Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:26

Rasim Musabəyov: ‘Dialoq, küsülü qalmaqdan faydalıdır’


Rasim Musabəyov

Rasim Musabəyov

“Azərbaycanın Avronestə qayıdışı hamı tərəfindən alqışlandı”. Bu həftə Avronest Parlament Assambleyasının Ukrayna paytaxtında keçirilən toplantısına qatılan Milli Məclis üzvü Rasim Musabəyov AzadlıqRadiosu-na belə deyir.

Avropa Parlamentinin Azərbaycanla bağlı tənqidi qətnaməsindən sonra Bakı Avronestdə fəaliyyətini dayandırmışdı. Amma bir il sonra bu əməkdaşlıq bərpa olunur.

Oktyabrın 31-də və noyabrın 1-də Kiyevdə Avronest Parlament Assambleyasının siyasi məsələlər, insan hüquqları və demokratiya, sosial, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti məsələləri komitələrinin toplantısı keçirilib. Azərbaycan parlamentinin iki deputatı - Rasim MusabəyovMəlahət İbrahimqızı həmin toplantıya qatılıblar.

Buna da bax:​ Avronest Azərbaycan üçün qapını 1 il açıq saxlayır

Rasim Musabəyovun AzadlıqRadiosu-na qısa müsahibəsində bunları deyib:

– Bütün komitələrdə əməkdaşlıq artıq bərpa olunur. Bizim nümayəndələr komitələrin iclaslarına qatılacaqlar. Məlahət İbrahimqızı sosial komitənin həmsədri seçildi. Yəni fəaliyyətimizi davam etdiririk. Amma orda fövqəladə nəsə baş verməyib ki, geniş şərh verim. Biz, sadəcə, işçi əlaqələrimizi bərpa etmişik.

– Rasim bəy, Avronest-ə qayıdış Azərbaycana nə vəd edir?

– Bu, bir dialoq meydanıdır. Bu baxımdan hesab edirəm ki, qayıdışımızla bağlı qərar düzgündür. Ancaq bu dialoqun, əməkdaşlığın nə dərəcədə səmərəli olacağını gələcək göstərəcək. Bununla belə, nəzərə alaq ki, Azərbaycanın iqtisadiyyatı, onun ixracatının, idxalatının 50 faizindən çoxu Avropa bazarına bağlıdır. Üstəlik, investisiyalar, yeni texnologiyalar, müasir səhiyyə, təhsil, elm də Avropaya bağlıdır. Buna görə də Azərbaycanın Avropayla əlaqələri, o cümlədən siyasi müstəvidə də Avronest, Avropa Parlamenti, Avropa Komissiyası ilə münasibətlər yüksək səviyyədə saxlanır. Energetika sahəsində əməkdaşlıq da həm Azərbaycan, həm də Avropa üçün əhəmiyyətlidir. Bu layihələr Avropa Bankından dəstək almalıdır, alacaq da. Siyasi dialoq, o cümlədən də, parlament strukturları səviyyəsində dialoqu aparmaq vacibdir, faydalıdır.

Buna da bax:​ Azərbaycanlı deputatlar etiraz edir

– Avropa Parlamenti və Avronestdən narazılığın geridə qaldığını demək olarmı, yoxsa qurum öz tənqidlərində yenə israrlıdır?

– İndiki mərhələdə bunu demək mümkün deyil. Ancaq heç nəyə zəmanət də vermək olmaz. Sabah tərəflər bir-birini anlamaya, gərginlik də yarana bilər və ya əksinə. Amma hər bir halda problemləri dialoq vasitəsilə aradan qaldırmaq daha vacibdir, bu, müasir dövrün tələbidir, nəinki küsülü qalıb, dialoq aparmamaq. Onlar da bizim qayıdışımızı alqışladılar, müsbət qarşıladılar. Bu yaxında həmin məsələylə bağlı Bakıya nümayəndə heyəti göndərmişdilər. Düşünürəm ki, əməkdaşlıq davam edəcək.

XS
SM
MD
LG