Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:40

"Müstəntiq mənə dedi ki, "siz bütün aidiyyəti orqanlara ərizələr yazırsız, amma bilin ki, mən o ərizələrə ayağımı silib atıram.

Gedin fikirləşin, əgər bacınız cinayəti etiraf eləsə, siz vəzifənizdə qalacaqsız". Mən elə oğul deyiləm ki, rütbəyə görə bacımın günahsız həbsdə yatmasına razılaşım".

Bunu yaxın vaxtlara qədər Azərbaycanın Türkiyədəki səfirliyinin hərbi attaşesi olmuş İlyas İbrahimov iyunun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində bacısının ittiham olunduğu iş üzrə ifadə verərkən deyib.

Onun bacısı Xalidə İsgəndərova Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini olmuş Füzuli İsgəndərovun həyat yoldaşıdır. O, həyat yoldaşını qətlə yetirməkdə suçlanaraq həbs olunub.

EVDƏ DƏ "WIFI"DAN İSTİFADƏ QADAĞAN OLUB

Xalidə İsgəndərova ittiham olunur ki, mübahisə zaminində həyat yoldaşını öldürəndən sonra Türkiyədə səfirlikdə işləyən qardaşı ilə "Skype" proqramı vasitəsilə əlaqə saxlayaraq, cinayətin üstünü ört-basdır eləmək üçün onunla məsləhətləşib. Lakin Xalidə İsgəndərova bu barədə deyilənlərin yalan olduğunu bildirir və həyat yoldaşının evə bitişik qarajda maskalı şəxs tərəfindən qətlə yetirildiyini bildirir.

Elə İlyas İbrahimov da ünvanına səslənən ittihamları rədd edir. O, məhkəmədə bildirib ki, hadisə baş verən gün gecədən etibarən gündüz bu hadisə barədə qardaşından xəbər tutana qədər ümumiyyətlə, mobil internetdən istifadə etməyib. Qaydaya görə, onlara evdə də "WiFi"dan istifadə qadağandır. Bu baxımdan, hadisədən sonra "Skype"la bacısı ilə əlaqə saxlayıb onu təlimatlandırdığı barədə deyilənlər yalandır. Onun sözlərinə görə, Azərbaycanın Türkiyədəki səfirinin sorğusu əsasında onunla bağlı "Türkcell"dən cavab da alınıb və bu da deyilənlərin yalan olduğunu sübut edir.

____________________________________________________________

Bunlara da bax:
REAL: 'Qanun'da axtarılan 'bomba' bu imiş
Sel Tovuzda 4 kəndlə əlaqəni kəsdi

____________________________________________________________

"Mən bu hadisə ilə əlaqədar bacımla nə telefonla, nə də "Skype"la danışmışam. Füzulinin yeddisi günü Bakıya gəldim, üç gün qaldım, sonra qayıtdım. Bu hadisə ilə əlaqədar nazirin əmri ilə iki dəfə Bakıya çağırılmışam, ifadə vermişəm. Bakı şəhər Prokurorluğunun təqdimatı əsasında vəzifədən çıxarılmışam, hazırda Müdafiə Nazirliyinin sərəncamında olan polkovnikəm", - İlyas İbrahimov bildirib.

“BIÇAĞI ÖZÜMƏ VURARDIM”

Xalidə İsgəndərova isə həyat yoldaşının sifarişlə xüsusi killer tərəfindən qətlə yetirildiyini deyir. O, Füzuli İsgəndərovun ölümünə görə baldızının əri Mahir Süleymanovdan şübhələndiyini bildirir. Şübhələrini də belə əsaslandırır ki, həyat yoldaşı çoxsaylı mənzilləri, obyektlərinin böyük əksəriyyətini bacısının və yeznəsinin adına keçirmişdi.

Yeri gəlmişkən, Füzuli İsgəndərovun qeyri-rəsmi yaşadığı qadın da məhkəmədə ifadəsində bildirib ki, o, əsəbi vaxtlarından birində bacısına xeyli pul verib indi də geri ala bilməməsindən şikayətlənmişdi.

Mahir Süleymanov da məhkəmədə dindirilib. O, ünvanına səslənən ittihamı rədd edib:

"Biz Füzuli ilə dost, qardaş olmuşuq, mən bıçağı özümə vurardım, ona vurmazdım".

O, Xalidə İsgəndərova ilə düşmən münasibətində olduğunu deyir:

"Biz əvvəl qonşu idik, bu qadın qaratikan kolu idi aramızda. Ona görə köçüb getdik. Hər yerdə mənim adımı hallandırırlar, sübutları varsa, qoysunlar ortaya".

ÖLƏNDƏ ONA BORCLARI OLMAYIB

Mahir Süleymanov qaynı ilə şərik işlədiklərini, bir sıra hallarda ondan borc pul aldıqlarını da təsdiqləyib. Bununla belə, əlavə edib ki, öləndə ona bir qəpik də borcları olmayıb.

Mahir Süleymanovun adına rəsmiləşmiş bir xeyli ev və obyektə gəlincə, o bildirib ki, həmin əmlaklar onun özünə məxsusdur.

Məhkəmə prosesi iyunun 20-də davam edəcək.

Xatırladaq ki, Füzuli İsgəndərov 2014-cü il sentyabrın 1-də evində qətlə yetirilib. Onun həyat yoldaşı Xalidə İsgəndərova səkkiz ay bu iş üzrə zərərçəkmiş qismində tanınıb. 2015-ci ilin aprelində isə mübahisə zəminində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilərək həbs olunub.

Füzuli İsgəndərov keçmiş maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.

Buna da bax: İspaniya Çexiyaya 1:0

Günün bütün mövzuları

XS
SM
MD
LG