Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:10

Bakıda Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçiriləcək.

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov məlumat verib.

S.Bağırov bildirib ki, paytaxtda Aşura mərasimlərinin keçiriləcəyi yerlərdə ictimai qaydanın qorunması ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndiriləcək: «Hər il olduğu kimi, bu il də Aşura günü ilə əlaqədar ictimai asayişin qorunması məqsədilə oktyabrın 12-si paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq. İctimai asayiş lazımı şəkildə təmin ediləcək».

Rəis müavini həmçinin qeyd edib ki, Bakının bütün məscidlərində və ziyarətgahlarında təhlükəsizlik məqsədilə ərazilərə əlavə polis naryadları təyin olunacaq. Dini ayinlərin keçiriləcəyi yerlərə müdaxilə edilməyəcək. Lakin müəyyən edilmiş yerlərdən kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək.

Bundan əvvəl isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da bildirmişdi ki, Aşura günü küçə və meydanlarda yürüşə icazə verilməyəcək. O, evlərdə də dini tədbirlərin keçirilməsini yolverilməz saymışdı. Komitə belə tədbirlərin yalnız məsciddə qanuna uyğun keçirilməsini istəyir.

Son illər Bakının Nardaran qəsəbəsində Aşura günü izdihamlı mitinqlər keçirilir. Bəzi ekspertlərin fikrincə, hökumət belə halların qarşısını almaq istəyir.

Oktyabrın 3-də İslamda müqəddəs sayılan Məhərrəm ayı başlayıb. Oktyabrın 12-si isə Aşura günüdür. Məhərrəm ayının 10-cu günü Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn, onun ailə üzvləri və tərəfdarları Kərbəla çölündə qətlə yetirildiyindən, əsrlərdir həmin gün islam aləmində faciə kimi qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG