Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:11

Assad 3-cü Dünya müharibəsindən danışdı


Assad "Komsomolskaya Pravda" qəzetinə müsahibə verir. 13Okt2016
Assad "Komsomolskaya Pravda" qəzetinə müsahibə verir. 13Okt2016

Suriya prezidenti Bashar al-Assad Suriya ucbatından qlobal münaqişənin yaranması təhlükəsi barədə xəbərdarlıq edib.

Rusiyanın "Komsomolskaya pravda" qəzetinə müsahibə verən al-Assad Suriyadakı durum və münaqişənin həlli yolları haqda fikirlərini bölüşüb.

O deyib ki, hazırda dünyadakı vəziyyət yeni soyuq müharibəni xatırladır.

“HAVADAN MÜHARİBƏ İYİ GƏLİR”

"Düşünürəm ki, Qərb, özəlliklə də ABŞ heç SSRİ-nin dağılmasından sonra da soyuq müharibəni dayandırmayıb", deyə Suriya prezidenti qeyd edib.

Buna da bax:​ Türkiyə Suriyada çətin seçim qarşısında qalıb

Assad qarşıdurma prosesində çoxlu "siyasi səhnələrin" olduğunu deyib. Onun fikrincə, Suriya bu səhnələrin ən vaciblərindən biridir.

"Əsas məqsəd Amerikanın dünya üzərində hegemonluğunu qoruyub saxlamaq, siyasi və beynəlxalq arenada heç kimin, Rusiyanın, hətta Qərbdəki müttəfiqlərin də tərəfdaşlığına imkan verməməkdir. Ona görə də havadan müharibə iyi gəlir. Ancaq bu, hələ birbaşa hərbi toqquşma deyil", al-Assad vurğulayıb.

Assad-ın sözlərinə görə, Suriyanın ən böyük problemi terrorçuları "hər gün və hər saat" dəstəkləyən kənar dövlətlərin müdaxiləsidir.

O bildirib ki, Dəməşqin daimi müttəfiqləri Rusiya, İran və Livanın "Hezbollah" qruplaşmasıdır.

Buna da bax:​ Bashar Assad: 'Hamısı sabun köpüyüdür'

“SÖHBƏT OYUNÇULARIN SAYINDAN GETMİR”

"Onların burada olması leqaldır. Onlar terrorçulara qarşı vuruşurlar. Ancaq məhz terrorçuları dəstəkləmək məqsədilə müdaxilə edən başqa dövlətlər də var. Söhbət oyunçuların sayından getmir, əsas məsələ terrorizmdir", deyə Assad izah edib.

O, həmçinin bildirib ki, münaqişənin həllindən ötrü real təsirə malik qüvvələrlə dialoq aparmaq lazımdır.

Suriya prezidenti əmindir ki, "ideoloji silahlılara" yalnız onları məhv etməklə qalib gəlmək olar.

"Başqa üsul yoxdur. Onlara dialoq lazım deyil. Dialoqa vaxt da yoxdur. Biz öz vətəndaşlarımızı qorumalıyıq", deyə Assad bildirib.

Buna da bax:​ ABŞ Assad qüvvələrinə zərbə endirmək imkanlarını araşdırır

HƏLƏB NİYƏ VACİBDİR?

Assad hazırda qanlı döyüşlərin getdiyi Hələbdəki duruma da toxunub. Onun sözlərinə görə, bu şəhərin azad edilməsi növbəti addımlar üçün tramplin rolunu oynayacaq.

"Birincisi Hələbin azad olunması strateji və milli səviyyədə siyasi qələbədir. Hərbi və siyasi baxımdan, biz "an-Nusra"nı təcrid edə bilməyəcəyik. Ancaq bu, digər şəhərlər istiqamətində irəliləməyə və onları azad etməyə tramplin olacaq. Hələb ona görə əhəmiyyətlidir", o deyib.

O, həmçinin hazırda "Cəbhət un-Nusra" qruplaşmasının nəzarətində olan İdlib şəhərinin də əhəmiyyətini vurğulayıb.

"İdlib düz Türkiyə sərhədində yerləşir. Ona görə də onu ...müdafiə etməli olacağıq. Biz bu regionun təmizlənməsini davam etdirməli, terrorçuları Türkiyəyə göndərməli olacağıq. Qoy onlar hardan gəliblərsə, ora da qayıtsınlar", deyə Suriya prezidenti bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG