Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:33

Azərbaycanın Belçikadakı səfiri: 'Heç kəs təkmil deyil'


Fuad İsgəndərov
Fuad İsgəndərov

Azərbaycanla Avropa Birliyi (AB) «hərtərəfli saziş»in hazırlanmasıyla bağlı danışıqlara başlayacaqlar. AB keçən ilin noyabrında bu barədə qərar verib. Danışıqlarla bağlı hələ bir yenilik yoxdur və ekspertlərin fikrincə, səbəb Bakının sazişi istədiyi formada, yəni siyasi əməkdaşlığın məhdudlaşdırıldığı formada gerçəkləşdirmək istəyidir. Bu isə öhdəliklərin yerinə yetirilməsində israrlı olan AB-də razılıqla qarşılana bilməz.

İndi Azərbaycanın AB ilə bağlı planı nədir? Bakı birliklə münasibətlərinin gələcəyini necə görür?

«SİYASİ DİALOQ SİNXRONLAŞDIRILSIN»

Bu sualları Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov «Euractiv» saytına müsahibəsində cavablandırıb. O deyib ki, Azərbaycan AB ilə bərabərhüquqlu əməkdaşlıq tərəfdarıdır. Bakı qurumla müxtəlif sahələrdə – enerji, təhlükəsizlik, miqrasiyanın idarə olunması kimi məsələlərdə əməkdaşlıq etmək istəyir. «Siyasi dialoqun bütün elementləri möhkəm əsaslandırılmalıdır. Məsələn, Cənub Qaz Dəhlizi bizim indiki və gələcək əməkdaşlığımıza yaxşı iqtisadi əsasdır», – deyən F.İsgəndərov Azərbaycanın Asiyayla Avropa arasında mühüm nəqliyyat mərkəzi olduğunu da vurğulayaraq, siyasi dialoqun sinxronlaşdırılmış şəkildə gerçəkləşdirilməsinin vacibliyini söyləyib.

Buna da bax-Müttəfiqlərini itirən AB Azərbaycana meyllənir

Cənub Qaz Dəhlizindən danışarkən, səfir bunun həm Azərbaycan, həm də Avropadan, eləcə də layihəyə cəlb olunan ölkələr və şirkətlərdən ötrü son dərəcə əhəmiyyətli layihə sayıldığını bildirib. Xəzər qazını İtaliya və Yunanıstana daşıyacaq dəhliz, onun sözlərinə görə, həm də «Şərq Tərəfdaşlığı» Proqramının uğurundan ötrü vacibdir. Çünki bu layihə həm AB-yə üzv, həm namizəd ölkələri, həm də gələcək tərəfdaşları cəlb edib.

«GÖZ YUMA BİLMƏRİK»

Saytın əməkdaşı müsahibə zamanı insan haqları məsələsinə də toxunub. Onun «İnsan haqları və mətbuat azadlığıyla bağlı tənqidlərə nə deyərdiniz» sualına cavabında F.İsgəndərov heç kəsin mükəmməl olmadığını deyib. Azərbaycan hökumətinin konstruktiv dialoqa hazır dayandığını, amma Avropadakı bəzi siyasətçilərin Azərbaycanı utandırması və günahlandırmasına göz yummaq niyyətində olmadıqlarını bildirib. Azərbaycanla qurum arasında parlamentlərarası münasibətlərin bir ildən çox dondurulduğunu xatırladan səfir buna Avropa Parlamentinin birtərəfli qətnaməsinin zəmin yaratdığını, parlamentin o zaman Azərbaycan tərəfini dinləməyə səy göstərmədiyini söyləyib.

Buna da bax-Leyla Yunus Avroparlamentdə hakimiyyəti yıxıb-sürüdü

Səfir Azərbaycanın problemlərinin AB-yə üzv ölkələrdəkindən çox olmadığını söyləyərək, ölkəsinin qurumla dialoqa tərəfdarlığını, bütün problemlərin həllini dialoqda gördüyünü qeyd edib. «Biz miqrasiya, terrorizmlə mübarizə, qeyri-qanuni miqrasiya, mütəşəkkil cinayətkarlıq məsələlərində əməkdaşlığa hazırıq və artıq birlikdə addımlar atmağa da başlamışıq. Biz bir-birimizi günahlandıra və əməkdaşlığı dayandıra bilərik, ancaq indiki durumun bunu tələb etdiyini düşünmürəm. Əgər çətinliklərimiz varsa, biz onları diplomatik yolla müzakirə edə bilərik və etmişik də… Fikrimcə, problemlərimizin həll yolunu tapmağın ən yaxşı vasitəsi budur», – səfir deyib.

«AB-NİN SƏSİ UCADAN GƏLSİN»

F.İsgəndərov müsahibəsində Ermənistanla Dağlıq Qarabağ problemindən də danışıb, «Şərq Tərəfdaşlığı»na üzv ölkələrdən birinin digərinin ərazisini zəbtinin tamamilə qəbuledilməz olduğunu deyib. Səfir Gürcüstan və Moldovada münaqişələrin həllinə birbaşa cəlb olunan AB-nin Qarabağ münaqişəsində belə fəal rol oynamamasından təəssüfləndiyini bildirib: «Fikrimcə, Avropa Birliyinin səsi bu məsələdə daha ucadan gəlməlidir».

Saytın neftin dəyərdən düşməsinin Azərbaycan iqtisadiyyatına təsiriylə bağlı sualını cavablandırarkən səfir iqtisadiyyatın diversifikasiyasının bundan sonra ölkəsinin ciddi prioritetlərindən biri olacağını, hökumətin planlarının tezliklə nəticə verəcəyini deyib. O, ölkə iqtisadiyyatının digər sahələrinin inkişafından ötrü də AB ilə əməkdaşlığa can atdıqlarını, Avropanın təcrübəsindən yararlanmaq niyyətində olduqlarını bildirib. Səfir birliklə həm bütövlükdə, həm də birliyə üzv ölkələrlə ayrılıqda əməkdaşlığın Bakıdan ötrü önəmini vurğulayıb.

XS
SM
MD
LG