadəcə, bir ehtimalla əsaslandırılır. Görünür, sürücü, kardiomonitorun görüntüsündən narahat olaraq, onu partlayıcı qurğuya bənzədib.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparacaqlarını bildirib.

UŞAQ KARDİOMƏRKƏZİNDƏN GEDİRMİŞ

«İlkin məlumata görə, doqquzuncu sinif şagirdi ona aparat yerləşdirmiş uşaq kardiomərkəzindən çıxıb evlərinə gedirmiş. Ondan avtobusu tərk etməsini istəyiblər. Faktla bağlı araşdırma aparılır», - Sverdlovsk vilayəti prokurorluğunun məlumatında belə deyilir.

Holter kardiomonitoru ürək ritminin pozulmasının diaqnostikasında istifadə edilən populyar metodlardan biridir və EKQ-yə -elektrokardioqram aparmağa imkan verir. Beləcə, günboyu və ya daha uzun müddətdə ürəkkeçmə, ya da döyünmə pozğunluğu müəyyənləşdirilir. Aparatın bir neçə naqili və yazıcı qurğusu var. Bunlar pasiyentin bədəninə bərkidilir. Hüquq-mühafizə qurumları bu üzdən düşünürlər ki, avtobus sürücüsü kardiomonitorun sallanan naqillərini partlayıcı qurğuya bənzədə bilərmiş.

Sözügedən məktəbli də ürək xəstəsidir və həkimlər ona tövsiyə ediblər ki, kardiomonitorugecə-gündüz üstündə gəzdirsin.

«BABULYA» HARAY SALDI

«Naşa qazeta»ya danışan məktəbli qızın sözlərinə görə, ondan ilk şübhələnən avtobusdakı sərnişin - yaşlı qadın olub:

«Üzbəüz bir «babulya» –nənə oturmuşdu («Babulya» sözü ruslarda «yaşlı qadın» mənasında da işlənir –red.). Köynəyimin altından sallanan naqilləri görəndə haray saldı ki, «Sən terrorçusan, indi hamımızı partladacaqsan! Mən bu adamla eyni avtobusda getməyəcəyəm!..».

SÜRÜCÜYƏ HANSI CƏZA VERİLƏCƏK?

Prokurorluq məktəblinin mindiyi ictimai nəqliyyatın hərəkət marşrutunun və sahibinin artıq müəyyənləşdirildiyini bildirib. Ancaq olayla bağlı kimin və necə cəzalandırılacağı haqda hər hansı bilgiverilmir.

RUSİYADA UŞAQLAR TEZ-TEZ AVTOBUSDAN DÜŞÜRÜLÜR

Currenttime.TV yazır ki, son zamanlar Rusiyada sürücülərin uşaqları avtobusdan düşürmə halları çoxalır. Bu da ayrıca vurğulanır ki, ictimai nəqliyyat sürücüləri havanın şaxtalı olmasını və ya uşaqların düşürüldüyü yeri tanıyıb-tanımadıqlarını, o ərazinin təhlükəli olub-olmadığını heç nəzərə almır, gedişhaqqı çatmayanda və ya başqa səbəblərdən onları elə yarıyoldaca düşürürlər.

Məsələn, bu ilin fevralında Kirov şəhərində nəqliyyat kartında pulu olmayan məktəblini avtobusdan endiriblər. Zavallı qızcığaz tanışlarının yaşadığı ünvana yetişənədək düz bir saat piyada getməli olub. Ötən ilin oktyabrında Biyskdə 2-cə rublu çatmadığından, sürücü 7 yaşlı oğlanı yarıyolda qoyub. Hadisə məhz ictimai nəqliyyatda gedişhaqqının bahalandığı gün baş verib.

Kunqurda isə özünü pis hiss edən, nəqliyyatda qusan 3-cü sinif şagirdi zorla avtobusdan düşürülüb.

Belə hallar ictimailəşdirilsə, marşrut sahibləri sürücülərlə maarifləndirmə işi apardıqlarını söyləsələr də, hələlik, bəzi sürücülərin məktəblilərlə davranışı dəyişmir ki dəyişmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG