Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:33

Şaxtadan 73 nəfər ölüb


Serbiyada qaçqınlar.
Serbiyada qaçqınlar.

Qərb mətbuatı şaxtadan Şərqi Avropa və Balkanlarda, ən azı, 73 adamın öldüyünü, nəqliyyatın dayandığını, 100-dən çox şəhər və kəndlərdə elektrik enerjisinin kəsildiyini yazır. «Reuters» xəbər agentliyi təkcə ötən həftəsonu 25 adamın donaraq öldüyünü yazır. Yunanıstanda, Bosniya, Serbiya, Kosovo, Makedoniya və Türkiyədə də ölənlər var.

Serbiyanın 11 şəhərində qara görə fövqəladə vəziyyət elan olunub. Bəzi bölgələrdə məktəblər bağlanıb, minlərlə adam ətrafdan təcrid olunmuş halda qalıb.

15 MİN 500-DƏN ÇOX ADAMIN İSTİLİK SİSTEMİ YOXDUR

Serbiya kimi Bolqarıstan və Macarıstanda da sular buz bağladığından, gəmilərin hərəkəti dayanıb. Rumıniyada dəmir yolları bağlanıb. Ukraynayla Moldova sərhəd məntəqələrini bağlamalı olublar.

Soyuq hava yollarını iflic vəziyyətinə salıb. Türkiyənin «Yeni Şafak» qəzeti «Türk Hava Yolları»nın son 4 gündə 989 uçuşu təxirə saldığını, şirkətin 3 gündə 15 min sərnişini otellərə yerləşdirməli olduğunu yazır. Nəticədə ötən həftə Türkiyəylə Azərbaycan arasında da uçuşların çoxu dayandırılıb, yüzlərlə sərnişin səfərdən qalıb.

İstanbulun hava limanları 'donub'
Gözlə

No media source currently available

0:00 0:00:31 0:00

Beynəlxalq təşkilatları narahat edən daha çox evsiz-eşiksizlər, miqrantlardır.

BMT-nin miqrantlarla məşğul olan agentliyi – «İtmiş miqrantlar layihəsi»nin məlumatına görə, qaçqın düşərgələrində 15 min 500-dən çox adam istilik sistemindən məhrumdur.

Serbiyada, o cümlədən Macarıstanla sərhəddə 7 min 500-dən çox adamın soyuqda qaldığı deyilir. Serbiya rəhbərliyi bütün miqrantları qaçqın düşərgələrində yerləşməyə çağırıb. Amma qaçqınların çoxu köməkdən imtina edir, həbsə atılacaqlarından, onların Avropanın Qərbinə getmələrinə əngəl yaradılacağından qorxurlar.

«QAÇQINLARA KÖMƏK EDİN»

«Durum getdikcə daha da çətinləşir, çünki şaxtada qalanların sayı minlərlədir», - «Help Refugees» qaçqınlara yardım təşkilatının həmtəsisçisi Josie Naughton «Reuters»ə müsahibəsində deyib.

«Save the Children» təşkilatı isə yüzlərlə uşağın kimsəsiz tikililərdə qalmalı olduğunu deyir. Təşkilatın Balkanlardakı təmsilçisi Andreas Ring Avropanı miqrantlara soyuqdan donmamaq üçün yardım etməyə çağırıb, bunun Avropa Birliyinin borcu olduğunu söyləyib:

«AB-nin problemi həll etməməsi minlərlə qaçqının, o cümlədən kimsəsiz uşaqların soyuqda qalmasına səbəb olub».

Mütəxəssislər bu qışın 1963-cü ildən bəri ən sərt qış olduğunu deyirlər. Şərqi Avropa və Balkanlarda gecələr temperatur -30 dərəcədən aşağı düşür.

XS
SM
MD
LG