Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:16

Türkiyə Avstriyaya kəskin reaksiya verib


Avstriya kansleri Christian Kern Türkiyə ilə üzvlük danışıqlarını "fiksiya" adlandırıb
Avstriya kansleri Christian Kern Türkiyə ilə üzvlük danışıqlarını "fiksiya" adlandırıb

Türkiyə hökuməti Avropa İttifaqının Ankara ilə üzvlük barədə danışıqlarının dayandırılmasına çağıran Avstriyanın bəyanatına hiddətli cavab verib.

Avstriya kansleri Christian Kern bundan əvvəl demişdi ki, bu danışıqlar “fiksiyadan başqa bir şey deyildir” və “Avropanın yeni bir cığıra” ehtiyacı var.

Türkiyənin Avropa İttifaqı naziri Ömer Çelik bu bəyanatın narahatedici olduğunu və “ifrat sağçıların ritorikasına bənzədiyini” deyib.

Diktatorluq təzahürləri

Türkiyədə baş tutmamış çevriliş cəhdinin ardınca aparılan geniş repressiyalar Avropa İttifaqında dərin narahatlığa səbəb olub.

Türkiyənin Avropa İttifaqı naziri Ömer Çelik Avstriyanı kəskin tənqid edib
Türkiyənin Avropa İttifaqı naziri Ömer Çelik Avstriyanı kəskin tənqid edib

Cənab Kern bildirib ki, Türkiyədəki demokratiya standartları Avropa İttifaqının tələblərindən çox aşağıdır.

Avstriyanın müdafiə naziri Hans Peter Doskozil də “Türkiyədə diktatorluğun təzahürlərini” kəskin tənqid edib və ittifaqı Türkiyə ilə danışıqları dayandırmağa çağırıb.

Qərb mediası bildirir ki, Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker də “hazırkı vəziyyətində” Türkiyənin Avropa İttifaqına üzvlüyünü qeyri-mümkün sayır.

Buna baxmayaraq o, Avstriyanın mövqeyini də bölüşməkdən imtina edib.

“Mən düşünmürəm ki, bizim Türkiyəyə danışıqları birdəfəlik dayandırırıq deməyimizdə fayda olardı” – deyə bildirib Juncker.

Türkiyə Avropa İttifaqına üzvlüyə dair danışqılara 2005-ci ildə başlasa da, bu istiqamətdə çox az tərəqqi əldə edilib.

Hələlik rəsmi namizəddir

Bir çox Avropa siyasətçiləri Türkiyənin ittifaqa qoşulması əleyhindəirlər, lakin Türkiyə üzvlüyə rəsmi namizəddir.

Türkiyə Avropa İttifaqına, onun vətəndaşlarına Şengen zonasına vizasız səfərlər etmək hüququnun verilməsi üçün müraciət eidb.

Lakin Avropa İttifaqı bu ricanın müqabilində Türkiyə qarşısında çoxsaylı şərtlər qoyub.

Bu şərtlərin bəzilərinin icrasından Ankara rəsmən imtina edir.

Şərtlərdən biri də ölkənin antiterrorizm qanunlarının dəyişdirilməsidir. Türkiyə prezidenti Recep Tayyip Erdoğanın tənqidçiləri bu qənaətdədirlər ki, o, antiterror qanunlarından öz opponentlərini susdurmaq üçün istifadə edir.

Buna baxmayaraq, cənab Çelik deyib ki, Türkiyə Avropa İttifaqı dəyərlərini özü üçün məqsəd sayır.

O deyib ki, “tənqid demokratik hüquqlardan biridir, lakin Türkiyəni tənqid etməklə anti-Türkiyə mövqeyi arasında fərq qoyulmalıdır”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG