Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:52

Azərbaycan Qazaxıstana at əti göndərir


At əti, illüstrasiya
At əti, illüstrasiya

Bu il Azərbaycandan Qazaxıstana 581 at göndərilib. Mütəxəssislər deyirlər ki, peşəkar yanaşılarsa, bu işdən yaxşı qazanc da götürmək olar.

Kənd Təsərrüfatı Nazirliyi (KTN) heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev AzadlıqRadiosu-na bu işin təşəbbüskarı olduqlarını söyləyib.

Hökumət xaricə at satışına icazə verib

«Uzun illər Azərbaycandan at çıxarılması qadağan idi. Nazirlik bununla bağlı vətəndaşların müraciətini Nazirlər Kabineti qarşısında qaldırdı. Nəticədə qərara alındı ki, cins atları çıxmaqla, digər atların xaricə satışına icazə verilsin».

Buna da bax:​ Xaricdən damazlıq mal-qara gətirilməyəcək

Bu fürsətdən vaxt itirmədən yararlanan iş adamları qısa vaxt ərzində rayonları gəzərək, damazlığa yaramayan yük atlarını toplayıblar. Müştəri tapmaq çətin olmayıb. Qazaxıstanda arıq olmayan atları ətlik məqsədilə alırlar.

Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, Qazaxıstanda hər ata 141 dollar veriblər.

«At əti satılır»

Azərbaycanın özündə at əti satmaq yasaqlanmasa da, indiyədək Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX-yə) rəsmən heç bir müraciət daxil olmayıb. Xidmətin mətbuat katibi Yolçu Xanvəli AzadlıqRadiosu-na deyib ki, satış üçün kəsilən at baytarlıq nəzarətindən keçməli və istehlakçıya öz adı ilə təqdim edilməlidir:

«At əti insan qidasına yararlı, həm də faydalıdır. Kimin ürəyi istəyirsə, sata da, yeyə də bilər. Yox, at ətini mal və ya camış əti adıyla satmaq istəyirlərsə, o zaman hüquqi qaydalar işə düşür. Təkcə bu il DBNX 4 tona yaxın belə əti müəyyənləşdirərək, satışdan çıxarıb».

Buna da bax:​ 'Ətin kilosu 12-13 manat olacaq'

At ilxısı saxlayıb xaricə satmaq olar

KTN-də bildiriblər ki, gələcəkdə atçılığı da digər heyvandarlıq sahələri kimi inkişaf etdirmək qurumun gündəliyindədir. Özəl atçılıq təsərrüfatları yaradıla, at diri və ya kəsilmiş, yaxud əti emal edilərək ixrac oluna bilər.

Mütəxəssislərin fikrincə, atçılıq təsərrüfatını saxlayıb inkişaf etdirmək maldarlığa nisbətən daha az xərc tələb edir. Atın saxlama şəraitinə və yemə tələbatı mal-qaradan azdır. Üstəlik, onu başqa heyvanlarla yanaşı, bəsləmək mümkündür.

Buna da bax:​ Kanadadan Azərbaycanda heyvandarlığın inkişafına dəstək

Atların sayı azalır

DSK-nın məlumatına görə, son 10 ildə ölkədə atların sayı 3 min 500 baş artıb. Bu ilin əvvəlinə Azərbaycanda 73 min 700 at olub. Halbuki 2011-ci ilin sonunda ölkədə Azərbaycanda 77 min 200 at saxlanırdı. KTN nəzdində iki dövlət cins atçılıq təsərrüfatının olması da onların sayca çoxalmasını təmin etməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG