Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:42

Anar Məmmədlini niyə həbs etdilər? [Video]


-


Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli dekabrın 16-da həbs olunub. İctimai fəala qarşı 3 ittiham maddəsi ilə cinayət işi açılıb.

«İşdən Sonra» verilişində jurnalist Şahvələd Çobanoğlu və hüquq müdafiəçisi İntiqam Əliyev Anar Məmmədlinin həbsinə münasibət bildiriblər.

«HAKİMİYYƏT ÜÇÜN İNSAN HAQLARI İLƏ MƏŞĞUL OLANLAR CİNAYƏTKARDIRLAR»

İntiqam Əliyevin fikrincə, həbsin hüquqi əsası yoxdur və siyasi xarakter daşıyır:

«Anar Məmmədlinin həbsinin siyasi motivli olması heç kimdə şübhə yaratmır. Ona qarşı irəli sürülən ittihamlar qondarmadır. Azərbaycan hakimiyyətini narahat edən, Anar Məmmədliyə qarşı belə mövqe tutmağa sövq edən onun fəaliyyətidir. SMDT 12 il ərzində seçki müşahidəsi aparıb, seçkilərin nəticələriylə bağlı obyektiv rəylər, hesabatlar hazırlayıb. QHT hansı sahibkarlıqla məşğul ola bilər?..».

İntiqam Əliyev Anar Məmmədliyə qarşı qanunsuz sahibkarlıq ittihamının irəli sürülməsini belə şərh edir:

«Azərbaycan hakimiyyəti üçün insan haqları ilə məşğul olan insanlar cinayətkardırlar. Hakimiyyət QHT-ləri qeydiyyata almır. Həmin QHT-lər məcbur olurlar ki, fərdi qaydada vergi orqanlarında uçota durub fəaliyyət göstərsinlər. Sonra isə bundan təşkilatlara qarşı vasitə kimi istifadə edirlər. Anar Məmmədli sahibkarlıqla məşğul olmayıb, vəzifə səlahiyyətlərini aşmayıb…».

«ANAR MƏMMƏDLİ HƏQİQƏTİN, VİCDANININ SAHİBİDİR»

Şahvələd Çobanoğlu hakimiyyətin bu həbslə 9 oktyabr seçkisini saxtalaşdırdığını etiraf etdiyini deyir:

«Anar Məmmədli seçki eksperti kimi Azərbaycandan da kənarda tanınır. Onun yalnız seçki monitorinqi ilə məşğul olduğunu Azərbaycan hakimiyyəti dəfələrlə öz bəyanatlarında etiraf edib. Anar Məmmədli öz dəyərlərindən, obyektivliyindən heç vaxt kənara durmayıb. Onun rəhbərlik etdiyi təşkilat seçki monitorinqini elmi şəkildə, riyazi üsullara, müasir texnologiyalara əsaslanaraq həyata keçirirdi. Məhz seçkidən sonra bu təşkilatda yoxlamalar aparılması, sədrinin həbsi göstərir ki, hakimiyyət seçkini olduğu kimi dəyərləndirdiyi üçün Anar Məmmədlidən qisas alır. Hakimiyyət bu həbslə seçkini saxtalaşdırdığını etiraf etdi. Anar Məmmədli həqiqətin, vicdanının sahibidir. Onun başqa sahibkarlığı yoxdur...».
XS
SM
MD
LG