Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:14

Avropa liderləri Trump-a sərt cavab verdilər


Angela Merkel və Francois Hollande
Angela Merkel və Francois Hollande

Almaniya kansleri Angela Merkel və Fransa prezidenti François Hollande Donald Trump-ın NATO və onun müttəfiqləri barədə dediklərinə, qısa və kəskin cavab veriblər.

Trump “The Times” qəzetinə müsahibədə NATO-nun “nimdaş” adlandırmış və müttəfiqləri isə alyans üzrə maliyyə öhdəliklərini icra etməməkdə günahlandırmışdı.

“Biz avropalıların taleyi öz əlimizdədir, - deyib Angela Merkel, - O öz mövqeyini bir daha bəyan etdi. Bu mövqe artıq bir müddət idi ki, bizə bəlli idi. Mənim də mövqeyim bəllidir”.

Fransa prezidenti Hollande isə bəyan edib ki, Avropa “kiminsə kənardan dediyi ilə durub-oturmaq məcburiyyətində deyil”.

“Avropa transatlantik əməkdaşlığı davam etdirməyə hazırdır, lakin bu əməkdaşlıq onun maraq və dəyərlərinə əsaslanmalıdır. Avropanın kiminsə kənardan məsləhətinə ehtiyacı yoxdur” – deyib Fransa prezidenti.

Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier deyib ki, NATO-nun tənqidi alyans daxilində siyasi və hərbi narahatlığa yol açıb.

“Mən bu gün təkcə Aİ xarici işlər nazirləri ilə deyil, həm də NATO xarici işlər nazirləri ilə danışmışam və deməliyəm ki, gələn siqnallar gərginliyin azaldığını göstərmir” – deyib nazir.

Merkel hökumətinin başqa rəsmiləri də Trump-ın 6ənqidi qarşısında Almaniyanın siyasətlərinin müdafiəsinə qalxıblar.

Trump Angela Merkelin miqrantlar üçün açıq qapılar siyasətini “pis şey” adlandırıb və Almaniyanın maşın istehsalçısı BMW-nin üzərinə ABŞ-a ixrac edilən avtomobillərə görə 35 faizlik əlavə rüsumla hədələyib.

Trump “The Times” və “Bild” qəzetlərinə müsahibəsində demişdi ki, ABŞ və Almaniyanın avtomobil ticarətindəki balans pozulub.

“Beşinci avenyu ilə gedirsən və hər kəsin evinin qabağında Mercedes Benz dayanıb. Siz Almaniyada çoxmu Chevrolet görmüsünüz? Çox deyil, bəlkə heç yoxdur…Bu, birtərəfli hərəkət küçəsidir” – demişdi Trump.

Trump-ın Merkelin miqrant siyasətini “fəlakətli səhv” adlandırmasına cavab olaraq Almaniyanın iqtisadiyyat naziri Sigmar Gabriel deyib ki, Yaxın Şərqdən Avropaya belə böyük qaçqın axının yaranmasına qismən də ABŞ-ın bu regiondakı sabitsizləşdirici siyasəti səbəb olub.

Sigmar Trump-ın Almaniya və Avropanın NATO az pul xərcləməsinə dair qeydlərinə cavab olaraq deyib ki, “biz regionda ABŞ-ın müdaxiləçi siyasətinin yaratdığı qaçqınlar üçün düşərgələrə nəhəng pullar xərcləyirik”.

ABŞ dövlət katibi CNN telekanalına müsahibəsində Donald Trump-ı başqa ölkələrin siyasətlərinə belə açıq müdaxilədən çəkinməyə çağırıb.

Almaniyanın Xarici İşlər Nazirliyi Trump-ın belə bir tənqidini də rədd edib ki, Suriyada təhlükəsizlik zonalarının yaradılması bu qədər qaçqını qəbul etməkdən ucuz başa gələrdi.

Almaniya XİN-in sözçüsü Martin Schäfer deyib ki, belə bir zonaların yaradılması ağla sığmayan vəzifə olardı.

Suriyada təhlükəszilik zonalarının yaradılmasını Türkiyə tələb edirdi.

Schäfer Trump-ın Avropa İttifaqını “Almaniyanın mühərriki” adlandırmasını da rədd edib.

“Almaniya hökuməti üçün Avropa heç vaxt vasitə olmayıb. Bu talelərin icmasıdır və nizamın pozulduğu bir vaxtda həmişə olduğundan daha böyük əhəmiyyət daşıyır” – deyib sözçü.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG