Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:59

Ölkə parlamenti sentyabrın 30-da “Avropa Parlamenti ilə Milli Məclis arasında əməkdaşlıq məsələləri haqqında” qərar layihəsini müzakirə edib.

APA-nın xəbərinə görə, layihəni parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təqdim edib.

Layihədə Avropa Parlamentinin 2015-ci il sentyabrın 10-da Azərbaycanla bağlı qəbul etdiyi qətnamədən bəhs edilir. Həmin sənədin ədalətsiz və qeyri-obyektiv olduğu, Avropa Parlamenti-Azərbaycan münasibətlərinin inkişafına ciddi zərbə vurduğu bildirilir.

“Bu qərəzli siyasi aksiyanın cavabında Milli Məclis 2015-ci il sentyabrın 14-də müvafiq qərar qəbul edib. Milli Məclis Avronest Parlament Assambleyasında üzvlüyə xitam verilməsi barədə prosedur qaydalarının icrasına başlanılmasını və bu dövrdə Milli Məclisin nümayəndə heyətinin qurumun tədbirlərinə qatılmaması qərara alınıb. Eyni zamanda həmin qərarla Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin mövcud formatda fəaliyyətində Milli Məclisin iştirakına son qoyulub”, sənəddə deyilir.

Buna da bax:​ Azərbaycan qapısını çırpdığı 'Avronest'ə geri dönür

Layihədə sentyabrın 19-dan 21-nə kimi Avropa Parlamentinin 15 nəfərdən ibarət nümayəndə heyətinin Azərbaycanda olduğu, əlaqələrin bərpa edilməsi məsələsinin müzakirə edildiyi qeyd olunur.

“Səfərin yekunlarına uyğun olaraq qarşılıqlı münasibətlərin qırılmasına gətirib çıxara biləcək hər hansı halların gələcəkdə baş verməməsi üçün zəruri tədbirlərin görüləcəyi əminliklə qeyd edilib. Milli Məclis bunları nəzərə alaraq, Avropa Parlamenti ilə əlaqələri yenidən bərpa etməkdən ötrü parlamentin 2015-ci ilin 14 sentyabr tarixli qərarın 10-cu və 11-ci maddələrini qüvvədən düşmüş sayır”, layihədə deyilir.

Parlament qərar layihəsini qəbul edib.

2015-ci ilin sentyabrında Avropa Parlamenti Azərbaycanla bağlı sərt tənqidi məzmunda qətnamə qəbul etmişdi. Həmin sənəddə əsas insan hüquq və azadlıqlarının pozulmasından, ictimai siyasi fəalların təqibindən, jurnalist ölümündən bəhs edilirdi.

Buna da bax:​ Azərbaycanı tərk etmiş siyasi fəallar birləşir

Qətnamədə Əliyevlər ailəsinin var-dövləti, həmin var-dövlətin mənbələrinin araşdırılmaması haqda deyilənlər Azərbaycan rəsmilərinin xüsusilə sərt reaksiya ilə qarşılanmışdı.

Həmin qətnamənin qəbul edilməsindən sonra Azərbaycan parlamenti “Avronest”dən çıxmaqla bağlı prosedurların başlanmasına qərar vermişdi. Milli Məclisin sözügedən qərar qəbul edilən iclasında Avropa Parlamentinin ünvanına rəsmi səviyyədə kəskin ittihamlar, xoşagəlməz ifadələr səslənmişdi.

Milli Məclisinin sədri Oqtay Əsədov o zaman Avropa dəyərlərini hədəf almışdı:

“Bu gün Avropanın Yaxın Şərqdən gələn qaçqınları qarşılama mənzərəsi əsl konslager mənzərəsini yaradır. Adam baxa bilmir. Mənim ürəyim ağrıyır. Qaçqınlarla qeyri-insani rəftar edirlər. Çörəyi hətta elə atırlar ki, üzr istəyirəm, sanki heyvana atırlar. Budur Avropa dəyərləri?”...

Günün bütün mövzuları

XS
SM
MD
LG