Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:37

İngiltərədəki Nyukasl Universitetinin alimləri bu qənaətə gəliblər ki, ataları ilə birlikdə daha çox vaxt keçirən uşaqların İQ göstəricisi daha yüksəkdir

Britaniyada aparılan elmi araşdırmanın nəticələrinə görə, kiçik yaşlarından ataları ilə birlikdə daha çox vaxt keçirən uşaqların zəka göstəricisi və ya İQ kimi tanınan ağıl əmsalı bir qayda olaraq daha yüksəkdir.

Nyukasl Universitetinin tədqiqatları həm də ataların öz qızlarından daha çox oğullarına diqqətli olduqlarını göstərib.

Tədqiqatçılar deyirlər ki, iki valideynin bir evdə yaşaması hələ kifayət deyil, ən başlıca şərt ataların övldalarının inkişafına daha böyük töhfə verməsidir.

Bu tədqiqat zamanı 1958-ci ildə doğulmuş 11 min britaniyalı kişi və qadının həyatına nəzər salınıb.

Alimlər analardan ataların uşaqların oxumaq, gəzinti və başqa “faydalı vaxtlarında” nə dərəcədə iştirak etdiklərini soruşublar.

Tədqiqat müəllifləri bu fikirdədirlər ki, uşaq yaşlarından ata qayğısı görənlər gələcəkdə daha yaxşı karyera imkanlarına malik olurlar.

42 il davam edən fərq

“Evolution and Human Behaviour” elmi jurnalında dərc olunmuş araşdırma nəticələrində qeyd olunur ki, ataları ilə daha çox vaxt keçirən övladlar daha yüksək İQ nəticəsi göstərirlər və sosial hərəkilik baxımından, atası ilə az təmasda olanlardan daha fəaldırlar.

“Atalı” və “atasız” uşaqların göstəriciləri arasındakı fərq o qədər böyükdür ki, hətta otuz ildən sonra da özünü göstərməkdə davam edir

Alimlər inanırlar ki, bu fərq, haradasa 42 yaşınadək nəzərə çarpmaqda davam edir.

Tədqiqata rəhbərlik edən doktor Daniel Nettle-in sözlərinə görə, “atalı” və “atasız” uşaqların göstəriciləri arasındakı fərq o qədər böyükdür ki, hətta otuz ildən sonra da özünü göstərməkdə davam edir.

“Əldə olunmuş nəticələrdən görünən budur ki, uşağın böyümə prosesində yaşlı adamın iştirakı onun sonrakı illərdə faydalı olacaq bacarıq və vərdişlərə yiyələnməsinə imkan yaradır” – deyir Nettle.

“Ailələrə Atalar Lazımdır” (Families Need Fathers) xeyriyyəsinin direktoru Jon Davies isə ümid etdiyini bildirir ki, bu nəticələr hökumətin ayrılmış ailələrə münasibətinə yenidən baxmasına səbəb olacaq.

Onun fikrincə, hökumət ayrılmış ailələrdə uşaqlaırn hər iki valideynlə təmasına imkan verən sistem üzərində düşünməlidir.

XS
SM
MD
LG