Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:08

MOK: 'Avropa Oyunları Festivalı az məbləğə başa gələcək'


Avropa Gənclərinin Olimpiya Festivalının loqosu
Avropa Gənclərinin Olimpiya Festivalının loqosu

Avropa Gəncləri Olimpiya Festivalının Azərbaycanda keçirilməsinə dair ilin axırınadək kontrakt imzalanacaq.

Bakının beynəlxalq yarış keçirmək həvəsinə biri də qoşulur

Bu günlər idman rəsmilərinin və yerli medianın dilində “Bakıda Avropa Olimpiya Festivalı” keçiriləcək fikri səslənir. Bir neçə gün əvvəl Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib ki, 2019-cu ildə Avropa Olimpiya Festivalı Azərbaycanda keçirilə bilər. MOK-un vitse-prezidenti bu günlərdə Belarusda olub və bununla bağlı müzakirələr aparıb.

Çingiz Hüseynzadə AzadlıqRadiosu-na müsahibəsində deyir ki, Minskdə Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclası olub. Bu məsələ də orda qaldırılıb. Avropa Olimpiya Festivalını Belarus keçirmək istəyirmiş. Ancaq 2019-cu ildə İkinci Avropa Oyunları da bu ölkədə keçiriləcəyindən Azərbaycan Belarusun “yükünü” azaltmaq qərarına gəlib. Çingiz Hüseynzadə həmin toplantıda Belarusun İkinci Avropa Oyunlarını keçirməsinin vacib olduğunu deyib. Belarus Avropa Oyunlarını keçirərsə, Azərbaycan da Avropa Festivalını keçirə bilər:

Çingiz Hüseynzadə: 'Belarus Avropa Oyunlarını keçirərsə, Azərbaycan da Avropa Festivalını keçirə bilər'
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00
Direct-ə keçid

Buna da bax:​ Avropa Olimpiya Festivalı Azərbaycanda keçirilə bilər

“Belarus bunu Azərbaycan tərəfdən bir dost addımı kimi qəbul edir”

“Belarusda İkinci Avropa Oyunlarının keçirilməsi məsələsi həll olundu. Eyni zamanda, daha əvvəl bu ölkə Avropa Festivalını keçirməyi də üstünə götürmüşdü. Orda kimin bu tədbiri keçirə bilməsi məsələsi qalxdı. Mən dedim ki, Azərbaycan bu məsələyə baxa bilər. Razılıq olsa, Azərbaycan bu tədbirin keçirilməsini öz üzərinə götürə bilər. İndi bu haqda danışıqlar gedir. Bu ilin axırınadək tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı hər şey məlum olacaq. Kontrakt imzalanacaq. Mən belə düşünürəm ki, bu tədbir Azərbaycanda keçirilə bilər, çünki festival üçün Bakıda hər cür şərait var. Bütün obyektlər də mövcuddur. Belarus buna, əlbəttə, razılaşır. Bunu böyük məmnuniyyətlə Azərbaycan tərəfdən bir dost addımı kimi qəbul edir”.

“Bədxərclikdir...”

Bəzi ekspertlər və idman jurnalistlərinin fikrincə, Azərbaycanın indiki ağır iqtisadi durumunda Avropa Oyunları Festivalının keçirilməsi növbəti bədxərclikdən başqa bir şey deyil.

İdman jurnalisti Sərxan Musayev deyir ki, Azərbaycan 2024-cü ildə Olimpiya Oyunlarına sahiblik etmək üçün ötən il Birinci Avropa Oyunlarını keçirmişdi. Di gəl, sonradan durum dəyişdi:

Sərxan Musayev: 'Avropa Oyunlarına sərf olunan 8 milyard da havaya uçdu...'
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00
Direct-ə keçid

“Çünki 2020-ci ildə Beynəlxalq Olimpiya Komitəsi Azərbaycanı ev sahibi edə bilməməsinə səbəb kimi burada irimiqyaslı yarış təcrübəsinin olmadığını göstərmişdi. Azərbaycan Avropa Oyunlarını keçirməyi üstünə götürdü. Əvvəlcə bu yarış 5-10 idman növü üzrə olmalıydı, amma Azərbaycan yarışı daha yüksək səviyyədə keçirməklə, bir növ əzələ nümayiş etdirməyə çalışdı. Ancaq ölkədə baş verən iqtisadi proseslərdən sonra məlum oldu ki, maliyyə problemləri yaranıb. Azərbaycan da 2024-cü ilə nəzərdə tutulan Olimpiya Oyunlarına namizədliyini verməkdən imtina etdi. Bir növ Avropa Oyunlarına sərf olunan 8 milyard da havaya uçdu. Azərbaycandan sonra Avropa Oyunlarını başqa ölkə keçirmək istəmədi. Bunda dünyanın üzləşdiyi iqtisadi problemlərin də rolu az deyil və heç kim artıq belə yarışlara yaxın durmur. Rusiya imtina elədi. Sonda Belarus qalmışdı. Belarus da imtina eləsəydi, bu artıq o demək idi ki, Azərbaycanın idman rəhbərliyinin Avropa Oyunları haqqında yaratdığı “böyük yarış”, “Avropa üçün irs qoyuruq” mifi boşa çıxır. Belarusa güzəşt bundan qaynaqlanır. Belarusa dedi ki, 2019-cu ildə Avropa Gənclər Festivalı yarışını bizə verin, əvəzində siz Avropa Oyunlarını keçirin. Onlar da bu şərtlə razılaşdılar”.

Buna da bax:​ Azərbaycan idman dövlətidir - Prezident

“İqtisadi durum çətin olsa da...”

Çingiz Hüseynzadə isə deyir ki, bu yarışın keçirilməsi elə də böyük xərc tələb etmir:

“Festival o qədər də böyük xərc tələb etmir, az məbləğə başa gələcək. Çünki burda iştirak edən ölkələrin hamısı qalmaq, yemək, yol pullarını özləri ödəyir. Bütün infrastruktur hazırdır. Heç bir obyekt tikilməyəcək, heç bir yer təmir olunmayacaq. Bizim əsas xərclər yarışı təşkil eləməkdir. Burda bizə ancaq yarışları təşkil etmək qalır. Ancaq biz hələ büdcəni hesablamamışıq. Təsdiqlənəndən sonra büdcə hesablanacaq. İqtisadi durum çətin olsa da, həyat davam edir. Belə gözəl idman obyektlərimiz var. Onlar dayanmalıdırmı? Yarışlar keçirilməməlidir, boş qalmalıdır?”.

“Milyardların sərf olunduğu infrastruktur işləməlidir”

İqtisadçı Rəşad Həsənov deyir ki, ölkənin indiki durumunda böyük pullar sərf edib nəsə bir yarış keçirmək doğru olmaz. Ancaq artıq milyardlar sərf olunub, müəyyən infrastruktur yaradılıbsa, işləməlidir:

Rəşad Həsənov: 'Hər hansı bir oyunun keçirilməsinə Azərbaycan üzvlük haqqı, başqa vəsaitlər ödəməlidirsə...'
Gözlə

No media source currently available

0:00 0:00:32 0:00
Direct-ə keçid

“Bu infrastruktur işləmədiyi dövrdə səmərəsiz şəkildə məhv olur. Lazımsız infrastruktur kimi, ölkədə əlavə yükə çevrilir. Bu infrastrukturdan istifadə etməklə ölkəyə turist axını cəlb edən beynəlxalq yarışlar keçirilməlidir. Belə olsa, yaxşı olar. Ancaq hər hansı bir oyunun keçirilməsinə Azərbaycan üzvlük haqqı, başqa vəsaitlər ödəməlidirsə, ölkə iqtisadiyyatının belə layihələri götürəcək gücü yoxdur”.

Buna da bax:​ Böhran dövründə idmançıya $255 min mükafat vermək düzgündür?

İqtisadçı ekspert Zöhrab İsmayılın fikrincə, indiki şəraitdə belə yarışlar keçirərkən, iqtisadi faydalılıq əsas götürülməlidir: “Düşünürəm ki, korrupsiyaya bulaşmazsa, bu cür tədbirlərin keçirilməsində problem yoxdur. Hökumət bu tədbirlərin gəliri və çıxarını hesablamalı, başqa sözlə, iqtisadi yanaşma olmalıdır. Bu tədbirlər ölkəyə iqtisadi fayda və gəlir gətirməlidir, maddi ziyan yox”.

Bu festival haqqında nə bilirik?

Avropa Gənclərinin Olimpiya Festivalının (European Youth Olympic Festival, qısaca - EYOF) qurucusu sonradan Beynəlxalq Olimpiya Komitəsinin prezidenti vəzifəsinədək yüksəlmiş, hazırda bu mötəbər təşkilatın fəxri prezidenti olan Jacques Rogge sayılır. Bu oyunlar 1990-cı illərin əvvəllərində məhz onun təşəbbüsü ilə keçirilməyə başlanıb. O vaxtlar “Avropa Gənclərinin Olimpiya Günləri” adlanırmış. İlk dəfə 1991-ci ildə Brüsseldə yay oyunları keçirilib. İki ildən sonra qış oyunları da keçirilməyə başlanıb. O vaxtdan hər 2 ildən bir Avropanın müxtəlif şəhərlərində Avropalı gənclərin yay və qış olimpiya festivalı keçirilir. Son dəfə ötən il Gürcüstanın paytaxtında - Tbilisidə təşkil olunub.

EYOF-a 14 yaşından 18 yaşınadək gənc idmançılar qatıla bilər. İştirakçıları Avropa Olimpiya Komitəsinə üzv olan milli olimpiya komitələri müəyyənləşdirir. Hokkey, basketbol, voleybol və həndbol kimi idman növlərində isə komandalar uyğun federasiyaların müəyyənləşdirdiyi meyarlar əsasında seçilir.

Buna da bax: ​Tendersiz xərclənən milyardlar

EYOF Avropa Olimpiya Komitəsinin tədbiri sayılır və onun adından keçirilir. Tədbirin eksklüziv hüququ Avropa Olimpiya Komitəsindədir (AOK-da). EYOF-un keçirilməsinə AOK-un EYOF komissiyası nəzarət edir. Bu komissiyanın rəhbəri ispaniyalı Victor Sanchez-dir.

EYOF gənc atletlərdən ötrü ilk olimpiya təcrübəsidir

EYOF-un 9 idman növü üzrə keçirilən yay yarışlarına 3 min 600 atlet və 49 milli olimpiya komitəsinin nümayəndələri qatılır. Festival, 6-sı yarış günü olmaqla, cəmi 8 gün davam edir.

Qış EYOF-unda 1600 atlet və 49 milli olimpiya komitəsinin nümayəndələri iştirak edir. Davamiyyyət müddəti dəyişmir. Qış oyunlarında, azı - 7, çoxu - 9 idman növü üzrə yarış keçirilir. Hokkey idman növünə yalnız oğlan komandaları qatılır.

Buna da bax:​ Azərbaycan məmurlarının idman sevgisi...

Doqquz idman növünə bunlar daxildir: bədii gimnastika, atletika, basketbol, velosipedsürmə, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol.

Festivala idmançılar və akkreditə olunan digər iştirakçılarla birlikdə 7 min nəfər qatılır.

Gürcüstan nə qədər xərcləmişdi?

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyir ki, hələ yarışa nə qədər xərc çəkiləcəyi bilinmir. Bəs, Gürcüstan ötən il bu yarışa nə qədər pul sərf eləyib?

Təşkilat Komitəsinin rəhbəri Alexi Akhvlediani tədbirdən əvvəl - 2014-cü ildə belə demişdi: “Hesablamalarımıza görə, bu tədbirin təşkili 46 milyon dollara başa gələcək. Əvəzində turist axınından 212 milyon dollar götürməyi gözləyirik”.

Həqiqətdə bu qədər, yoxsa daha çox xərcləndiyi bilinmir. Bilinən odur ki, Tbilisi şəhər meriyasının müraciəti əsasında 2015-ci ilin iyununda tədbirə hazırlıq işlərinə əlavə 44 milyon lari (18,2 milyon dollar) ayrılıb. Deməli, söhbət, azı, 60 milyon dollardan gedir.

Buna da bax:​ Avropa Oyunlarına ev sahibi tapıldı - Minsk

Baş nazir İrakli Garibashvili olimpiya festivalı ilə bağlı, 9-u qonaqların qalması üçün olmaqla, ümumilikdə 17 yeni binanın tikiləcəyini bildirmişdi. 2014-cü ilin oktyabrında Avropa Olimpiya Komitəsinin rəhbəri Patrick Hickey (hazırda həbsdədir) hazırlıq işlərinin gedişi ilə tanış olmaq üçün Tbilisiyə gələrək, ölkə rəhbərliyi ilə görüşmüş, festivalın Gürcüstana çox şey qazandıracağını söyləmişdi.

Gürcüstan həmin festivalın keçirilməsi üçün yekunda 16 bina tikib. Hökumət inşaat işlərinə dövlət büdcəsindən pul xərcləməyib. Bu işlərə Çindən “Hualing Group” adlı investisiya şirkəti cəlb olunub. Həmin şirkət 16 binanın tikilməsinə ümumilikdə 300 milyon dollar investisiya qoyub. 16 binadan 8-i əvvəllər qaçqınların yaşadığı binalar olub. Şirkət onları qaçqınlardan pulla alaraq, tam yenidən qurub.

Tədbir bitəndən sonra baş nazir oyunlardan ötrü tikilmiş bütün binaların qaçqınların ixtiyarına veriləcəyini də açıqlamışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG