Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:25

►Azərbaycan Avropa Birliyinin Qarabağ münaqişəsinin həllinə qoşulmasını istəyir. Amma...

“Azərbaycan da istəyər ki, Avropa Birliyi (AB) Dağlıq Qarabağ münaqişəsinin həllinə qoşulsun. Çünki AB münaqişəyə daha neytral və həssas yanaşan bir təşkilatdır”.

Bunu Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev Avropa Siyasəti Mərkəzinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hesabatını şərh edərkən deyib.

Hesabat müəllifləri AB-ni Qarabağ münaqişəsinin çözümü istiqamətində konkret addımlar atmağa çağırır.

“Belə olmazsa, qurumun birbaşa sərhədlərində olan münaqişənin çözümündə heç bir rola malik olmaması təsəvvürü yaranacaq”.

"Təklif vermək yox, əməli addım atılmalıdır"

Elxan Mehdiyev

Elxan Mehdiyev

Elxan Mehdiyev deyir ki, AB Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün töhfəsini verərsə, bu, əməli addım sayılar:

“AB-nin hansısa qeyri-hökumət təşkilatları, yaxud dövlət orqanları ilə minatəmizləmə, ya da, dedikləri kimi, inam yaratmaq məqsədilə tərəflər arasında müəyyən görüşlər keçirmək kimi addımlarından söhbət getmir. Bütün bunlar münaqişənin həllinə müsbət təsir göstərmir. Əksinə, məsələni daha da dərinləşdirir. Bu baxımdan, AB-nin bu işə qoşulması qurumun özündən asılıdır. Qurumda bu işlə məşğul olan, məsuliyyəti öz üzərinə götürən ölkə yoxdur. AB-nin iki aparıcı ölkəsi Fransa və Almaniyadır. Fransa isə Minsk qrupu həmsədrlərindən biridir. AB neçə illərdir Dağlıq Qarabağ münaqişəsinin həllinə qarışmaq istəyir. Qafqaz üzrə xüsusi nümayəndə də müəyyən edib. Amma Minsk qrupu həmsədrlərinin güclü müqaviməti ilə üzləşib. Faktiki, geri çəkilib. Sadəcə, təkliflər vermək, müəyyən ideyalarla çıxış etmək səviyyəsində qalıb”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə Azərbaycanla Ermənistanın AB ilə Assosiasiya Sazişi imzalamadığını yada salır.​

___________________________________________________________

Bunlara da bax:

___________________________________________________________

“AB Azərbaycana açar dövlət kimi baxır”

Elxan Şahinoğlu

Elxan Şahinoğlu

Bu səbəbdən, təhlilçinin fikrincə, qurumun Dağlıq Qarabağ münaqişəsinin həlli alətləri ya yoxdur, ya da azdır. Ancaq münaqişə AB-ni də ciddi narahat edir:

“Son zamanlar Avropa Birliyi Azərbaycana açar dövlət kimi baxır. Qurumun da başlıca vəzifəsi Rusiyadan qaz asılılığını azaltmaqdır. Azərbaycan bunda müəyyən rol oynayır. Çünki həm öz qazını, həm də gələcəkdə Türkmənistan qazını Rusiyadan yan keçməklə Avropa bazarına çatdırmağı planlaşdırır. İki boru xəttinin inşaat işlərinə də az qalıb. Ona görə bölgədəki enerji layihələri də təhlükə altına girəcək. Bu isə AB-nin maraqlarına cavab vermir”.

Elxan Şahinoğlu deyir ki, Azərbaycan da birliyin münaqişənin həllində fəal rol oynamasında maraqlı olardı:

“Çünki Azərbaycan hakimiyyəti Minsk qrupu həmsdərlərindən narazıdır. Həm də Avropa Parlamenti bir neçə dəfə Qarabağla bağlı çox ədalətli qətnamələr qəbul edib. Həmin qətmanələrdə də Ermənistan faktiki işğalçı dövlət kimi göstərilib. Qarabağ münaqişəsinin həllində AB-nin marağının daha da artırılması üçün Azərbaycanın, Ermənistandan fərqli olaraq, Assosiasiya Sazişi imzalaması lazımdır. Düşünürəm ki, Assosasiya Sazişi əvəzinə lap strateji əməkdaşlıq sazişi imzalansa belə, bu da Azərbaycanın xeyrinədir”.

Asim Mollazadə

Asim Mollazadə

Parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə də Azərbaycan– AB münasibətlərini yüksək qiymətləndirir. Deyir ki, Azərbaycan AB-nin Assosiasiya Sazişi üzvü olmasa da, Şərq Tərəfdaşlıq Proqramı ilə əməkdaşlıq edir. Bakı qurumun öz dəyərlərinə, təməl prinsiplərinə uyğun olaraq münaqişədə mövqeyini sərgiləməsini istərdi. Ancaq söhbət danışıqlardan deyil, beynəlxalq hüquq normaları çərçivəsində münaqişənin həllindən gedir.

"Azərbaycan ona görə ehtiyatlı davranır ki..."

Asim Mollazadənin sözlərincə, Avropa Birliyinin Assosiasiya Sazişində bir sıra məsələlər aydın deyil. Bu sazişə qoşulan Gürcüstanla Ukraynanın vəziyyəti isə göz qabağındadır:

“Avropa Birliyi, təəssüf ki, nə Gürcüstanı, nə də Ukraynanı müdafiə edə bilməyib. Azərbaycanın da belə bir gərginliyə sürükləməyi düzgün hesab etməzdik. Bütün bunlar Azərbaycanı daha ehtiyatlı davranmağa məcbur edir”.

Ötən mayda Azərbaycan Avropa Birliyinə Strateji tərəfdaşlıq haqqında saziş layihəsi təqdim edib. Xarici İşlər Nazirliyi bildirir ki, bu sənəd Azərbaycanla AB arasında əməkdaşlığın strateji müstəvidə inkişafı üçün imkanlar yaradacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG