Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 04:02

Yoldan şikayətlənən Astara sakini: 'Ölkə haqqında nə fikirləşərlər?'


Bu yol beynəlxalq Astara gömrükxanasına gedir
Bu yol beynəlxalq Astara gömrükxanasına gedir

Azərbaycandan qonşu İrana gedən və qayıdan nəqliyyat vasitələri, əsasən, Astara beynəlxalq sərhəd-keçid məntəqəsindən istifadə edirlər. Astara şəhər sərhəd-keçid məntəqəsinə gedən yol isə Həzi Aslanov küçəsindən keçir...

Yerli sakinlərin demələrinə görə, bu yolda gecə-gündüz hərəkət var. Onlar vurğulayırlar ki, hər il bu yola asfalt döşəsələr də, dağılır. Astara şəhər sakini Nurəddin Feyziyevin deməsinə görə, beynəlxalq yolda çalalar əmələ gəlib: "Bu küçə şəhərin əsas küçələrindəndir. Görün, nə günə qalıb. 200-250 metr məsafədə yol tamamilə dağılıb. Biabırçılıqdır. Xarici ölkələrin nəqliyyat vasitələri buradan keçir. Yol tələblərə uyğun salınsa, belə dağılmaz. Bu necə olur ki, külli miqdarda hər il vəsait xərcləyirlər, yol salırlar, növbəti ilə çıxmır".

"İrandan çıxan kimi çətinliyə düşürük"

İrana məxsus yük maşının sürücüsü də deyir ki, yolu keçəndə əziyyət çəkirlər: "Bu yolun dağılması barədə sürücülər xəbərdarlıq edirlər. İrandan çıxan kimi çətinliyə düşürük...".

Yerli sakinlərdən də birinin sözlərinə görə, taksi sürücüləri bu yoldan istifadə etmək istəmirlər: "Taksi sürücüləri bilirlər ki, yol dağılıb, yaxın durmurlar. Bazar və mağazalar bu yoldan uzaqda yerləşir. Piyada gedirik. Buraya ictimai nəqliyyat gəlmir. Evimiz yolun üstündədir. Evdə maşınların səsindən qala bilmirik. Maşınlar güclə hərəkət edir. Elə bil, yoldan traktor keçir. Yoldan Rusiyanın, İranın, Türkiyənin maşınları keçir. Onlar bizim ölkə haqqında nə fikirləşərlər? Böyük çalalar əmələ gəlib. Heç olmasa, çınqıl töksünlər".

Onun deməsinə görə, yolun belə vəziyyətə düşməsi barədə yerli orqanlara müraciət ediblər: "Deyirlər ki, təmir olunacaq. Hələ ki, nəticə yoxdur".

Yol keçən il təmir olunub
Yol keçən il təmir olunub

"Bu əraziləri yaddan çıxardıblar"

Astara şəhərinə bitişik olan Seləkəran kənd sakini Mikayıl Əhmədov da deyir ki, şəhər mərkəzindən kənar küçələr pis gündədir: "Astara şəhərin 20 minə yaxın əhalisi var. Şəhərin iki küçəsinə diqqət verirlər, qalan küçələr bərbaddır".

Daha sonra da əlavə edir: "Baxın, bu yol şəhərə aiddir. Sanki bura meşə yoludur. Halbuki bu küçənin bir tərəfində yaşayış evləri var. Payızda və qışda bu yolda traktordan başqa heç bir nəqliyyat vasitəsi keçə bilmir. Bu küçənin digər tərəfində su kanalı var, zibillə doludur. Bu əraziləri yaddan çıxardıblar".

İH: "26 kilometr yol əsaslı təmir olunacaq"

Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahverən Cavad H.Aslanov küçəsində olan vəziyyətdən xəbərdar olduğunu deyir. Onun bildirməsinə görə, bununla bağlı onlara şikayət də daxil olub: "Mən bu məsələni çatdırdım başçıya. Tədbir görüləcək, nəzərdə tutulub. Yola ildə iki dəfə əl gəzdirirlər. Oradan iritonnajlı maşınlar keçir, həm də yağış yağanda yolda su qalır, dözmür. Yolun əsaslı təmiri plandadır. Bundan ötrü prezident vəsait də ayırıb. O ərazidə 26 kilometr yol əsaslı təmir olunacaq".

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG