Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:20

Astara: İşsizlər çöl quşlarını ovlayıb satırlar...


Astara, İnsanlar işsizlikdən bu çöl quşlarını ovlayıb satır. 10nov2016

Astara, İnsanlar işsizlikdən bu çöl quşlarını ovlayıb satır. 10nov2016

Dağ döşündəki qızılı-sarı, yaşılımtıl dona bürünmüş ağaclar ilin bu fəslində bu yerlərə bir başqa gözəllik verir. Bir yanı meşə, bir yanı da dəniz olan təbiət, az qala, hər gün və aramsız yağan yağışlar, yağışda çimən yarpaq və naringilər, limon ağacları, yolqırağı gölməçələrdə üzən çöl quşları cənub bölgəsini gözəllər gözəlinə çevirir, amma...

Amma elə ki insan yada düşür, təbiətin bu gözəllikləri fonunda evini qızdırmaqdan ötrü meşə qırıb bu gözəlliyə qıyanlar göz önünə gəlir, çaşıb qalırsan... “Heç olmasa, yenə cibimizə xeyirdir” deyib ayda bir dəfə ümidlə Azərbaycanla İran sərhəddinin yolunu tutan, göl və gölməçələrdəki çöl quşlarını ovlayıb yol kənarında satan insanlar və onların taleyi adamı sanki sual selinə salır...

Buna da bax:​ Hər bir həyətindən narıngi, limon ətri gələn rayon

Astara, Yol qırağında göy satan qadın. 10noy2016

Astara, Yol qırağında göy satan qadın. 10noy2016

İşsizlik, çətin dolanışıq Astarada da əhalinin əsas qayğısıdır. Güzəran var-gəli, işığın, qazın fasilələrlə verilməsi, ya da heç verilməməsi, deyəsən, buranın insanlarını biganələşdirib...

Fərrux Mehdiyev danışır ki, onun ali təhsilli iki oğlu əvvəlcə Bakıda tikintidə fəhlə işləyiblər. Tikintidə iş dayanandan bəri günü 5-6 manata günəmuzd iş axtarırlar:

“Ali savadlı, diplomlu uşaqlardır. Ancaq qul bazarında dayanırlar”

Ata deyir ki, indi övladlarına ali savad vermək üçün vaxtilə çəkdiyi əziyyətlərə heyfi gəlir.

Həkim, dava-dərman və 30 qəpiklik kartof üçün İrana...

Rayon sakini Gülarə Əmirova danışır ki, Astarada elə əvvəl də dolanışıq çətin olub. Əvvəllər də camaat bir-iki manat irəli düşsün deyə, İrana ərzaq üçün gedib. Qiymətlər bahalaşandan sonrasa gedənlərin sayı lap çoxalıb:

İran-Azərbaycan sərhədi. 10noy2016

İran-Azərbaycan sərhədi. 10noy2016

“Alış-verişə gedirik. Kişmiş, xurma, - hər nə var, - alıb gətiririk. Bura baxanda, 1-2 manat ucuz başa gəlir. Gedib gəlmək də çox əziyyətlidir. Biləsuvardan, Cəlilabaddan, başqa yerlərdən İrana gedənlər burdan keçir. Çünki Biləsuvardan mal aparmağa icazə vermirlər. Ona görə camaat da çox olur. Kişmiş burda 5-6 manatdırsa, orda 4 manata, 3 manatadır. Kartof orda 30 qəpikdir, burda 60 qəpik”.

Buna da bax:​ 1 ildir çadırda yaşayan ailə

Astaradakı sərhəd keçid məntəqəsində hər gün qələbəlikdir. Azərbaycana keçən adamların üzündə narazılıq var. Hərə bir problemindən danışır. Bakıdan İrana Astara keçid məntəqəsindən gedib-gələn Xanım Əliyeva deyir ki, İrana müalicə üçün yollanır:

“Dedilər, orda müalicə həkimləri yaxşıdır, ona görə getdik. Orda burdan həkimə gedənlər çoxdur. Çünki onlarda ucuzdur. Həkim ucuz olduğundan hamı ora gedir. Dərman da ucuz olduğuna görə, hamı oradan alır. Burda həkimlərin pulunu verə bilmirik, ona görə oraya gedirik”.

Növbə qaydaları?

Cəlilabad sakini Vaqif də İrana ucuz ərzağa görə gedənlərdəndir. Vaqif də, növbədə gözləyənlər də narazılıqlarını gizlətmirlər:

– Bir-iki lazımlı ərzaq almışam... Hər iki tərəfdə növbə, gözləmək çoxdur. Hamı bir-birini sıxır, basır, yıxılan kim, əzilən kim.

– Basabasdır, bizim gömrük bizi incidir. Camaatı yubandırırlar, onda da basabas olur. Qaydayla buraxsalar, basabas da olmaz, hamı da rahat gedər.

Buna da bax:​ Astara və Biləsuvar gömrüyündə gördüklərimiz

Sərhəd keçid-məntəqəsinin özünü tanıtmayan əməkdaşı adamların incidilməsi ilə bağlı deyilənləri əsassız adlandırır və əhalinin növbə qaydalarına əməl etmədiyini vurğulayır.

Keçid məntəqəsindən çıxanların çoxu elə birbaşa mərkəzi bazara gəlir. Tələbatlarından artıq gətirdikləri bir-iki kiloqram ərzağı elə buradaca satırlar. Onlardan biri - Əbülfəz Məmmədov deyir ki, buradakı qazancı, olsa-olsa, çörəkpuluna çatır:

“Yaşayışımız nədir ki? Azərbaycan vətəndaşı da nazir kimi, deputat kimi toya-yasa gedir, xəstələnə bilir, bizim də uşaqlarımız var. Öz maaşlarını qaldırırlar, bizim də gəlirimiz, heç olmasa, 400 manata çatsa, kasıb təbəqə də özünü insan kimi hiss edə bilər”.

Astarada yolboyu çöl quşu, tərəvəz, balıq satanlar da çoxdur. Ancaq onlar da gileyli görünürlər:

“Balıq tutmağa da maneə yaradırlar. Demirəm prezident qoymur. Burda vəzifəlilər var, vəzifələrindən istifadə edir, mane olurlar”.

Buna da bax:​ Astara gömrüyündə «15 gün» qadağası

Astara. 10noy2016

Astara. 10noy2016

Emal sənayesi işə salınmalıdır

İqtisadçı ekspert Qadir İbrahimli deyir ki, cənub bölgəsini Azərbaycanın digər bölgələrindən fərqləndirən başlıca özəllik burda əhalinin çox sıx, torpaqlarınsa az olmasıdır:

“Ancaq cənub bölgəsinin emal sahəsi potensialı yüksəkdir. Təəssüf ki, bu potensial reallaşmır. Kiçik fermerlər təsərrüfatlarında becərdikləri meyvə- tərəvəzi ancaq bazara çıxara bilir, gəlirləri də çox olmur. Bu bölgənin emal sənayesinin inkişafına yatırımlar qoyulsaydı, çox yaxşı olardı. Kəndlilərin yetişdirdiklərinin emalı, konservləşdirilməsi, son məhsul halında bazara çıxarılması gəlir gətirərdi. Bundan ötrü, sadəcə, investisiya və biznes mühitini normallaşdırmaq, bazara yeni oyunçular cəlb etmək lazımdır ki, emal sənayesi inkişaf etsin. Emal sənayesi inkişaf etsə, əmək tutumlu istehsal müəssisələri yaradılacaq. O ki qaldı İrandan gedib nəsə alıb gətirməyə, bu heç biznes növü də deyil. Sadəcə, sərhəd bölgələrində yaşayanların bir qismi zəruri ərzaq ehtiyaclarını bununla təmin edir. Ən yaxşı yol bölgədə emal sənayesini işə salıb rəqabət mühiti yaratmaqdır”.

Buna da bax:​ Bu qədər iş elanı olan şəhərdə niyə iş tapılmır?

948 işaxtaran qeydə alınıb

Astara rayon Məşğulluq Mərkəzindən bildirdilər ki, rayon üzrə 948 nəfər işaxtaran qeydə alınıb. Onlardan 590 nəfəri müxtəlif idarə və müəssisələrdə işlə təmin olunub. 21 nəfərə işsizlik statusu verilib.

Rayon İcra Hakimiyyətindənsə dedilər ki, bağçılıq, bostançılıqla məşğul olanların məhsullarının satışına kömək üçün kəndlilərin Bakı və Sumqayıtdakı yarmarkalarda iştirakına vaxtaşırı şərait yaradırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG