Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:27

Avropadan Şəki məhkəməsi üçün tərcümə təklifi


Avropa Şurası Nazirlər Kabineti
Avropa Şurası Nazirlər Kabineti

Avropa Şurası İlqar Məmmədovu həbsxanada saxlayanlar üçün Avropa Məhkəməsi qərarının Azərbaycan dilinə tərcümə olunmasını xahiş edib

Avropa Şurasının Nazirlər Kabineti dekabrın 8-9-da keçirilmiş iclasında Azərbaycan da daxil bir neçə üzv ölkədə Avropa İnsan Haqları Məhkəməsi (AİHM) qərarlarının icrasının vəziyyətini müzakirə edib.

Bu iclasda Azərbaycana aid üç işlə bağlı çıxarılmış qərarların icrasına baxılıb.

Tövsiyələr nə oldu?

AİHM bundan əvvəl AXCP funksioneri Nemət Əliyevin şikayət ərizəsi üzrə 8 aprel 2010-cu il tarixli qərarı ilə ərizəçinin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 3-cü maddəsi ilə təminat verilən hüququnun pozulduğunu və dövlətin ərizəçiyə mənəvi ziyana görə 7500 avro məbləğində kompensasiya ödəməsini müəyyən etmişdi.

Nazirlər Kabinetinin iclasındakı müzakirə nəticəsində çıxarılmış qərarda deyilir ki, Azərbaycan hakimiyyəti seçki pozuntuları ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün faktiki olaraq heç bir addım atmayıb.

Azərbaycan hakimiyyəti seçki pozuntuları ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün faktiki olaraq heç bir addım atmayıb

Komitə Azərbaycan hökumətini bir daha seçki ilə bağlı islahatların sürətlə həyata keçirilməsinə çağırıb.

Sənəddə Azərbaycanda keçirilmiş son parlament seçkilərində də vəziyyətin dəyişməməsindən dərin narahatlıq ifadə olunub.

Qərarda bu da bildirilir ki, Azərbaycan hakimiyyəti və Venesiya Komissiyası arasında hazırda heç bir əməkdaşlıq yoxdur. Komitə Azərbaycanı Komissiya ilə seçki islahatları tövsiyələrinin icrası sahəsində əməkdaşlığa çağırıb.

Venesiya Komissiyası Azərbaycanda seçki keçirilməsi tərzi, seçki komissiyalarının tərkibindəki ədalətsizlik barədə dəfələrlə tənqid səsləndirib.

Qərarda Azərbaycan hakimiyyətinə Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları təşkilatının seçki sisteminə dair tövsiyələrinin icrası məsləhət görülür.

Bu tövsiyələrin icrası və bu barədə məlumat hazırlanması üçün rəsmi Bakıya 2016-cı il, iyulun 1-dək vaxt verilir.

Defamasiya qanunu - cəzalandırma aləti

Nazirlər Kabinetinin sözügedən iclasında həmçinin Rövşən Mahmudov və Yaşar Ağazadənin Azərbaycana qarşı şikayəti əsasında AİHM-in qərarının icrası vəziyyətinə baxılıb.

Ağazadə və Mahmudov işi üzrə AİHM, Konvensiyanın 10-cu maddəsinin pozulduğunu müəyyən etmişdi.

Eyni zamanda onlara dəyən mənəvi zərərə görə, 1000 avro, məhkəmə xərclərinə görə isə 925 avro pul ödənilməsi barədə qərar verilmişdi.

Ağazadə və Mahmudov Azərbaycan mediasında dərc etdikləri iki məqaləyə görə, Azərbaycan məhkəmələri tərəfindən iki dəfə cəzalandırılıblar.

Nazirlər Kabineti İlqar Məmmədov barədə Avropa Məhkəməsi sənədlərinin Azərbaycan dilinə tərcümə edilməsi və onun Məmmədovu məhkum etmiş Şəki məhkəməsi də daxil, bütün əlaqədar məhkəmələrə paylanmasını tövsiyə edib

Söhbət 2003-cü ildə «Müxalifət» qəzetində dərc olunmuş «Azərbaycanda taxıl mafiyası» və 2007-ci ildə dərc olinmuş «A.M.A.Y. Əliyevlər ailəsinin ticarət nişanıdır» başlıqlı məqalələrdən gedir.

Hər iki yazı üçün Ağazadəni və Mahmudovu məhkəməyə prezidentin əmisi – akademik Cəlal Əliyev vermişdi.

2007-ci il, dekabrın 28-də prezidentin fərmanı ilə Ağazadə və Mahmudov əfv edilmişdilər.

AİHM-in bu qərarının icrası ilə bağlı NK iclasının qərarında deyilir ki, Azərbaycanda defamasiya cinayət məcəlləsində qalmaqda davam edir və bu qanundan məqsədli şəkildə istifadə olunması problemi aradan qaldırılmayıb, başqa sözlərlə, Azərbaycan hakimiyyəti bu qanuna Venesiya Komissiyasının tövsiyələri əsasında düzəlişləri həyata keçirməyib.

NK-nın qərarında həmçinin bu iş üzrə vəkil olmuş İntiqam Əliyevin özünün məhkum edilıməsi ilə bağlı dərin narahatlıq ifadə olunur.

Komitə cavabdeh tərəf olan Azərbaycan hökumətinə bu işin icrası barədə 2016-cı ilin martınadək məlumat verilməsini tapşırır.

Şəkidə və Bakıda ingiliscə bilməyənlər üçün

Avropa Məhkəməsinin qərarına baxmayaraq İlqar Məmmədov hələ də həbsxanadadır
Avropa Məhkəməsinin qərarına baxmayaraq İlqar Məmmədov hələ də həbsxanadadır

Komitənin iclasında Azərbaycan hökumətinə qarşı daha bir iş üzrə qərarın icrası müzakirə olunub.

Komitənin qərarında Azərbaycanın müxalifət liderlərindən İlqar Məmmədovun dərhal azadlığa buraxılması tələb olunur.

Qərarda deyilir ki, “AİHM bu barədə hökmü 2014-cü ilin oktyabrında versə də, cənab Məmmədov bugünədək həbsxanadadır”.

Nazirlər Kabineti İlqar Məmmədov barədə Avropa Məhkəməsi sənədlərinin Azərbaycan dilinə tərcümə edilməsi və onun Məmmədovu məhkum etmiş Şəki məhkəməsi də daxil, bütün əlaqədar məhkəmələrə paylanmasını tövsiyə edib.

Nazirlər Komitəsi bu iş üzrə də tədbir görülməsi üçün Azərbaycan hakimiyyətinə gələn ilin martınadək vaxt verib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG